Dezinformasiya təhlükəsizliyə təhdiddir
Siyasət

Dezinformasiya təhlükəsizliyə təhdiddir

Dövrümüzün ən aktual məsələlərindən biri dezinformasiyaların yayılmasıdır. Günümüzdə yalan və şişirdilmiş, heç bir əsası olmayan informasiyalarla tez-tez qarşılaşırıq. Belə məlumatların dezinformasiya olduğu sonradan üzə çıxır. Təbii ki, burada məsuliyyət birbaşa dezinformasiyanı dərc edən, yayan şəxsin üzərinə düşür. Dezinformasiya ilə mübarizədə bəzi ölkələr ciddi tədbirlər görürlər.

Məsələn, qardaş ölkə Türkiyədə Türk Cəza Qanununa edilən dəyişikliyə görə, ölkənin daxili və xarici təhlükəsizliyi, ictimai asayişi və ümumi sağlamlığı ilə bağlı ictimaiyyət arasında narahatlıq, qorxu və ya panika yaratmaq məqsədilə ictimai asayişi pozmağa yönəlik yalan məlumat yayan şəxs bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qeyd edək ki, Fransa, Almaniya və bir neçə başqa ölkədə də dezinformasiya yaymaq cinayət sayılır. Qəsdən bir qrup və yaxud şəxs tərəfindən müəyyən bir məlumat hazırlanarsa və bu məlumatın yayılmasında bir məqsəd güdülürsə, sistemli şəkildə aparılırsa, bu, dezinformasiyadır. Əgər 2016-cı ildə hər 40 saniyədən bir kiberhücumların şahidi olurduqsa, 2021-ci ildə bu rəqəm 4 dəfə artmış, ötən il isə hər 11 saniyədən bir müxtəlif səviyyədə kiberhücumlar baş vermişdir. Sosial şəbəkələrin, sosial medianın tənzimlənməsi üçün bir çox ölkələrdə müxtəlif layihələr, qanunlar hazırlanır. Bu qanunların qəbul edilməsində məqsəd dezinformasiyaların, həmçinin şərəf və ləyaqətin alçaldılmasının, təhqirin, böhtanın qarşısının alınmasıdır.

Gün keçdikcə sosial platformalarda "klaviatura canavarlarının" sayı artır. Yalan xarakterli məlumatlar ictimai diskursa nüfuz etdikdə, yanlış və zərərli məlumatları ifşa etmək həyati əhəmiyyət kəsb edir. Yanlış xəbərlər tarixin ən qədim dövrlərindən etibarən mövcud olub. Dezinformasiya ictimai rəyi manipulyasiya etmək üçün qəsdən yayılan saxta məlumatdır. İnformasiyanın dezinformasiya sayılması üçün üç element əsas götürülür: xəbərin yalan olması, qəsdən yayılma niyyəti və kampaniya. Dezinformasiyanı təyin etmək asan deyil. Onun təhlükələrinə COVID-19 pandemiyası, Vətən müharibəsi, Tovuz hadisələri və bu kimi həssas digər əhəmiyyətli hadisələrdə şahid olmuşuq. Azərbaycanda dezinformasiya ilə mübarizə sahəsində çox ciddi işlər görülür. Xüsusən, Medianın İnkişafı Agentliyinin yaradılması, media haqqında qanun qəbul edilməsi bu sahədə nəzəri qanunverici bazanı formalaşdırıb. Azərbaycan mediası Vətən müharibəsindən sonra böyük inkişaf mərhələsi keçib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən ölkədə panika yaratmaq üçün yayılan xəbərlərlə mediyamız layiqincə mübarizə aparıb. Eyni zamanda Prezident İlham Əliyevin istər müharibə, istərsə də postmüharibə dövründə ardıcıl olaraq xalqa müraciətləri, müharibə zonasına səfərləri və informasiyaları cəmiyyətə məhz birbaşa hadisə yerindən ötürməsi dezinformasiyalara qarşı aparılmış mübarizənin bariz nümunəsidir. Ölkəmizdə dezinformasiya ilə mübarizə artıq dövlət siyasəti səviyyəsinə qaldırılıb. Bundan başqa, bu sahədə əhəmiyyətli tədbir və konfranslar keçirilir. Belə əhəmiyyətli tədbirlərdən biri də ötən günlərdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilib. Bu il də ənənəyə sadiq qalaraq iyulun 20-də yalan məlumatların ifşası, dezinformasiyaya qarşı mübarizə mövzusunda 2-ci Şuşa qlobal media forumunun açılış mərasimi olub. Forum çərçivəsində müxtəlif ölkələrdən olan media və vətəndaş cəmiyyəti dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, media ekspertlərinin iştirakı ilə panel sessiyalar keçirilib. 50-yə yaxın ölkədən 150-dən çox qonağın iştirak etdiyi tədbirdə Prezident İlham Əliyev dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına ətraflı cavablar verib. Azərbaycanın Şuşada belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin demokratiyaya, ədalətə, insan haqlarının qorunması prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Prezident İlham Əliyevin tədbirdə iştirakı və jurnalistlərin suallarına açıq cavabları bir daha onu göstərir ki, Azərbaycan dövlətinin siyasi iradəsi bu məsələləri müzakirə etməyə imkan verir.

Jalə QƏHRƏMANOVA,

"Respublika".