Dünya əhəmiyyətli “Qədim Gəncə” ərazisində yaşıllıq və abadlıq aksiyası
Bölgələr

Dünya əhəmiyyətli “Qədim Gəncə” ərazisində yaşıllıq və abadlıq aksiyası

Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar, o cümlədən 15 İyun–Milli Qurtuluş Günü münasibəti ilə qoruğun ərazisinə daxil olan orta əsrlərə aid, dünya əhəmiyyətli “Qədim Gəncə” ərazisində yaşıllıq və abadlıq aksiyası keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Müşfiq Cəfərov, Səhiyyə Nazirliyi Gəncə Tibb Kolleci PHŞ-nin direktoru, Əməkdar həkim Mehman Rzayev, bələdiyyə sədrləri, ali və orta ixtisas məktəblərinin, peşə təhsili mərkəzlərinin kollektivləri, 1 və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzlərinin könüllüləri, Heydər Əliyev Park-Xiyaban Kompleksinin, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları iştirak ediblər. Aksiya zamanı ərazinin müəyyən hissəsi tullantılardan təmizlənib. Əraziyə 101 ədəd sərv ağacı əkilib, onlara aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, Gəncə şəhəri özünün zəngin mədəni irsi, maddi-mədəniyyət abidələri ilə xalqımızın milli sərvətlərinin qorunması işinə öz layiqli töhfəsini verir. Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əlavə olunmuş siyahılara əsasən, Gəncə şəhər ərazisində qeydiyyata alınmış dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin sayı 258-dir. Bunlardan 1-i dünya əhəmiyyətli, 37-si ölkə əhəmiyyətli və 220-si isə yerli əhəmiyyətlidir.

Zabit XƏLİLOV,

“Respublika”.