Ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox işlər görülür
Müsahibələr

Ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox işlər görülür

Ölkəmiz bu il daha bir qlobal əhəmiyyət kəsb edən tədbirə - COP29-a ev sahibliyi edəcək. Dünya ölkələri tərəfindən qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bakının böyük nüfuza malik tədbirə ev sahibliyi etməsi həm də onu göstərir ki, Azərbaycan ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük əhəmiyyət verir və bu gündəliyə sadiqliyini nümayiş etdirir. Mövzu ilə bağlı ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərovun müsahibəsini təqdim edirik.

- Azərbaycan iqlim dəyişmələri probleminin həlli istiqamətində bir çox işlər görür. Bunu necə qiymətləndirirsiniz?

 - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ildə Rio-de-Janeyroda qəbul edilib. Konvensiyanın əsas məqsədi yerin iqliminə mənfi antropogen təsiri azaltmaqdır. 1995-ci ildə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Kioto Protokolu 1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində qəbul edilib və 2005-ci il fevralın 16-da qüvvəyə minib. Azərbaycan Respublikası Milli Məclisi 18 iyul 2000-ci il tarixli qərarı ilə bu Protokola qoşulub. Protokol üzrə istilik effekti yaradan qazların azaldılmasına dair öhdəliklərin yerinə yetirilməsinin birinci mərhələsi (2008-2012-ci illər) başa çatdıqdan sonra, 2012-ci ildə Doha şəhərində 18-ci Tərəflər Konfransında Kioto Protokolunun ikinci mərhələsi (2013-2020-ci illər) üzrə Doha əlavəsi qəbul edilib. 2016-cı ildə Nyu-Yorkda, Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimi keçirilib və bu sənədi 171 ölkənin nümayəndələri imzalayıb. Paris Razılaşması 12 dekabr 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul olunub. 2023-cü ildə Dubayda COP28-in iclası keçirilib və burada bir sıra məsələlər üzrə bəyannamə qəbul edilib. Yuxarıda qeyd etdiklərimizdən göründüyü kimi, iqlim dəyişmələri konvensiyası mürəkkəb və uzun bir prosesdir. Konvensiya qəbul ediləndə beynəlxalq ictimaiyyət bəşəriyyətin bu problemin öhdəsindən gələcəyinə əmin idi. 32 il keçib və iqlim dəyişmələri təhlükəsi daha da aktuallaşıb.

Azərbaycan həmin konvensiyanın əsas sənədlərinə 2000-ci ildə qoşulub. Ötən 24 ildə ölkəmizdə çox işlər görülüb. Bir çox qanunvericilik və normativ-hüquqi aktlar, avtomobil nəqliyyatı ilə bağlı ciddi standartlar qəbul olunub, atmosferə atılan metan tullantıları 60 faiz, istixana qazları əhəmiyyətli dərəcədə azaldılıb, on milyonlarla ağac və kol əkilib. Meşələrin mühafizəsi və bərpası istiqamətində işlər gücləndirilib.

Bütün görülən işlər və əldə olunan nailiyyətlər Azərbaycanın iqlim dəyişmələrinin qarşısının alınmasında qlobal səviyyədə iştirak etməyə nə qədər hazır olduğunu göstərir. Bu müddət ərzində 28 İqlim Dəyişmələri Konfransı (COP) keçirilib. Bir çox konfransların nəticələri aşağı səviyyədə olub. Cəmi 4 konfrans mahiyyət etibarilə daha ciddi, mühüm sənədlərin qəbulu ilə yadda qalıb. Təəssüf ki, istənilən nəticəni hələ də əldə etmək mümkün olmayıb.

- COP29-a ev sahibliyi də bu istiqamətdə atılmış ən önəmli addımdır. Bu tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyəti nədir?

- Ənənəvi olaraq iqlim dəyişmələri ilə bağlı konfranslar iqlimə mənfi təsir göstərən böyük ölkələrdə keçirilir. Bu il Azərbaycanda COP29-un həyata keçirilməsi ölkənin yüksək reytinqini və iqlimə mənfi təsirin azaldılması sahəsində əldə edilən uğurları göstərir. Bəzi xarici ekspertlər və tənqidçilər konfransın Azərbaycanda keçirilməsinin əleyhinədirlər. Bu mövqeyi Azərbaycanın bərpaolunmayan yanacaq istehsal və ixrac edən ölkə olması ilə əsaslandırırlar. Amma bu, yalan bəyanatdır. Azərbaycan qaz və neft yanacaqları ilə yanaşı, külək və günəş enerjisində böyük potensiala malik olan alternativ enerji mənbələrini inkişaf etdirir. Eyni zamanda respublikamız Avropanın və digər ölkələrin enerji təhlükəsizliyini təmin edir, hidrogen yanacağının və yaşıl elektrik enerjisinin istehsalı üzrə qlobal layihələr hazırlayır. Bütün bu layihələr və nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti ilə qırılmaz şəkildə bağlıdır. Məhz dövlət başçımız bütün dünyaya göstərə bildi ki, ölkəmiz planetin iqlimini qorumaq üçün daha çox işlər görür. Azərbaycan liderinin yüksək siyasi və sosial reytinqi, aparıcı dövlətlərin rəhbərləri arasında qazandığı hörmət Azərbaycanda iqlim konfransı keçirməklə bağlı qərarın verilməsinə zəmin yaratdı.

- COP29-un təşkili ilə bağlı komitə də yaradılıb. Daha sonra tərkibində dəyişiklik edilib. Bununla bağlı nə deyə bilərsiniz?

- Konfransın hazırlanması, keçirilməsi üçün komissiya və komitənin yaradılması da Prezidentin və hökumətin bu məsələyə çox ciddi münasibətini əks etdirir. Komitənin tərkibinin genişləndirilməsi əsaslandırılmış addımdır, çünki işlədikcə yeni məsələlər və vəzifələr ortaya çıxır, onların həlli komitənin tərkibinin genişləndirilməsini zəruri edir. Ümid edirik ki, qlobal səviyyəli tədbirlərin keçirilməsində kifayət qədər təcrübəsi olan Azərbaycan COP29-un uğurla reallaşdırılmasına nail olacaq. Bunun üçün potensial imkan, güclü iradə və istək var. Bütün dünya Azərbaycanın gücünə bir daha şahidlik edəcək.

- Müsahibə üçün təşəkkür edirik.

Müsahibəni apardı:

Musa BAĞIRLI,

"Respublika".