BMT-Azərbaycan münasibətləri müzakirə olunub
Siyasət

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Mayın 17-də Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak etmək məqsədilə Cenevrədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Respublika"ya bildirilib ki, BMT-nin Cenevrədəki Ofisindəki "Azərbaycan otağı"nda keçirilən görüşdə təşkilatla ölkəmiz arasında münasibətlərə dair müzakirələr aparılıb. Qeyd edilib ki, Azərbaycan BMT və onun institutları ilə yaxından əməkdaşlıq edir. Görüşdə müasir qlobal çağırışların həllində parlament ölçüsünün əhəmiyyəti diqqətə çatdırılıb.

"Azərbaycan otağı"nın Heydər Əliyev Fondu tərəfindən bərpa olunduğu vurğulanaraq, Fondun çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirilib, o cümlədən Heydər Əliyev Fondunun BMT-nin layihələrində fəal iştirakı təqdir edilib.

Söhbət zamanı Milli Məclisin sədri bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 haqqında da məlumat verib. O, ölkəmizin belə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsinin Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə göstərdiyi səylərin tanınmasının nəticəsi olduğunu diqqətə çatdırıb. Sahibə Qafarova bu sessiya çərçivəsində Parlamentlərarası İttifaqla Milli Məclisin birgə təşkilatçılığı ilə keçiriləcək parlament konfransı haqqında da məlumat verib.

O, həmçinin qarşı tərəfə Azərbaycan parlamenti və onun beynəlxalq fəaliyyəti haqqında da danışıb.

BMT-nin Cenevrədəki ofisinin Baş direktoru Azərbaycanın BMT üçün bir sıra istiqamətlərdə əməkdaşlıq baxımından mühüm tərəfdaş olduğunu diqqətə çatdırıb. Bakıya səfərini və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşünü məmnunluqla xatırlayan Tatyana Valovaya, bu təşkilatla Azərbaycan arasında münasibətlərə dair faydalı müzakirələr apardığını bildirib.

Baş direktor Azərbaycanın COP29-a ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək, ölkəmizin yaşıl enerji sahəsində atdığı uğurlu addımların əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Milli Məclis sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə təşkilatın Cenevrə Bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında ucaldılan "Düşüncələr və arzular" adlı abidəyə baş çəkib.