Doğma diyarımıza əbədi qayıtmışıq
CƏMİYYƏT

Doğma diyarımıza əbədi qayıtmışıq

1992-ci ilin fevral ayında Ermənistan, Qarabağdakı şovinist, daşnak və separatçı haylar, o cümlədən xarici ölkələrdən gətirilmiş muzdlular, keçmiş sovetlər birliyinin Xankəndidəki bədnam 366-cı alayının köməyi ilə Xocalıda dinc əhaliyə qarşı soyqırımı törətdilər. May ayı başlayandan Azərbaycanda ictimai-siyasi vəziyyət çox təlatümlü və təhlükəli idi. Demokratiya bayrağı altında ayrı-ayrı silahlı dəstələr yaranmış, müstəqilliyini yeni elan etmiş respublikada hakimiyyət boşluğu, qanunsuzluq krizisi cəmiyyəti laxlatmışdı, anarxiya, dərəbəylik baş alıb gedirdi. Digər bir tərəfdən isə Ermənistan öz havadarlarının köməyilə Qarabağı Ermənistana birləşdirmək üçün yerli azərbaycanlılara qarşı terror hadisələri törədir, kəndləri işğal edir, əhali öz yurdundan didərgin salınırdı. Həmin il mayın 8-də Şuşanın işğala məruz qalması alçaq xəyanətin nəticəsi idi. Bu hadisədən sonra mühüm strateji nöqtədə yerləşən Laçın rayonunda da vəziyyət çox ağırlaşdı. Bakıda baş verən hadisələr buradakı müdafiə dəstələri arasında qarşıdurma yaradır, sərhəddə yerləşən bütün hərbi bölüklər Bakıya qaytarılırdı. Cəbhəçilər məsələni Bakıda həll edəndən, yəni hakimiyyəti ələ keçirəndən sonra geri qayıdıcaqlarını deyirdilər.

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Şimaldan Kəlbəcər rayonu, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı rayonu, qərbdən isə Ermənistan ilə həmsərhəddir. 1992-ci il mayın 18-də Laçın rayonu işğal edildi və yerli əhaliyə qarşı etnik təmizləmə həyata keçirildi. Erməni işğalı nəticəsində 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Həmin vaxt rayonun əhalisi 79.1 min nəfər olub, respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.

Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı yalnız Azərbaycan iqtisadiyyatına deyil, mədəniyyətimizə, tarixi-mədəni irsimizə də ciddi ziyan vurdu. Yerli əhali hərbi təcavüz nəticəsində dədə-baba yurdundan didərgin salındı və 30 ilə yaxın işğalçılar bu qədim diyarın sərvətlərini, laçınlıların mülklərini qarət edərək yağmaladılar. Erməni canilər Laçında qanunsuz məskunlaşma apardılar, bu qədim türk torpaqlarını erməniləşdirməyə cəhd etdilər. Zamana və ən yeni tarixə görə Şuşa və Laçının işğal edilməsinin əsas məsuliyyəti AXC-Müsavat cütlüyünün üzərinə düşür və sonrakı hadisələr də bunu bir daha sübut etdi.

Laçının işğala məruz qalması böyük faciə, strateji nöqteyi-nəzərdən böyük bir sınaq, fəlakət idi. Bu fikirləri Prezident İlham Əliyev "Laçın Şəhəri Günü" ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı deyib: "Çünki beləliklə, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. May ayı müstəqil Azərbaycanın tarixində bu iki faciəvi günlə əlaqəli idi. Yəni bizim müstəqil həyatımızda may ayı faciəli bir ay idi - çünki 8 mayda Şuşa, 18 mayda Laçın işğal edildi. İşğal bizi içəridən sarsıdırdı və bu işğal digər torpaqlarımızın işğal altına düşməsinin başlanğıcı idi. Çünki birinci Şuşa, ondan sonra Laçın işğal olunmuşdur".

