Böyük Qayıdış: ilin ilk 5 müjdəsi
Siyasət

Böyük Qayıdış: ilin ilk 5 müjdəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsi zamanı bu il daha 5 şəhərə - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə keçmiş məcburi köçkünlərin qaytarılacağını bildirib. 2022-ci ilin 19 iyul tarixindən Zəngilanın Ağalı kəndinə başlayan köç prosesi bu gün davam edir. Ölkə başçısının bu il üçün verdiyi qayıdış müjdəsi 30 ildən artıq torpaq həsrəti çəkən qarabağlıların böyük sevincinə səbəb olub.

Vətənin hər qarış torpağı müqəddəsdir. Vətən dedikdə, bütöv Azərbaycan nəzərdə tutulur. Gözəl təbiəti, dünyada mövcud olan 11 iqlim qurşağından 9-nun mövcudluğu onun hər qarışını zəngin edir. Keçmiş məcburi köçkünlər üçün də vətənin hər qarışı doğmadır. Amma insan öz doğulduğu yerdə daha xoşbəxtdir. Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan keçmiş məcburi köçkünlər 30 il torpaq həsrəti ilə köks ötürürdülər. Erməni vandallığına məruz qalmış, öz yaxınlarını itirmiş soydaşlarımız acınacaqlı vəziyyətdə öz dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalmışdılar.

Ulu öndər Heydər Əliyev Prezidentliyi dövründə məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşırdı. Beynəlxalq aləmdə Ermənistanın təcavüzkar dövlət kimi tanıdılması, qaçqınların sosial problemlərinin həlli və s. istiqamətlərdə davamlı siyasət həyata keçirən ümummilli lider Heydər Əliyev dəfələrlə çadır şəhərciklərinə getmiş, qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdu. "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli Sərəncamı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün o dövrdə atılan ən mühüm addımlardan biri idi.

Heydər Əliyevin məcburi köçkünlərə göstərdiyi xüsusi qayğı onun varisi Prezident İlham Əliyev tərəfindən davam etdirildi. 17 il ərzində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin və fəaliyyətinin yaxşılaşdırılması üçün imzaladığı sərəncamlar, Bakıda, Tərtərdə, Ağdamda, Gəncədə, Mingəçevirdə və digər bölgələrimizdə yeni salınan şəhərciklər və hər açılışda dövlət başçısının qayıdışla bağlı verdiyi vədlər bütün qarabağlıların sabaha ümidini artırdı. Onlar üçün yaradılan şərait əlbəttə, yaşamaq üçün kifayət edir, lakin vətən, torpaq həsrətini söndürə bilmirdi. Məcburi köçkünlər 17 ilin hər gününü Ali Baş Komamdandan xoş xəbər gözləmək ümidi ilə yaşadılar. Məhz, həmin 17 ilin tamamında Prezident İlham Əliyev xoş müjdəni verdi. Qarabağ azad edildi. 30 il ərzində xarabazara çevrilmiş torpaqlar sahiblərinə qaytarıldı. Ölkə başçısı qarabağlıların "məcburi köçkün" statusunu əbədi olaraq ləğv etdi. İkinci Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyevin öz xalqı, vətəndaşı ilə yaxınlığı daha aydın hiss olundu. Bəli, təkcə keçmiş məcburi köçkünlər deyil, bütün azərbaycanlıların yanında idi cənab Prezident. Xalq da öz liderinin ətrafında sıx birləşdiyini 44 gün ərzində nümayiş etdirdi. Ölkə başçısının hər çıxışı zamanı körpəsindən qocasına bütün azərbaycanlılar Prezidentin növbəti müjdəli xəbərini gözləyərdi. Müharibənin ağrılı, lakin şərəfli günlərində xalq öz rəhbərinin siyasətini dəstəklədi.

Qazanılan zəfərdən sonra bütün keçmiş məcburi köçkünlərin ürəyində bir arzu var idi - "30 ildən sonra yurda qayıdış". Çünki Prezident İlham Əliyev dəfələrlə söz vermişdi ki, biz doğma torpaqlara qayıdacağıq. Belə də oldu. Verilən sözü əmələ çevirən Ali Baş Komandanın "dəmir yumruğu" ilə düşmən ərazilərimizdən qovuldu. Böyük Qayıdış missiyası üçün tarixi zəmin yarandı.

İkinci Qarabağ müharibəsindən dərhal sonra başladılan bərpa-quruculuq işləri, reallaşdırılan infrastruktur layihələri keçmiş məcburi köçkünləri daha da sevindirdi. Qısa müddət ərzində görülən işlər qayıdış prosesini sürətləndirdi və 2022-ci ildə isə reallığa çevrildi. Zəngilanın "ağıllı" Ağalı kəndi ilk köç sevincini yaşadı. Ardınca Tərtərin Talış və Laçının Zabux kəndlərinə, Laçın və Füzuliyə köçlər baş tutdu. İşğaldan azad olunan ərazilərdə müasir standartlara cavab verən məktəblər, teatrlar, uşaq bağçaları, mağazalar, restoranlar və digər iaşə obyektləri yeni köçən sakinlərin həm rahat yaşayışını, həm də işlə təmin olunması prosesini asanlaşdırdı. İlkin statistikaya görə, Qarabağa köç edənlərin 70 faizi işlə təmin edilib.

2023-cü ilin 19-20 sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ separatçılardan təmizləndi. Oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyevin 36 ildən sonra Xankəndidə Azərbaycan bayrağını qaldırması yeni tariximizin daha bir şanlı səhifəsini yazdı. Məhz, bu il Böyük Qayıdışın reallaşdırılması nəzərdən tutulan 5 şəhərdən biri də Xankəndidir. Xocalı, Şuşa, Kəlbəcər və Cəbrayıl şəhərlərinə də bu il baş tutacaq köç prosesləri yeni dövrün mənzərəsini sərgiləyir. Ümumilikdə isə 2026-cı ildə 140 min keçmiş məcburi köçkünün öz doğma yurdlarına qayıdacağı gözlənilir. Bütün bunlar isə müzəffər Sərkərdə, Prezident İlham Əliyevin xalqına verdiyi sözlərin əmələ çevrildiyini göstərir.

Tacir SADIQOV,

"Respublika".