Ehtiram mənəvi borcumuzdur
Region

Ehtiram mənəvi borcumuzdur

Tərtər

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Rayon Təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis vəzifəsini icra edən Pərviz Hüseynov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, şəhid ailələri, qazilər və veteranlarla birlikdə doğum günü münasibətilə şəhid Abbaszadə Emin Faiq oğlunun xatirəsinə inşa edilmiş bulağı ziyarət edib, önünə gül dəstələri düzüb. Məktəblilər Vətənə və şəhidlərə aid şeirlər səsləndiriblər.

Sonra icra başçısı və qonaqlar şəhidin ailəsinə baş çəkib, onların qayğıları və problemləri ilə maraqlanıblar. Görüşdə şəhid haqqında doğmalarının xatirələri dinlənilib, keçdiyi döyüş yolundan bəhs olunub.

Qeyd edək ki, şəhid Emin Abbaszadə 1998-ci il may ayının 15-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. O, 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb və Kəngərli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid Abbaszadə Emin Faiq oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsini həmişə əziz tutduqlarına, onun Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

"Respublika".