44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edən müzəffər Azərbaycan Ordusunun bölmələri 2020-ci il noyabr ayının əvvəlində Laçın rayonunun bir çox yaşayış məntəqələrini geri qaytararaq Ermənistanla Xankəndini birləşdirən Laçın dəhlizinə nəzarəti ələ keçirdi. Noyabrın 9-da isə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri ordumuzun bölmələri tərəfindən nəzarətə götürüldü. 2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonunun işğal altında qalan ərazisi 28 ildən sonra bir güllə atılmadan azad edildi. Lakin Laçın şəhərində, Zabux və Sus kəndlərində ermənilər qanunsuz məskunlaşma apardıqları üçün haylar həmin ərazilərdən çıxmaq istəmirdilər. Ermənilər odla oynadıqlarının fərqində deyildilər, unudurdular ki, yaşadıqları Ermənistanın bütün əraziləri İrəvan xanlığına və qədim Zəngəzur mahalına aid olub, həmin ərazilərdə qədim türk adları mövcuddur. Əslində, tarixi həqiqət də ondan ibarətdir ki, 1918-ci ilədək bu yerlərdə nə erməni dövləti, nə də Ermənistan mövcud olub. Bu ərazilər çar Rusiyası tərəfindən işğal edilənədək türklərin, daha dəqiq desək, azərbaycanlıların qədim torpaqları olub. Ermənilər bu torpaqlara köçürüləndən sonra onlar özləri haqqında rəvayətlər uydurub, harada bir xristian məbədi varsa, dərhal həmin yerlərin ermənilərə aid olmasını iddia ediblər. Uzun illər ərzində dünyanın inandığı həmin erməni mifini müzəffər Azərbaycan Ordusunun Qalib Ali Baş Komandanı İlham Əliyevin dəmir yumruğu yerdən-yerə vurdu, ermənilərin qorxaq və yalançı olduqları ortaya çıxdı.

Döyüş meydanında və siyasi müstəvidə böyük üstünlük qazanan Azərbaycanın tələbi ilə 2022-ci il avqustun 26-da Laçın şəhərində, Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşan ermənilər bu ərazilərdən köçürüldülər. Orada yaşayan ermənilər Azərbaycan dövlətinə müraciət ünvanlayaraq, Laçını tərk etmələri üçün onlara əlavə vaxt verilməsini xahiş etdilər. Azərbaycan rəhbəri humanistlik göstərərək onlara bu imkanı yaratdı. Ermənilər isə öz xislətlərinə uyğun olaraq faşist təfəkkürü ilə uzun illər yaşadıqları evlərə od vuraraq yandırdılar. Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüb çıxdılar. Azərbaycan Ordusunun bölmələri onlara ərazini tərk etmək üçün şərait yaratdı.

Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayəsində işğaldan azad edilən dağlar diyarı, gözəlliklər məskəni, igidlər yurdu Laçın barədə ermənilərin və onların havadarlarının xəbis niyyətini qəhrəman Azərbaycan ordusu alt-üst etdi, hərbi və diplomatik yolla rayon işğaldan azad edildi. İlk vaxtlar Laçın şəhərindən keçən yol Rusiya sülhməramlılarının nəzarət zonasında qaldı. Ermənilər həmin yoldan gecə-gündüz istifadə edir, Xankəndidə və ətraf ərazilərdə qalmış işğalçı ordu hissələrinə silah-sursat daşıyırdılar. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda yeni yolun inşası öz əksini tapmışdı. Lakin nə Ermənistan, nə də onun ən böyük himayədarı Fransa siyasi təxribatlardan əl çəkmir, sülh və normallaşma prosesinə maneələr yaradırdılar. Fransanın "humanitar yardım" adı ilə həyata keçirdiyi növbəti təxribat da baş tutmadı. Azərbaycan Fransadan göndərilən "humanitar yükü" Qarabağa buraxmadı və "humanitar yüklü" 10 avtomobil iyulun 26-da sərhəddə gözləyən "Spayka" avtomobillərinin sırasında qaldı.

