Cənubi Qafqazda analoqu olmayacaq şəhər
CƏMİYYƏT

Cənubi Qafqazda analoqu olmayacaq şəhər

2021-ci ilin may ayında Prezident İlham Əliyev Ağdamın təməl daşını qoyub və rayon ictimaiyyətinin nümayəndələrilə görüşüb

Ağdam təkcə yurd yeri deyildi, Tanrının bizə bəxş etdiyi bəxt, tale ocağı, sevgi, məhəbbət bucağı, igidlər oylağıydı. Uşaqlığın, gəncliyin, xoş xatirələrin, ilk sevginin, sevincin, kədərin beşiyi Ağdam bizə həyatı, hikməti, haqqı, ədaləti, sadəliyi, səmimiyyəti öyrədib.

Bir zamanlar adı dillər əzbəri olan gözəl Ağdam şəhərinin daşı daş üstə qalmayıb. 2020-ci il noyabr ayının 20-də bir güllə atılmadan işğaldan azad edilən Ağdamda bir dənə də salamat bina gözə görünmür. Kol-kos basmış küçələrlə addımlayıb dünyada ikinci Çörək muzeyinin, məşhur "Çay evi"nin, dram teatrının və yerlə-yeksan edilmiş digər binaların dağıntılarının qarşısından keçəndə bu viranəliyə ürək dözmür. İnsanı dəhşətə gətirən bu mənzərə düşmənin çirkin mahiyyətindən, xəbis xislətindən, etnik nifrətindən xəbər verir. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Ağdamı düşmən yer üzündən silib. Qədim tarixi olan Qaraağacı qəbiristanlığını məhv edərək bu müqəddəs guşəni şumlayıb. Prezident İlham Əliyevin təbirincə desək, "vəhşi qəbilə" şəhəri başdan-başa viran qoyub. Küçələr, evlər, yollar, məhəllələr tanınmaz hala salınıb. Doğulub boya-başa çatdığı evi tapa bilməmək faciəsini bizə erməni vandalları yaşadıb. Haqdan, ədalətdən, demokratiyadan, insan hüquqlarından danışan Qərb bizim yaşadığımız faciəyə biganəlik nümayiş etdirdi. 27 il ərzində ATƏT-in həmsədrləri bu vandallığı, təbiətə qarşı törədilmiş bu soyqırımı görmürdülər?! Hansı ağdamlını dindirsən deyəcək ki, evim tar-mar olsa da, torpağımıza qovuşmağımız bizə yetər. Bizi yurdumuza qovuşdurduğu üçün Qalib Ali Baş Komandan İlham Əliyevə, düşmən üzərində şanlı zəfər çalan ordumuza minnətdarıq. Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayırıq.

Ağdamda həm qürurverici, həm də təzadlı bir mənzərə yaranıb. Qədim şəhərin xarabalıqları arasında yeni binalar, Ağdam Cümə məscidinin restavrasiyadan sonrakı heyranedici gözəlliyi, yasəmən çiçəklərinin ətri, yaz yağışından sonra ətrafa çökən saflıq, qurub-yaradan insanların qüruru, digər tərəfdə isə uçuq divarlar, dağılmış yollar, kol-kos basmış küçələr. İndi burada mənfur düşmənin iti caynaqlarının izini məhv etmək üçün böyük bir mücadilə başlayıb. Bir neçə il əvvəl düşmənin hərbi texnika daşıdığı yollarda indi tikinti materialları yüklənmiş maşınlar şütüyür, kranların qüllələri sanki buludlara toxunur, sıfırdan, bünövrədən yeni bir şəhər salınır. 30 ilə yaxın düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu Ağdam modern şəhər üslubunda, "ağıllı şəhər" həlli ilə tikilir. Cənab Prezidentin tapşırığına uyğun olaraq, birləşdirilən kəndlərlə və əhalinin artımı da nəzərə alınaraq 100 min nəfərin yaşayacağı Ağdam şəhəri yenidən qurulur, tarixi abidələr bərpa edilir, modern infrastruktur yaradılır. Ağdam böyük tikinti meydançasına çevrilib və burada binaların inşasında Şahbulaq daş karxanasında istehsal olunan ağ mişar daşlarından istifadə edilir.

