Müasir dövrdə bəşəriyyəti narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Bu dəyişmələr və onların canlı aləmə təsiri artdığı üçün dünya birliyini daha çox narahat edir. Bu gün əksər dövlətlər iqlim dəyişmələrindən ciddi şəkildə əziyyət çəkirlər. İqlim dəyişmələri nəinki ölkələrin iqtisadi vəziyyətinə, həmçinin insanların sağlamlığına da ziyan vurur. Son 100 ildə Yer kürəsində orta temperaturun 0,8 dərəcə artması bunu bir daha təsdiqləyir. İqlim dəyişmələri, həmçinin planetin müxtəlif yerlərində tufanların, çovğunların, sel, daşqın hadisələrinin intensivliyini artırıb.
Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmır. Zaman keçdikcə bu problemlərin həllinə diqqətin artırılması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində büruzə verir. Ölkəmiz bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.
Bu cür mötəbər toplantının Azərbaycanda keçirilməsi dövlətimizin beynəlxalq tədbirlərə önəm verdiyinin, rəsmi Bakıya göstərilən etimadın təzahürüdür. Çünki iqlim dəyişmələri ilə mübarizə üçün real maliyyələşdirilmələrin aparılması, investisiyaların cəlb olunması vacibdir. Ölkəmiz bu sahədə böyük təcrübəyə malikdir. Hər il dünyanın müxtəlif ölkələrindən olan hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və onun fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün müxtəlif çağırışlarla gündəmə gəlirlər.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib. Tədbirin əsas məqsədi dünyada iqlim dəyişmələri ilə mübarizəni gücləndirməkdir. Xatırladaq ki, 1992-ci ildə sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu, 2015-ci illərdə baş tutan sessiyalarda isə iqlim dəyişmələri ilə mübarizədə ən əhəmiyyətli Paris Sazişi imzalanıb. Belə mötəbər tədbirə ev sahibliyinin Bakıya həvalə edilməsi bir daha onu göstərir ki, "yaşıl enerji"ni təşviq edən, istixana qazı emissiyalarını azaldan və xarici siyasətdə ölkənin dayanıqlı inkişaf yollarına diqqətçəkən Azərbaycan qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri daha da gücləndirəcək. Ölkəmiz prosesə töhfə verməklə bir daha dünyanın diqqət mərkəzində olacaq.
Ölkəmiz bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Respublikamızın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavat təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji üzrə 380 meqavatdır. Qeyd edək ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını proqnozlaşdırıb. Bununla yanaşı, 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən olunub ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.
İşğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ torpaqları da "Yaşıl enerji" zonası elan edilib. Bu ərazilərin 2050-ci ilədək "netto sıfır emissiya" zonasına çevrilməsi planlaşdırılır. Azərbaycan hazırda "yaşıl kənd təsərrüfatı", "yaşıl nəqliyyat", "ağıllı şəhərlər", "ağıllı kəndlər" kimi layihələri də uğurla həyata keçirir. Ölkəmiz neft hasilatında öz sözünü demiş dövlətlərdən olsa da "yaşıl enerji" ilə bağlı da bir çox layihələr həyata keçirir. İkinci Qarabağ savaşında qazandığımız qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərdə bu layihələrin tətbiqi özünü daha aydın büruzə verir. Uğurla davam edən Böyük Qayıdış Proqramı bütün cəmiyyət tərəfindən dəstəklənir. On illər boyu xarabalığa çevrilmiş Qarabağda artıq "ağıllı şəhərlər", "ağıllı kəndlər", müasir su anbarları, suvarma sistemlərinin tikintisi kimi böyük işlər həyata keçirilir. Yaxın gələcəkdə Qarabağ "yaşıl enerji" zonasına, ətraf mühitin sağlam olduğu əraziyə çevriləcək. Eyni zamanda "Yaşıl dünya naminə həmrəylik ili" haqqında sərəncamda da Azərbaycanın bu il ərzində "yaşıl enerji" sahəsində çoxsaylı tədbirlər həyata keçirəcəyi öz təsdiqini tapıb. İqlim problemi üçün konkret maliyyə vəsaitinin ayrılması, fond yaradılması da bu qəbildəndir. Şübhəsiz ki, cari ildə keçirilməsi nəzərdə tutulan COP29-da daha təqdirəlayiq qərarlar qəbul olunacaq, addımlar atılacaq. Bir sıra nüfuzlu ölkələrin dünya liderlərinin, eləcə də bu sahə üzrə mütəxəssislərin Azərbaycanda toplanması, yeni təşəbbüslərin və istiqamətlərin müəyyənləşməsinə mühüm töhfə olacaq. BMT-nin ən böyük miqyaslı tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsi respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq. Azərbaycan bu cür mötəbər tədbirə ev sahibliyi etməklə bütün sahələrdəki inkişaf tempini dünya ictimaiyyətinin diqqətinə çatdıracaq.
Nəzrin ELDARQIZI,
"Respublika".