Qarabağa və Şərqi Zəngəzura Qalib Ali Baş Komandanın, Qarabağ fatehinin rəhbərliyi, Azərbaycan xalqının birliyi, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Vətən müharibəsi xalqımızın birliyini, hünərini, əzmini, haqqını və mübarizəsini bir daha bütün dünyaya göstərdi. İkinci Qarabağ müharibəsində mərmilərin şırım açdığı, düşmənin xarabalığa çevirdiyi, igid oğullarımızın qanı tökülən torpaqlarda tarixi ədalətin, qələbənin, inkişafın, quruculuğun və şərəfli qayıdışın addım səsləri eşidilir. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə aparılan təmir-quruculuq işlərinin səmərəliliyinin artırılması məqsədilə 24 noyabr 2020-ci ildə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında" sərəncam imzalayıb. 19 yanvar 2021-ci ildə isə ölkə başçısının "İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında" Fərmanına əsasən artıq Ağdam, Cəbrayıl, Zəngilan, Şuşa və Laçın rayonları üzrə Prezidentin xüsusi nümayəndələri təyin edilib. Böyük Qələbədən sonra bölgədə yeni reallıq yaranıb, respublikamızda Qarabağın və Şərqi Zəngəzurun bərpasını, inkişafını nəzərdə tutan, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə ləyaqətli qayıdışını təmin edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunur. Dağlar diyarında aparılan quruculuq işləri haqqında Prezident İlham Əliyev bildirib ki, Laçın şəhəri Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, bir cənnətməkan olacaq. Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik.

Füsunkar təbiəti, meşələri, dağları, çayları ilə Laçın torpağı cənnəti xatırladır. Laçın nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Dövlətimizin başçısı İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın 2021-ci avqust ayının 16-da Laçına səfəri zamanı Qorçu kəndində təməlini qoyduqları Laçın Beynəlxalq Hava Limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Yeni texnologiyalar əsasında inşa edilən hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Laçında yeni yollar çəkilib, enerji təsərrüfatı qurulub, həyat əhəmiyyətli infrastruktur və iş yerləri yaradılıb, artıq şəhərdə marşrut avtobusları əhaliyə xidmət göstərir. Təbii ki, bu laçınlı keçmiş məcburi köçkünləri sevindirir.

2023-cü il aprel ayının 23-ü. Həmin gün Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi yaradıldı. Bu adi bir gün deyildi, 23 aprel ərazi bütövlüyümüzün tam bərpası demək idi və Azərbaycan bunu beynəlxalq hüquq çərçivəsində etdi, öz ərazisini, sərhədlərini özü qorumağa başladı. Əlbəttə ki, siyasi oyunların getdiyi bir məqamda bunu etmək böyük iradə, cəsarət, əzmkarlıq tələb edirdi. Azərbaycan ona edilən təzyiqlərə baxmayaraq, bu iradəni, bu cəsarəti, bu gücü bütün dünyaya nümayiş etdirdi. Rəsmi Bakı qətiyyətli addım ataraq, Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə, Həkəri çayının üzərində Laçın sərhəd-buraxılış məntəqəsini qurdu, ölkəmizin sərhədlərinin bütövlüyünü təmin etdi. Bu, Azərbaycanın 44 günlük müharibədən sonra əldə etdiyi növbəti tarixi nailiyyət idi. Fədakarlıq, qətiyyət nəticəsində Laçının işğalçılardan azad edilməsi həm döyüş meydanında, həm də diplomatiya və danışıqlar formatında tam qələbə ilə başa çatdırıldı. Bu tarixi Zəfər təkcə Ermənistanı deyil, dünya erməniliyini, erməni lobbisini, hayları şər yoluna səsləyən kilsəni, doğulan uşaqlarının qulağına "türk sənin düşmənindir" pıçıldayan din xadimlərini, daşnak ideyalarının daşıyıcılarını, ermənipərəst qüvvələri, hay təəssübkeşliyi göstərən bəzi ölkələri məğlub edərək onları güclü şəkildə sarsıtdı.