Qeyd edək ki, rayonda avtomobil yollarının yenidən qurulması istiqamətində üç layihə icra olunur. Bərdə-Ağdam avtomobil yolunun inşası başa çatmaq üzrədir. Ağdam-Füzuli və Ağcabədi-Ağdam avtomobil yollarının tikintisi üzrə işlər davam etdirilir. Eyni zamanda Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə aparılır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Baş plana əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edəcək. Şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə qoyulub. Daxili yolların 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. Layihə üzrə magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yollar 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu 122,2 kilometrdir. Qeyd edək ki, hazırda tikinti işləri birinci mərhələdə uzunluğu 58,7 kilometr olan hissə üzrə aparılır. Hazırda sözügedən hissədə tikinti sahəsinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma torpaq yatağı və kommunikasiya xətlərinin tikintisi inşaat norma və qaydalarına əsasən həyata keçirilir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq şəhərin daxili yollarının tikintisinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur. Dövlət proqramına əsasən, əhalinin dayanıqlı şəkildə geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi istiqamətində 2022-2026-cı illərdə 34 min 500 ev tikiləcək, 140 minə yaxın əhali köçürüləcək. Bu illər ərzində Ağdam rayonu üzrə 9690 evin və mənzilin tikilməsi, bu evlərə 42361 vətəndaşın köçürülməsi nəzərdə tutulur. Ağdam sürətlə, zövqlə, milli memarlıq üslubunda, müasir şəhərsalma layihələri əsasında tikilir, tarixi və müasir cizgiləri əks etdirən bir şəhər gözlərimiz qarşısında addım-addım böyüyür.

Bu gün bütün yollar Qarabağa və Şərqi Zəngəzura aparır. Özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik olan Ağdamın bərpası və sürətli inkişafı qürurvericidir, bu, hər şeydən əvvəl, dövlətimizin gücünü və iradəsini göstərir. Yeni Ağdam mühüm nəqliyyat qovşağına çevrilir, Qarabağa və Şərqi Zəngəzura gedən yollar burada birləşir. Azad edilmiş ərazilərimizin infrastrukturuna tezliklə Bakı-Xankəndi dəmiryolu xətti də əlavə ediləcək. Qeyd edək ki, 30 illik işğal dövründə Qarabağda dəmir yolu insfrastrukturunu dağıdan Ermənistan şpallardan Ohanyan səddinin qurulmasında istifadə etmişdi. Separatçı rejim kimi, indi o səddən də heç bir əsər-əlamət qalmayıb. Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin artilleriya vasitəsilə sıradan çıxardığı vaqon isə Bakı-Xankəndi dəmir yolunun Köçərli stansiyasının yaxınlığında olduğu kimi saxlanılır.

Bakı-Xankəndi dəmir yolunun yenidən çəkilməsində ilk dəfə olaraq Azərbaycanın öz istehsalı olan dəmir yolu avadanlıqlarından istifadə ediləcək. Belə ki, cari ildən Azərbaycan özü dəmir yolu avadanlıqları istehsal edəcək və hətta xarici ölkələrə də satacaq. Yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan dəmir yolu avadanlıqları istehsalı zavodunun məhsulları ilkin olaraq daxili tələbatı ödəyəcək. Bir müddət sonra isə məhsul xarici ölkələrə də ixrac olunacaq. 5, 7 milyon manat investisiyanın yatırılması nəzərdə tutulan layihə Ağdam Sənaye Parkında həyata keçirilir. Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdən biri də tütün fabrikidir. Tikintinin əsas hissəsi başa çatmaq üzrədir. Hər yeni müəssisə isə yeni iş imkanları və ölkə iqtisadiyyatının inkişafı deməkdir. Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalına 40,5 milyon manat investisiya yatırılacaq və 300 nəfər işlə təmin ediləcək. Ərazisi 190 hektar olan parkda müxtəlif ölçüdə metal, boru və utoprofilləri, alçı və suvaq, dolğu və izolyasiya materialları, havalandırma, yanğınsöndürmə avadanlıqları, müxtəlif metal məmulatları, avtomatlaşdırma və telemexanika sistemləri, divar kağızları, müxtəlif çeşiddə sintetik xalçaların istehsal müəssisələri də fəaliyyətə başlayacaq. Bu layihələr 2 minə yaxın yeni iş yerinin açılmasına şərait yaradacaq.

Yenidən tikilən hər bir yol, məktəb, mədəniyyət və dini abidə davamlı, dinc və firavan gələcəyə doğru atılan zəfər addımlarıdır. O, ilahi andan, tarixi qələbədən sonra ağdamlılar keçən hər günü şükranlıqla, minnətdarlıqla, sevgiylə qarşılayır və həsrətə, kədərə, ayrılığa son qoyulduğu üçün deyirlər ki, sözün əsl mənasında həyatımıza Günəş doğub, arzuların qanadında uçuruq, yuxularımızda gördüyümüz şəhərimizə indi ayaq basırıq, düşmən Ağdamı nə qədər dağıtsa, yandırsa da, onun azadlığı bizim üçün sevincdir. Bunun üçün Qalib Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildirir, şəhidlərimizin qarşısında baş əyirik. Ağdamın tikilməsi bizə yeni bir həyat, qol-qanad verir, yaşamaq həvəsimizi artırır.

Salman ALIOĞLU,

"Respublika".