Çalışdım, arzuma çatdım!
Bölgələr

Çalışdım, arzuma çatdım!

Təhsildə ilin rekordçusu

Şəki şəhər 18 saylı orta məktəbin məzunu Zərifə İlyasova ali məktəblərə qəbul imtahanlarında maksimum - 700 bal toplayıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, o, imtahanın birinci mərhələsində 300 bal, ikinci mərhələdə isə 400 bal toplayıb. Bu isə respublika üzrə rekord göstərici hesab olunur.

Qazandığı uğuru sevinc hissi ilə bölüşən Zərifə bildirdi ki, açığı, bunu gözləyirdim. Çünki bilirdim ki, elmə bu qədər marağım, həvəsim və çalışqanlığım mütləq öz faydasını verməlidir. Uşaq vaxtından mütaliəni sevir, təhsilə böyük önəm verirdim. Çox oxuyurdum, müəllimlərimin bütün tapşırıqlarını yerinə yetirmək üçün çalışırdım. İştirak etdiyim sınaq imtahanlarında da hər dəfə yüksək bal toplasam da maksimum həddə çata bilmirdim. Buna görə də özümə qarşı daha tələbkar olmaqla məsuliyyət hissimi artırırdım. Bu gün yaxşı təhsil almaq və elmin incəliklərini öyrənmək üçün gənclərə hərtərəfli şərait yaradılıb. Sadəcə oxumaq lazımdır.

İmtahanın nəticəsini əvvəlcədən müəyyənləşdirsəm də rəsmi cavab açıqlanandan sonra hədsiz dərəcədə sevindim.

Kiçik yaşlarından bu uğur üçün çalışdığını deyən Z.İlyasova müəllimlərinə təşəkkürünü bildirdi. Azərbaycan Diplomatik Akademiyasında təhsilini davam etdirmək onun ən böyük arzusu idi və buna çalışqanlığı ilə nail olduğunu dedi: "3 mart tarixində keçirilmiş buraxılış imtahanında 300 bal topladığımı öyrəndikdən sonra 700 bal toplayacağıma inamım və həvəsim artdı. Fizika, riyaziyyat və kimya ən sevdiyim fənlərdən idi və bu səbəbdən durmadan oxumaq məni yormurdu, əksinə, çox maraqlı zaman keçirirdim.

İmtahan nəticələrinin rəsmi cavabları açıqlananda son zəng tədbirindən gəlmişdim, sinif yoldaşım nəticələrin elan olunduğunu xəbər verdi. Çox həyəcanlandım və DİM-dən mesajın gəlməsini gözlədim. Hisslərimi sözlərlə ifadə edə bilmirəm. Qısa vaxtdan sonra mesaj gəldi, amma mən o qədər həyəcanlanmışdım ki, ağlayırdım və əllərim əsirdi. Bu səbəbdən, telefonu anama verdim və nəticəmi ilk o gördü. Nənəm və anam da mənlə birgə ağlamağa başladılar, təbii ki, bu, sevinc gözyaşları idi. Çox şadam ki, çalışqanlığımla istəyimə nail oldum".

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".