Laçın rayonunun işğaldan azad edilməsindən az sonra Qalib Ali Baş Komandan İlham Əliyev rayona səfər edərək burada xüsusi proqram əsasında aparılacaq infrastruktur layihələrin təməlini qoydu və artıq onların böyük əksəriyyəti icra edilib. Onlardan biri də Zerti Aqrar Sənaye Parkıdır. Adıçəkilən aqro-sənaye parkında yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün konteyner tipli təsərrüfatlar yaradılıb. Hazırda Zerti Aqro-Sənaye Parkında 10-a yaxın müəssisə fəaliyyət göstərir. Həmin müəssisələrdə 250-yə yaxın işçi çalışır ki, onların hamısı laçınlılardır. Aqro-Sənaye Parkında gələcəkdə bütün müəssisələrin fəaliyyətə başlaması ilə 1200 iş yerinin açılması gözlənilir. Şəhərsalmanın inkişaf konsepsiyalarının bütün yeni elementləri Laçında tətbiq edilir desək, heç də yanılmarıq. Mühüm dövlət sənədinə uyğun olaraq Laçın həm də aqrar-sənaye mərkəzinə çevrilir. Həkəri çayının zümzüməsi altında Laçın ecazkar bir görkəm alır, burada regionda analoqu olmayan modern evlər tikilib, geniş küçələr, parklar salınıb, bir sözlə, bütün infrastruktur böyük zövq və şövqlə yaradılıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirirlər.

Bu gün dünya Azərbaycan həqiqətlərini qəbul etmək məcburiyyətindədir. İşğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri, müşahidə olunan canlanma, o yerlərin gülüstana çevrilməsi dünya dövlətlərini, beynəlxalq təşkilatları bir daha düşündürməlidir. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Bu səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, "Qorçu" və "Laçın" şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, 110/35/10 kV-luq "Laçın" Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub. Dövlət başçısı İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun". Yurd həsrəti yaşayan, didərgin taleyin gərdişinə səbirlə dözən, torpaq, el-oba sözləri dilindən düşməyən laçınlılar doğma yurda qayıtdıqları üçün göydə Tanrıya, yerdə isə Qalib Ali Baş Komandan İlham Əliyevə dua edir, şükranlığı sözlərə sığmır, ürəklərindən qopub gələn duyğular düşməni diz çökdürən əsgərlərimizin, zabitlərimizin hünərini vəsf edir, öyünür, qürur hissi keçirirlər. İllərdir yarımçıq qalan arzular, diləklər çin olur, edilən dualar artıq yurd yerlərində gerçəyə çevrilir, işğaldan azad olunan yurd yerlərimiz doğma sakinlərinə qucaq açır.

Böyük Qayıdış proqramı əsasında Laçına qayıdan insanların köçü davam edir, evinə, ocağına, yurd əmanətinə qovuşan adamların sevincinin həddi-hüdudu yoxdur. Laçında məskunlaşan həmyerlilərimiz yeni, firavan həyata qədəm qoyurlar. Ən ağır illərdə belə torpaq və yurd həsrəti ilə yaşayan Laçın camaatı həmişə güclü inam, dövlətçiliyimizə sədaqət və fəal vətəndaş mövqeyi nümayiş etdirib, birmənalı olaraq iqtidarın müdafiəsində dayanıb. 30 ilə yaxın yurd həsrəti yaşayan laçınlılar deyir: "Fəxr edirik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Laçın dünyanın ən gözəl, modern və çağdaş bir şəhərinə çevrilir. Bundan böyük xoşbəxtlik ola bilməz. Biz həmişə inandıq, ümidimizi heç zaman itirmədik. Bu qətiyyətin mahiyyətində dövlətimizin başçısı İlham Əliyevə sarsılmaz inam dayanır".

Salman ALIOĞLU,

"Respublika".