“CareerLaw” layihəsi çərçivəsində BDU-nun Hüquq fakültəsinin tələbələri ilə ilk görüş keçirilib
CƏMİYYƏT

“CareerLaw” layihəsi çərçivəsində BDU-nun Hüquq fakültəsinin tələbələri ilə ilk görüş keçirilib

Mayın 20-də Bakı Dövlət Universitetində (BDU) Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə CareerLaw layihəsi çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun Müasir Azərbaycanda vəkillik institutu: yeni çağırışlar mövzusunda BDU-nun hüquqşünaslıq ixtisası üzrə təhsil alan bakalavr və magistrlarla ilk görüşü keçirilib.

BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev tədbirin əhəmiyyətini vurğulayıb, fakültənin ARVK ilə əməkdaşlığının, Kollegiyanın peşəkar hüquqşünas kadrların formalaşmasına yardımçı olduğunu bildirib.

ARVK-nın sədri Anar Bağırov tələbələrlə təcrübələrini bölüşüb, rəhbərlik etdiyi qurumun tarixi, fəaliyyəti, son illər görülən işlər barədə ətraflı məlumat verib.

Eyni zamanda Anar Bağırov ARVK-nın hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatı olduğunu, Kollegiyanın dəstəyi ilə hər il təşkil edilən yay və qış hüquq məktəblərinə 300-dən çox tələbənin qatıldığını, yüzlərlə tələbənin vəkil qurumlarında təcrübə keçdiyini, o cümlədən tələbələrə fərdi təqaüdlərin verildiyini və hüquq fakültələrinin layihələrilə əməkdaşlıq edildiyini bildirib.

Sonra BDU-nun Cinayət prosesi kafedrasının müdiri, Kollegiyanın üzvü, hüquq elmləri doktoru (h.e.d.), professor Firuzə Abbasova, BDU-nun Əmək və ekologiya hüququ kafedrasının müdiri, ARVK-nın üzvü, h.e.d., professor Alış Qasımov, BDU-nun “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müdiri, Vəkillərin İxtisas Komissiyasının sədri, h.e.d. Turqay Hüseynov son illər Kollegiyanın fəaliyyətindən, getdikcə artan nüfuzundan, qarşılıqlı əməkdaşlığın perspektivlərindən danışıb, vəkillik sahəsində aparılan islahatları yüksək qiymətləndirdiklərini ifadə ediblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.

“Respublika”.