Braziliya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf potensialı müzakirə olunub
Siyasət

Braziliya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf potensialı müzakirə olunub

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev və Milli Məclisin Braziliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Məmmədli iyunun 24-də Braziliya İşçi Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi Romenio Pereyra ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən"Respublika"ya bildirilib ki, görüşdə Adil Əliyev ölkələrimiz arasındakı əlaqələrin tarixindən söz açıb, Azərbaycan-Braziliya münasibətlərinin bugünkü səviyyəyə yüksəlməsində hər iki dövlətin ali rəhbərliyinin rolunu vurğulayıb.

Azərbaycanın beynəlxalq humanitar təşəbbüslərindən danışan Adil Əliyev ölkəmizin Qoşulmama Hərəkatına uğurla rəhbərlik etməsindən, hərəkatın Parlament Şəbəkəsinin yaradılmasına toxunub. Bu il ölkəmizdə COP29 kimi əlamətdar tədbirin keçiriləcəyini xatırladan Milli Məclis sədrinin müavini məhz belə möhtəşəm tədbirə ev sahibliyinin Azərbaycana həvalə edilməsini ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirib.

Braziliya İşçi Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi Romenio Pereyra Braziliya siyasi sistemi barədə məlumat verib, partiyasının siyasi mövqeyindən, nüfuzundan söz açıb, ölkələrimiz arasında əlaqələrin müxtəlif müstəvilərdə inkişaf etdirilməsindən danışıb. Qonaq qarşılıqlı səfərlərin münasibətlərin inkişafındakı xüsusi rolunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin dərinləşdirilməsi, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf potensialı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.