Dağıdılmış abidələr: vəhşilik, qəsd, cinayət
CƏMİYYƏT

Dağıdılmış abidələr: vəhşilik, qəsd, cinayət

Bütün dünya Qarabağda və Şərq Zəngəzurda erməni vandallığının şahidi olur

Abidələr tarixin qan yaddaşı, içi sirlərlə dolu xəzinədir. Bir balaca toxunsan sənə dürlü-dürlü əhvalatlar söyləyər, tarixin qaranlıq məqamlarına işıq salar. Nələr-nələr danışmaz abidələr. Bəlkə də dünyanın bir çox yerində əsrlərdən bəri sökülən, dağıntılara məruz qalan daş incilərin qalıqları məhz buna görə qorunub saxlanılır. Çünki özünün ürəkağrıdan görünüşü ilə hər gələnə zamanın, insanların qəddarlığından söz açır daş abidələr...

Qarabağ! Dünyanın gözü bu gün səndədir. Sözün həqiqi mənasında. Kimisi səndə at oynatdıqları anların "nostaljisini" yaşayır, kimisi hər an gözəlləşən hüsnünə həsəd aparır, kimisi də bu növrağına bizimlə birgə sevinir, 30 il ərzində düşmənin xarabalığa, viranəyə çevirdiyi o yerlərin cənnətə döndüyünü görüb qurub-yaradan xalqımıza "əhsən!" deyir.

Heç vaxt olmadığı qədər qonaq-qaralıdır Qarabağ. Ali qonaqların səfərləri də artıq ənənə halını alıb. Bu isə qonaqlara işğalçı ölkənin törətdiyi vandalizm aktlarını, dövlətimizin quruculuq siyasətini və sülh gündəliyini nümayiş etdirmək imkanı yaradır. Kimlər olmayıb bu gözəl məkanda? Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev... Bu günlərdə isə Belarus Prezidenti Aleksandr Lukaşenko Qarabağa səfər etdi, Füzuli və əsrarəngiz Şuşa şəhərindəki quruculuq işlərinin şahidi oldu. Təbii ki, təkcə qurub-yaratdıqlarımızın deyil, həm də...

Ali qonağın Şuşaya səfəri çərçivəsində şəhərlə tanışlıq zamanı çəkilən şəkillər arasında fotoobyektivin gözündə əbədiləşdirilmiş bir kadr diqqətimi çəkdi. Prezidentlərin önündə şəkil çəkdirdikləri Bülbülün yaralı heykəlini deyirəm. Dəfələrlə seyr etmiş olsam da, ilk dəfə görürmüş kimi baxdım. Baxdım və düşündüm: ermənilər nə qədər vəhşi imiş...

Prezidentlər Bülbülün ev-muzeyində olarkən Polad Bülbüloğlu ulu öndər Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edildiyini, binanın 1982-1983-cü illərdə təmir olunduğunu, önündə inzibati bina inşa edildiyini bildirdi: "Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb... Təsəvvür edirsiniz, belə bir vandallıq törədilib və güllələr heykəlin çənə hissəsində qalıb".  Prezident Aleksandr Lukaşenko isə: "İkonalara və heykəllərə atəş açanlar vəhşidirlər", - dedi. Bu məqamda dövlət başçımızın ermənilər haqqında dediyi: "Sanki bu yerlərdən vəhşi qəbilə keçib" sözlərini xatırladım.

Bəli, ermənilər görkəmli şairimiz Natəvanın, dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəllərini də gülləbaran etmişdilər. Tarixi qələbədən sonra Bülbülün, Üzeyirin, Natəvanın yaralanmış heykəlləri öz yerinə qaytarıldı. Yeri gəlmişkən deyək ki, prezidentlər Natəvanın da heykəlini  ziyarət etdilər.

Ermənilər işğal illərində Qarabağda və Şərqi Zəngəzurda tarixi əhəmiyyətli abidələri qarət etmiş, talamış, maddi və mənəvi dəyəri böyük olan əşyaları daşıyıb Ermənistana aparmışdılar. İlk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları qəsdən dağıdılmış, Xocalıda, Ağdamda, Ağdərədə, Füzulidə, Cəbrayılda kurqanlar, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli irsimizə qarşı vandallıq törədilmişdir. Vəhşi ermənilər abidələrimizin bir çoxundan isə müxtəlif məqsədlər, hətta tövlə kimi də istifadə etmişlər. Pənahəli və Mehdiqulu xanın (XIX əsr) Ağdam şəhərində yerləşən məqbərələri, İbrahimxəlil xanın məzarı da tamamilə dağıdılmışdır.

Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda şəhər məscidi, Malatkeşin və Zəngilan məscidləri xüsusilə qeyd olunmalıdır. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə məhv edilib. Düşünürsən: Axı, nədən, niyə məhv edilib. Bu gözəlliklərə, təbiətin yaratdığı möcüzələrə, insan zəkasının, əlinin, əməyinin məhsulu olan incilərə necə qıymaq, əl qaldırmaq, gülləbaran etmək olar? Təbii ki, bu əməlləri yalnız vəhşilər törədə bilər. Ermənilər bu yolla minilliklər boyu yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyiblər. Maraqlı burasıdır ki, yerli mütəxəssislərlə yanaşı, uzun illər Qarabağ abidələrini öyrənən rus alimlərindən akademik İ.İ.Meşaninov, A.İ.İessen, V.P.Zyubin, alman tədqiqatçılarından E.Resler, V.İ.Qummel, hətta erməni tarixçiləri K.X.Kuşnareva və O.A.Danielyan da Azərbaycan xalqının maddi irsi kimi dəyərləndirilən bu tarixi abidələrin ermənilərin vandallıq siyasəti nəticəsində məhv edilərək sıradan çıxarıldığını dönə-dönə vurğulayıblar.

Haylar Ermənistan ərazisindəki Azərbaycana məxsus tarixi və mədəni irsə qarşı da bu cür cinayət törədiblər. İrəvandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə "yenidən təmir edilib". Dağıdılmış arxitektura abidələri arasında XVI əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, "Sərdar sarayı" adlı kompleks də vardır. Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib. Düşmənin bütün bu törətdikləri, zəngin təbii və mədəni irsin, o cümlədən dünya əhəmiyyətli unikal abidələrin dağıdılması dünya irsinə qarşı qəsd və cinayətdir.

Azərbaycan dövləti öz siyasətində bütün abidələrin, tarixi irs örnəklərinin qorunması və mühafizəsi istiqamətində böyük işlər görür. 30 il işğal altında olan Qarabağda və Şərqi Zəngəzurda isə dağıdılmış mədəni irs nümunələri saysız-hesabsızdır. Bütün bunları bərpa etmək isə böyük zaman və vəsait tələb edir. Bu gün dünyada tarixi şəhərlərin, abidələrin təbiətin və zamanın dağıdıcı təsirlərindən qorunması yolunda çalışan beynəlxalq təşkilatlar bu işdə köməklərini əsirgəməməlidirlər. Çünki tarixin qan yaddaşı olan abidələr yaxşını da, pisi də yaddaşında yaşada bilir...

Zümrüd QURBANQIZI,

"Respublika".