İnkişaf edən cəmiyyətdə informasiya bolluğu yaranır, insanların məlumatlılığı artır, onlar dünyada gedən proseslərdən xəbərdar olurlar. Lakin informasiya çoxaldıqca düz və səhv məlumatı seçmək bir qədər çətinləşir, dezinformasiya və misinformasiyanı ayırd etməyə ehtiyac yaranır. Məhz burada media savadlılığı ortaya çıxır.
Qeyd edək ki, dezinformasiya bilərəkdən yanıltmaq məqsədilə yayılan informasiyadır. Misinformasiyanı yayan şəxs isə məlumatın doğru olub-olmadığından xəbərsiz prosesin iştirakçısına çevrilir.
İyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Forumda süni intellekt, dezinformasiya, COP29 tədbirləri və.s mövzularda müzakirələr aparılıb. Tədbirdə 50 ölkədən jurnalistlər iştirak edib. Ölkə başçımıza ünvanlanan çoxsaylı suallar arasında Azərbaycanın informasiya müharibəsi ilə bağlı suallar da yer alıb. Məlumdur ki, 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri zamanı dünya mediasında anti-Azərbaycan təbliğatı aparılıb. Uzun illər əraziləri işğal altında qalan, yüz minlərlə qaçqını olan, ərazi bütövlüyü və suverenliyini öz gücü ilə təmin edən dövlətimiz haqqında beynəlxalq ictimaiyyətə yanlış məlumatlar təqdim olunub.
Ötən ilin aprelində açılan Laçın sərhəd buraxılış məntəqəsi Ermənistan rəsmilərini və onların havadarlarını çox narahat etdi. Onlar bu hadisəni 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın əsas müddəalarından birinin kobud şəkildə pozulması kimi təqdim etdilər: "Rusiya Federasiyasını dəhlizin qanunsuz blokadasını aradan qaldırmağa, Azərbaycan Silahlı Qüvvələrinin Laçın dəhlizinin təhlükəsizlik zonasından çıxarılmasını təmin etməyə çağırırıq" kimi bəyanatlar səsləndirdilər. Məqsəd isə dünya mediasında Azərbaycanı işğalçı dövlət kimi göstərmək idi.
2023-cü il sentyabr ayının 19-20-də Azərbaycan Qarabağ və ətraf rayonlarda lokal antiterror tədbirləri keçirdi. Tədbirlər nəticəsində uzun illər Qarabağda qanunsuz məskunlaşmış silahlı erməni birləşmələri məhv edildi, mülki əhaliyə ziyan dəymədi, yalnız hərbi obyektlər hədəf alındı. Dinc əhalinin yaşadıqları yerlərdə qalmasına, təhlükəsizliyinin təmin olunmasına dövlətimiz tərəfindən hər cür şərait yaradıldı, getmək istəyənlərə isə yol verildi.
Dünya mediasında isə Azərbaycanın ermənilərə qarşı etnik təmizləmə apardığı barədə yalan məlumatlar tirajlandı, qarayaxma kampaniyaları aparıldı. Fransanın "Le Point" saytında ölkəmizə qarşı dezinformasiyalar yayıldı. Eyni zamanda, xarici mediada Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı "Türkiyənin Osmanlı imperiyasını yenidən diriltmək istədiyi" və bu səbəblə Azərbaycana kömək etdiyi barədə yalan informasiyalar verildi. Alman "Bild" qəzetində isə guya Azərbaycan Silahlı Qüvvələrinin erməni hərbçilərindən əvvəl mülki əhalini hədəfləyib, onların yaşadıqları əraziyə bomba atıldığı barədə yalan məlumat yayılmışdı. Bütün bunlar qalib dövlətimizin humanist siyasətinə kölgə salmaq məqsədi daşıyırdı. Lakin Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində Azərbaycan düşməni həm döyüş meydanında, həm də informasiya savaşında susdurdu.
Ləman TƏHMƏZ.