Türkiyə Silahlı Qüvvələrinin planlaşdırılmış ən böyük təlimlərindən biri olan "EFES - 2024" Birləşmiş Müştərək Döyüş Atışlı Sahə Təlimi 9-30 may tarixləri arasında İzmir körfəzi və "Doğanbey" Atış Təlim Bölgəsində həyata keçirilib.
Dünyanın 49 ölkəsindən 11 mindən çox hərbçinin iştirak etdiyi təlimlərin əsas məqsədi birgə əməliyyatlar çərçivəsində müxtəlif qoşun növlərinin hərəkətlərinin maksimum uzlaşmasını təmin etməkdən və təcrübə mübadiləsi aparmaqdan ibarət olub. Müxtəlif müharibə ssenarilərinin yer aldığı "EFES - 2024" təlimi bu günə qədər keçirilən "EFES" seriyalı təlimlərdən iştirakçıların sayının çoxluğuna görə fərqlənib.
İki ildən bir keçirilən genişmiqyaslı təlimlərdə Quru Qüvvələri, həmçinin Hərbi Dəniz Qüvvələri (HDQ) və Hərbi Hava Qüvvələri (HHQ) iştirak edib. Təlimlər çərçivəsində birgə əməliyyatların müxtəlif ssenariləri, planlaşdırma, əməliyyatlar zonasında hərəkətlərin aparılması və əlaqələndirilməsi taktikaları işlənib hazırlanıb.
Şərti düşmənin hədəflərinə artilleriya, aviasiya, o cümlədən pilotsuz uçuş aparatlarından (PUA) atəş açılıb. Xüsusi təyinatlı qüvvələr müəyyən əraziyə enib, pilotsuz yerüstü və sualtı aparatların məhv edilməsi, ərazinin minalardan təmizlənməsi və dəniz piyadalarının enməsi əməliyyatları həyata keçirilib.
"EFES - 2024" təlimində "ASELSAN" ən müasir sistemləri ilə özünü göstərib. "ASELSAN", təlimdə 70-ə yaxın sistemlə iştirak edib.
Türkiyə Milli Müdafiə Nazirliyinin "EFES - 2024" təlimində keçirdiyi mətbuat konfransında ilk dəfə atış təlimində bir çox silah və sistemin müxtəlif üsullarla istifadə edildiyi də açıqlanıb. Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk ilk dəfə quru əməliyyatlarında on altı, dəniz əməliyyatlarında bir və Xüsusi Təyinatlı Qüvvələr Komandalığı tərəfindən yeddi silah və sistemin atış təlimlərində istifadə edildiyini bildirib.
"EFES - 2024" çoxmillətli təlimində Azərbaycan Ordusunun hərbçiləri də iştirak ediblər. Təlimin planına əsasən, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif çaplı atıcı silahlardan praktiki atışlar icra ediblər.
Bundan başqa, yaşayış məntəqəsində döyüşün aparılması və şərti düşmənin zərərsizləşdirilməsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təxliyə olunması üzrə tapşırıqlar uğurla həyata keçirilib. Azərbaycan Ordusunun hərbi qulluqçuları digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Qarşılıqlı təcrübə mübadiləsinin aparılması, iştirakçı ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, həmçinin onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən beynəlxalq təlim mayın 30-da başa çatıb.
Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti də "EFES - 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.
"Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri Yaşar Güler çıxış edib.
Nümayəndələr Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olduqdan sonra "Türk Ulduzları"nın nümunəvi uçuşlarını izləyiblər.
Sonra "EFES - 2024" təlimində fərqlənənlər mükafatlandırılıblar.
Esmira YAZKAN ASLANOVA,
"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.