Dirçələn cənnət torpaqlarımız
İqtisadiyyat

Dirçələn cənnət torpaqlarımız

Qarabağ və Şərqi Zəngəzur həm də dostluq və həmrəyliyi əməli təcəssüm etdirir

"Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm". Bu fikirləri Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında bildirib. Dövlət başçısı vurğulayıb ki, hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir. Ərazini sıfırdan bərpa etmək lazım gəlir. Müqayisə üçün deyim ki, Livanın bütün ərazisi, üstəgəl bütün bu ərazinin 50 faizi qədər sahəni. Bütün bunları, sadəcə, daşın daş üstündə qalmadığı ərazidə görüləcək işləri təsəvvür etmək üçün söylədim. İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik.

Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatında deyib ki, siz çox işlər görmüsünüz. Siz cənnətdə yaşayırsınız. Sizin təbiətiniz cənnətdir. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik.

Ölkəmizdə dövlət səfərində olan döst ölkənin Prezidenti Aleksandr Lukaşenkonu mayın 17-də Füzuli Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Belarus Prezidentinə Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları barədə məlumat verilib. Bildirilib  ki, "Qarabağın hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da istifadəyə verilib. Ən müasir səviyyədə inşa olunan bu aeroport istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir. Zəngilan Beynəlxalq Hava Limanının açılışı 2022-ci il oktyabrın 20-də olub. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının inşası bu il tamamlanacaq.

Belarus Prezidentinin 16 may tarixində Azərbaycana etdiyi dövlət səfəri ölkələrimiz arasında əlaqələrin keyfiyyətcə yeni, daha yüksək mərhələyə keçidinə güclü təkan olacaq. Belarus və Azərbaycan arasında əlaqələr kifayət qədər geniş sahələri əhatə edir. Bura təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək kimi strateji əhəmiyyət kəsb edən sahələr də aiddir. Belarusun zəngin şəhərsalma, aqroşəhərciklərin tikintisi təcrübəsinin, müasir texnologiyalarının, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiqi çox yüksək səmərə verə bilər. Bununla yanaşı, dövlət başçılarının istər təkbətək, istərsə də geniş tərkibdə keçirdikləri görüşlərin gedişində hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri və ümumiyyətlə, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bir çox məsələlər geniş şəkildə müzakirə olunub. Əldə edilən razılıqlar və imzalanan sənədlər Azərbaycan-Belarus münasibətləri bundan sonra daha da yüksək dinamika ilə inkişaf edəcək.

Prezident İlham Əliyevlə birlikdə istər Belarus başçısı, istərsə də başqa ölkələrin liderlərinin uzun illər işğal altında qalmış ərazilərə səfərlər etməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu səfərlər zamanı liderlərə Ermənistanın əzəli və əbədi torpaqlarımızı işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində törətdiyi faciələr barədə geniş məlumat verilir, fəlakətlərin fəsadlarının şahidi olurlar. Liderlər həm də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzura dünənki səfərləri zamanı genişmiqyaslı abadlıq - quruculuq işləri ilə yaxından tanış oldular. Səfər çərçivəsində Füzuli  Beynəlxalq Hava Limanından başlayan bu yol daha sonra, şəhərin Baş planilə  tanışlıq və görülən işlər barədə məlumatların verilməsi ilə davam etdi.

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı və tarixi qələbəsi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərin tezliklə bərpası, yenidən qurulması, məcburi köçkünlərin öz yurdlarına qayıtması və məskunlaşdırılması, regionun gələcək sosial-iqtisadi inkişafı əsas prioritetdir. Qarabağ azad ediləndən sonra Azərbaycan Prezidenti bu bölgədə dost ölkələrin şirkətlərinin də çalışacağını bildirmiş, onları Qarabağda abadlıq, yenidənqurma, dirçəliş prosesində əməkdaşlığa dəvət etmişdi. Azərbaycan bu prosesdə müharibə zamanı dost mövqe sərgiləyən ölkələrə üstünlük verir. "Mən dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə irimiqyaslı yenidənqurma işlərinə dəvət edirəm", - deyə İlham Əliyev söyləyib. Qardaş Türkiyə şirkətlərinin ilk vaxtlardan prosesdə iştirakı məlumdur. Ümumilikdə, Türkiyə şirkətləri Qarabağda bərpa-quruculuq prosesində hər zaman liderlik edəcəklər.

Qeyd edək ki, üç mərhələdə həyata keçirilən "Dost Aqropark" türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksinin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Bir il ərzində "Dost Aqropark"da birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb. Layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. "Dost Aqropark"ın ikinci və üçüncü mərhələləri üzrə işlər də sürətlə davam etdirilir. 2022-ci ilin oktyabrında "ağıllı kənd təsərrüfatı" kompleksinin birinci mərhələsinin açılışı olub. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "Dost Aqropark"ın bölgəyə gətirdiyi, otlaqlarda bəslənərək yetişdirilən və kəsimi aparılmış ət məhsullarının paketlərinin üzərinə "Made in Qarabağ" etiketlərinin ilk nümunələrini vurublar.

Ötən il iyunun 17-də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olub, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin açılışında iştirak ediblər. Rusiya və Azərbaycan birgə müəssisəsi olan "Avto Lizinq Azərbaycan" MMC tərəfindən Sənaye Parkının 3 hektar ərazisində yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına texniki servis xidmətlərinin göstərilməsi mərkəzi yaradılacaq. Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 5,6 milyon manatdan çox investisiya yatırılıb.

İşğaldan azad edilmiş Füzuli şəhərində Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistanın büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik məktəb binası inşa edilib. Ötən il avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır" sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib. Tam orta məktəbdə dərslərin başlanması Türk dünyasının qardaşlığının rəmzidir. Qarabağın dilbər guşələrindən olan Füzuli torpaqlarında da həyat canlanmağa başlayıb. Azərbaycan Prezidentinin apardığı səmərəli siyasət nəticəsində dostlarımızın sayı artır, ölkəmizə sərmayə qoymaq, Qarabağın quruculuğunda iştirak etmək istəyənlər durmadan çoxalır. Qazaxıstan Prezidentinin birbaşa Füzuli şəhərinə səfəri də təsadüfi deyil, bu səfər gələcək üçün böyük əlaqələrin, böyük proyektlərin, layihələrin əsasının qoyulması deməkdir. Ölkələrimiz arasında əlaqələr davamlı olaraq inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır. Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi isə tarixi bağlardan xəbər verir. Ərazilərimizin bərpasına verilən bu töhfəni xalqımız məmnunluqla qarşılayır.

Azərbaycan Prezidenti İlham Əliyev istər bu ərazilərə səfərləri zamanı, istərsə də digər tədbirlərdə dəfələrlə bəyan etmişdir ki, işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən dirçəlməsi, ən müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpası üçün dövlət tərəfindən ən qısa müddətdə kompleks tədbirlər həyata keçiriləcək. Güclü dövlət olan Azərbaycan işğaldan azad edilən torpaqlarımıza həyatı qaytararaq, hər bir şəhəri, kəndi dirçəldəcək. Bu dirçəliş həm də dost ölkələrlə həmrəyliyin əməli ifadəsinin təcəssümünə çevriləcək.

Mustafa KAMAL,

"Respublika".