COP29 DÜNYANIN DİQQƏTİNİ AZƏRBAYCANA CƏLB EDƏCƏK
Ekologiya

COP29 DÜNYANIN DİQQƏTİNİ AZƏRBAYCANA CƏLB EDƏCƏK

Atmosferin sürətlə çirklənməsi təbii amillər, eləcə də insanların təbii proseslərə süni müdaxiləsi nəticəsində baş verir.

Havaya atılan zərərli maddələr, dünyanın müxtəlif bölgələrində hələ də davam edən müharibələr, atılan raketlər, mövcud təbii ehtiyatlardan kortəbii istifadə ümumbəşəri bəla sayılan ekoloji tarazlığın pozulmasına - anomal istilərin baş verməsinə, aramsız yağışlara, sel və daşqınların yaranmasına, flora və faunanın məhv olmasına gətirib çıxarır.

Təəssüflə qeyd etmək lazımdır ki, bu və ya digər problemlərin qarşısının alınması insanların ana təbiətə bəslədiyi ögey münasibətə görə daha da çətinləşir. Bir məsələni xüsusən qeyd etmək lazımdır ki, doğma ölkəmiz son 30 ildə həddindən artıq ekoloji terrora məruz qalan ölkələr arasında yer tuturdu.

Qarabağ və digər işğal altında olan ərazilərdə ermənilər təbiətə divan tutdular. Adı "Qırmızı kitab"a düşən ağaclar qəddarcasına qırılaraq qonşu dövlətlərə satıldı, Azərbaycan təbiətinə ciddi ziyan vuruldu. Ulu öndər Heydər Əliyev təbiət vurğunu olub. Məhz ümummilli liderin Azərbaycana birinci dəfə rəhbər təyinatından sonra Bakı şəhərində, eləcə də respublikanın digər bölgələrində saysız-hesabsız ağaclar əkilərək yüksək aqrotexniki qulluq göstərildi.

Bakıya xüsusi gözəllik verən müxtəlif ağac və kollar məhz Heydər Əliyevin ciddi nəzarəti altında əkilmiş və göstərilən qayğı nəticəsində böyümüşdür.

Bu il COP29 kimi sanballı beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi dövlət başçısının dünya siyasi müstəvisindəki yüksək nüfuzunun əyani təzahürüdür. Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev çıxışı zamanı dedi: "COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən biz bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik".

"Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev söhbət zamanı bildirdi ki, müasir dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişmələri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat edir. Əsasən də son dövrlər davam edən qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində hiss olunur və problemlər yaradır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə antropogen amillərlə əsasən də insan fəaliyyəti ilə bağlıdır.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Belə ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf götürüb. Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabr ayında Bakıda keçiriləcək.

Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu dövr ərzində ölkəmizdə ətraf mühitin qorunması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsini daim diqqətdə saxlayıb. Ulu öndərin həyata keçirdiyi ekoloji siyasət sayəsində insanların təbiətə olan münasibəti müsbətə doğru dəyişib, ekoloji vəziyyət yaxşılaşıb, su ehtiyatları və yaşıllıqların bərpası, artırılması ilə yeni meşələr, parklar salınıb, bioloji müxtəliflik qorunub saxlanılıb. Ulu öndərin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin Sərəncamı əsasında 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinə görə, artıq ölkəmizin energetika sahəsində bir sıra vacib yeniliklərindən danışa bilirik.

Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən ölkənin hər yerində olduğu kimi, Ağstafa rayonu ərazisində də silsilə tədbirlər həyata keçirilir.

Ağstafa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Nağıyeva söhbətə ulu öndərin kəlamı ilə başladı: "Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir. Ona görə də qurub yaradın".

İnsan doğulan andan təbiətlə sıx əlaqədə olur. Nəfəs aldığı hava, qidalandığı məhsullar ekoloji cəhətdən sağlam, qidamızın mənbəyi torpaq-bitki örtüyü münbit olmasa, cəmiyyətin əsasını təşkil edən insan sağlam yaşaya bilməz, səmərəli fəaliyyət göstərmək imkanı əldə etməz.

44 gün davam edən Vətən müharibəsi və 24 saatlıq lokal antiterror tədbirləri zamanı 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı rəşadətli ordumuz azad etdi. Zəfərimizlə Vətənimizin ərazi bütövlüyü bərpa olundu. 30 il ərzində torpaqlarımızda, meşələrimizdə, Milli Park və qoruqlarımızda xain düşmən əsl vandallıq aktları törədib. Bəsitçay və Qaragöl Dövlət Qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı Dövlət Təbiət Yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilib.

Vacib məsələlərdən biri azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsidir.

Ölkəmizin zəngin təbiətini qorumaq üçün mütəmadi yeni layihələr həyata keçirilir. Ekoloji tarazlığın qorunması, təbii sərvətlərin mühafizəsi sahəsində mövcud olan "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya", "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" və digər dövlət proqramları çərçivəsində mövcud ekoloji problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Azərbaycanda həyata keçirilən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarını təmin etmək naminə təbii ehtiyatlardan səmərəli istifadə etməkdir. Ulu öndərin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülən işlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni uğurların əldə olunmasına təkan verib.

Vəli VƏLİYEV,

"Respublika".