COP29 ölkəmizə olan yüksək etimad və güvəndir
Siyasət

COP29 ölkəmizə olan yüksək etimad və güvəndir

Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə malik ölkə kimi daim nüfuz dairəsini genişləndirir. Ölkəmiz mötəbər tədbirlərə ev sahibliyi ilə xüsusi imic formalaşdırmağı bacarıb.

Beynəlxalq ictimaiyyətin nəzəri Azərbaycana baxış bucağı, bu çərçivədə ölkəmizin daim dəstəklənməsi güclənən mövqeyinin, artan nüfuzunun təzahürüdür. Ölkə başçımızın Azərbaycana qazandırdığı dividendlər - yüksək etimad və etibarlı tərəfdaş statusu müstəqil dövlətimizə olan inamı daha da artırıb. Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum bütün dünyanın diqqət mərkəzində oldu. Nəzərə almaq lazımdır ki, beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirən Azərbaycan qlobal problemin həllinə inklüziv yanaşma ortaya qoyur. Bu da ölkələr arasında əlaqələrin inkişafında mühüm amil olan etimad mühitinin qorunması və inkişaf etdirilməsinə təkan verir. Prezident İlham Əliyevin beynəlxalq forumda iştirakı və çıxışı zamanı ölkəmizin qazandığı uğurları dilə gətirməsi parlaq nümunədir. Ölkə başçımızın da qeyd etdiyi kimi, biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyə ilə münasibətlərimizdə qarşılıqlı etimada əsaslanan əlaqələr qurmağı bacarmışıq.

Xatırladaq ki, ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 2016-cı il aprelin 22-də imzalayıb və həmin ilin oktyabr ayında sənəd Milli Məclisdə ratifikasiya olunub. Ümumiyyətlə, sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu daim müzakirə olunur. Qeyd etdiyimiz kimi, COP tarixində əhəmiyyətli yer tutan, iqlim dəyişmələri ilə mübarizədə beynəlxalq sənəd hesab olunan Paris Sazişi 2015-ci ildə qəbul olunub və bu günədək Sazişə ümumilikdə Azərbaycan da daxil olmaqla 195 ölkə qoşulub. Xatırladaq ki, ötən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP28-də Azərbaycan Prezidenti də iştirak edib. Sözügedən tədbirə 100-dən çox dövlət və hökumət başçısı, ümumilikdə 100 minə yaxın nümayəndə qatılıb. Bununla bir daha ölkəmizin qlobal problemlərin həlli istiqamətində aparıcı rolu öz təsdiqini tapır.

Son olaraq, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iqlim dəyişmələri ilə bağlı bir sıra görüş və müzakirələr keçirildi. Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı katiblik olaraq COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğulaması ölkə başçımız tərəfindən bu təklifin məmnunluqla qəbul edilməsi dövlətimizin bəşəri təhlükələrin aradan qaldırılmasındakı səylərini bariz şəkildə göstərir.

Ölkəmiz neft və qaz ixracı ilə yanaşı, "yaşıl enerji"yə keçid məsələsinə xüsusi diqqət ayırır. Qüdrətli dövlətimizin bərpaolunan enerjiyə olan marağı prioritet məsələ kimi gündəmdə saxlanılır. Məhz COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi bu sahədə inkişaf perspektivlərini daha da ön plana çıxaracaq. COP29-a sədrliyimizə nəinki uğurlarımızı nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi, ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq. COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq. Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb.

Dünya Enerji Şurası tərəfindən irəli sürülən "Enerji trilemması" konsepsiyasında enerji təhlükəsizliyi, əlverişli enerji təchizatı və ekoloji sabitlik arasında tarazlığın yaradılması kimi mühüm məsələlər öz əksini tapıb. Planetdə iqlim dəyişmələrinin təsiri ilə yaranan dağıdıcı risklərin və enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması məqsədilə önümüzdəki 30 il ərzində qlobal enerji sistemində dərin və ardıcıl transformasiyaların baş verməsi gözlənilir. 2030-cu ilədək qlobal istiləşməni aradan qaldırmaq üçün illik 5,7 trilyon ABŞ dolları məbləğində sərmayə lazımdır. 1,5°C qlobal istiləşmə strategiyasına müvafiq olaraq 2030-cu ilədək xeyli sayda əlavə iş yerinin yaradılması nəzərdə tutulub. Bu baxımdan, "yaşıl enerji"nin əhəmiyyəti bir daha öz təsdiqini tapır. Çünki bərpaolunan enerjidən istifadə enerji qiymətləri, enerji təhlükəsizliyi və iqlim böhranı ilə bağlı məsələlərin həllinə öz müsbət təsirini göstərəcək. Bərpa olunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentliyin enerji keçidinin rifah indeksinə görə 1,5°C strategiyası qlobal rifaha da mühüm töhfə olacaq.

Azərbaycanda bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" əsasında qoyulub. Həmin sənəddə öz əksini tapan 5 Milli Prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlıdır. Bütün bunlar bir daha rəsmi Bakının yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoyduğunu söyləməyə əsas verir. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı imzalanmış müqavilələr də ölkəmizin "yaşıl enerji"yə verdiyi töhfələrin bariz nümunəsidir.

Nurlan ABDALOV,

"Respublika".