Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Biznesin müflisləşməsi" işçi qrupu çərçivəsində aidiyyəti dövlət qurumlarının məqsədyönlü və koordinasiyalı fəaliyyəti ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması və beynəlxalq reytinqlərin yüksəlməsinə xidmət edir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Biznesin müflisləşməsi" işçi qrupunun növbəti iclası Ədliyyə Nazirliyinin inzibati binasında keçirilib. İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, işçi qrupunun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı, Ədliyyə Nazirliyinin strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Toğrul Hüseynov və nazirliyin digər məsul vəzifəli şəxsləri, eləcə də İqtisadiyyat Nazirliyi, həmin nazirlik yanında Dövlət Vergi Xidmətinin rəsmiləri iştirak ediblər.
İclasda "Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Biznesin müflisləşməsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş fəaliyyətlərin icra vəziyyəti müzakirə olunub və görülmüş işlər üzrə dinləmələr aparılıb.
Qeyd edək ki, biznesin müflisləşməsi prosesinin müasir dövrün tələblərinə uyğun yeni mexanizmlər əsasında tənzimlənməsini təmin etmək məqsədilə ötən müddət ərzində İşçi qrupu tərəfindən beynəlxalq ekspertlər cəlb olunmaqla "Sağlamlaşdırma və müflisləşmə haqqında" yeni qanun layihəsinin ilkin variantı hazırlanıb.
İşçi qrupu tərəfindən İqtisadiyyat Nazirliyinin fəal iştirakı ilə BMT-nin Beynəlxalq Ticarət Qanunvericiliyi Komissiyasının tövsiyələri nəzərə alınmaqla mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün sadələşdirilmiş iflas və sağlamlaşdırma prosedurlarının müəyyən edilməsi istiqamətində işlər görülür.
Yol Xəritəsində nəzərdə tutulan insan kapitalının gücləndirilməsi fəaliyyəti üzrə Ədliyyə Akademiyası tərəfindən davamlı olaraq işlər görülür, kommersiya mübahisələrinə baxan hakimlər, hakimliyə namizədlər, bu növ işlərdə iştirak edən vəkillər və əmlak inzibatçıları üçün müflisləşmə və sağlamlaşdırma ilə bağlı təlimlərin təşkil olunması istiqamətində tədbirlər həyata keçirilir, zəruri tədris proqramları hazırlanır.
Hazırda müflisləşmə sisteminin təkmilləşdirilməsi üzrə işlər və bu sahədə olan beynəlxalq tələblər barədə kommunikasiya və maarifləndirmə tədbirləri davam etdirilir.
Bayram SALMANOV,
"Respublika".