Dövlətin qayğısı xidmətin səviyyəsini yüksəldir
Səhiyyə

Dövlətin qayğısı xidmətin səviyyəsini yüksəldir

17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür

Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli rəhbərliyi sayəsində 1970-ci illərdən sürəti inkişaf yoluna qədəm qoyan Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçərək inkişaf edir. Son illər tibb müəssisələrinin yenilənməsi və maddi-texniki bazasının gücləndirilməsi respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa geniş zəmin yaradır.

"Şəki RMX" PHŞ TƏBİB-in tabeliyində fəaliyyətini davam etdirərək rayonda yaşayan 190 mindən çox əhali ilə yanaşı, ətraf bölgələrdən müraciət edən xəstələrə qismən ambulator, həm də stasionar tibbi yardım göstərir.

Terapevt Sevinc Babayeva deyir:

-Tibb Universitetini bitirdikdən sonra 2011-ci ildən rayon xəstəxanasında həkim işləyirəm. 2018-ci ildə isə tibbi uzmanlıq imtahanını müvəffəqiyyətlə verərək Türkiyənin İstanbul şəhərində təhsil aldım. Ölkəmizdə bütün sahələrin tərəqqisini yüksək qiymətləndirərək demək istərdim ki, səhiyyyəmizin də inkişafı göz önündədi. Sığorta sisteminin yaranması ilə xəstələrə faydamız və tibbin əlçatanlığı durmadan artır. Prezident Heydər Əliyevin 2001-ci il iyun ayının 4-də imzaladığı Sərəncama görə, hər il tibb işçilərinin peşə bayramının qeyd olunması əməyimizə verilən yüksək qiymət kimi bizi sevindirir və məsuliyyət hissimizi artırır. Bu mənada həkimə müraciət edənlərin gözlərində sevinc hissini görmək bizim üçün böyük səadətdir. Çünki uğurla həyata keçirilən dövlət proqramlarına uyğun olaraq tibbin tərəqqisi üçün tam şərait yaradılıb. Ümummilli Lider Heydər Əliyevin xalqa bağlı müdrik siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilməsi nəticəsində bütün sahələrdə olduğu kimi rayonumuzda da müasir tələblərə cavab verən yeni xəstəxanın tikilməsi və müvafiq avadanlıqlarla təchiz edilməsi buna əyani sübutdur.

Cərrah, “Tərəqqi” medallı Maarif Əliyev söhbətə qoşulur:

--1974-cü ildən uşaq cərrahı işləyirəm, 73 yaşım var. Bu mənada səhiyyəmizin inkişaf tarixini yaxşı xatırlayıram. Ümummilli lider Heydər Əliyev respublikamızın rəhbəri seçildiyi 1969-cu ildən başlayaraq digər sahələrlə yanaşı, səhiyyəmiz də inkişaf dövrünə qədəm qoydu. Yeni-yeni xəstəxanalar inşa olundu. Hətta deyərdim ki, ən ucqar kəndlərimizdə belə səhiyyə ocaqlarının fəaliyyəti genişləndi. Ölkəmizdə tibb sahəsinə göstərilən dövlət qayğısı bu gün də davam edir.

Biz bu diqqət və qayğını ailəmizdə də hiss edirik. Belə ki, həyat yoldaşım da tibb universitetini bitirib, uzun illər rayonda həkim işləyib, indi təqaüddədir. Qızım da bizim peşənin sahibidir, sadəcə Tibb Universitetini müvəffəqiyyətlə bitirdiyindən universitet rəhbərliyinin dəvəti ilə orada pedaqoji fəaliyyətini davam etdirir, asosentdi. İcbari sığortanın tətbiqi tibbin inkişafına təkan verir.

Mən bir həkim kimi qürur hissi keçirirəm ki, 2020-ci ildə Vətən müharibəsinin davam etdiyi günlərdə xəstəxanamızda 165 nəfər döyüşçüyə stasionar tibbi xidmət göstərilmiş və 2022-ci ilin aprel ayında "Qazilərlə əlaqəli bölmə" yaradılmışdır. Bir sözlə, dövlətimizin siyasəti, o cümlədən tibbin inkişafı üçün diqqəti və qayğısı bizi sevindirir, xalqa xidmətimizi durmadan yüksəldir.

Mikayıl NƏRİMANOĞLU,

“Respublika”.