Dövlət Xidməti Lənkəranda gənclərlə görüş təşkil edib
Region

Dövlət Xidməti Lənkəranda gənclərlə görüş təşkil edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Lənkəran Dövlət Universiteti və Sosial və Aqrar-Texnoloji Kolleclə birgə gənclər üçün zərərli vərdişlərin fəsadlarına həsr edilmiş konfrans keçirilib. Tədbirdə Dövlət Xidmətinin əməkdaşları ilə yanaşı, ali məktəbin müəllim və tələbələri, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və bir sıra dövlət qurumlarının məsul şəxsləri iştirak ediblər.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mərasimdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənclər arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması məqsədilə görülən işlər barədə danışıb. Sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarına müəyyənedici təsir göstərən sağlamlıq meyarlarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildirib.

Görüşdə iştirak edən “Azərbaycan bayrağı” ordenli Sulduz Həbibov 44 günlük Vətən Müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gənclərə dəyərli tövsiyələrini çatdırıb. Tədbirin sonunda tələbələr tərəfindən səhnələşdirilən, zərərli vərdişlərin ailələrə vurduğu ziyandan bəhs edən kiçik tamaşa nümayiş olunub.

M.MİRZƏ,

“Respublika”.