Elektrobuslara keçid təbiətə qayğıdır
Ekologiya

Elektrobuslara keçid təbiətə qayğıdır

COP29 yüksək səviyyəli beynəlxalq tədbir, beynəlxalq konfransdır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına hər il fərqli ölkələr ev sahibliyi edir. Konfrans ilk dəfə 1996-cı ilin mart ayında Berlində, son dəfə isə keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Bu il tədbirin ölkəmizdə keçirilməsi 200-ə yaxın dövlətin Azərbaycanın COP29-a sədrliyinə etimadını göstərir. COP29-un sədri olaraq dünya ölkələri arasında körpülərin, etimadın və həmrəyliyin qurulmasına Azərbaycan öz töhfəsini verəcək.

Konfransın əsas cəhətlərindən biri turizmin inkişafına müsbət təsir göstərməsidir. Ölkəmizə COP29 çərçivəsində 70-80 min turistin gəlməsi nəzərdə tutulur. Beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək baxımından böyük təcrübəyə sahib olan ölkəmizdə COP29-un da yüksək səviyyədə keçiriləcəyi şübhə doğurmur. Bu istiqamətdə xeyli vaxtdır ki, tədbirlər görülür. Paytaxtda olan hotellərin şəraiti daha da yaxşılaşdırılır, parklar abadlaşdırılır. Bu günlərdə Nəriman Nərimanov adına istirahət parkı da yenidən istifadəyə verilib. Prezident İlham Əliyev iyulun 15-də parkın açılışında iştirak edib. Eyni zamanda ölkə başçısının 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən Azərbaycan xalqının Vətən müharibəsindəki qəhrəmanlığının və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi üçün Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradılıb. Bu parkların yenidən qurulması COP29 tədbirləri çərçivəsində respublikamızın abadlaşdırılması istiqamətində mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ölkəmizdə ətraf mühitin mühafizəsinin, "yaşıl dünyanın" qurulmasının prioritet olduğunu təsdiq edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekovəziyyətin yaxşılaşdırılması istiqamətində əsaslı addımlar atılır. Ərazinin 100 hektarlıq hissəsində müxtəlif bitkilər əkilib.

COP29-a hazırlıq tədbirləri çərçivəsində ölkəmizin nəqliyyat strukturunda da dəyişikliklər edilməsi, bir çox elektrobusların marşrut xəttinə buraxılması gözlənilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin açıqlamasında bildirilib: "Görülən işlər çərçivəsində "BakuBus" MMC tərəfindən Çinin "BYD Company Limited" (BYD) şirkətindən 160 ədəd elektrik mühərrikli avtobusların ölkəmizə gətirilməklə istismara verilməsi nəzərdə tutulur".

İnsanların daim istifadə etdiyi nəqliyyat vasitələrinin ətraf mühitə vurduğu zərər, ekologiyanı zəhərləyən qazlar həyat üçün ciddi təhlükə hesab olunur. Bu zərəri azaltmaq üçün layihələr həyata keçirilir, nəqliyyat sistemində dəyişikliklər aparılır. Hazırda da bir çox ölkə elektrik avtobus parklarına böyük sərmayə qoyur. Çünki elektrikli avtobusların adi avtobuslarla müqayisədə ekoloji təmiz hava keyfiyyəti və aşağı texniki xidmət xərcləri kimi bir çox üstünlükləri var. Yol-nəqliyyat strukturunda edilən dəyişikliklərə baxdığımız zaman elektrikli avtobusların necə yarandığı və gələcəkdə yaradacağı imkanlara nəzər salmaq lazımdır. Bu barədə nəqliyyat eksperti Aslan Əsədov deyir: "Dünya təcrübəsində elektrobusların istismara verilməsi 10 ildən çoxdur davam edir. Adətən elektrobusları trolleybuslara alternativ olaraq görürlər və bu baxımdan da diqqətəlayiqdir. Müsbət cəhətlərindən biri ekoloji təmiz olmasıdır. Həmçinin alternativ yanacaqlarla işləyən avtobuslarda benzin sərfiyyatının olmaması, gediş haqlarının nisbətən aşağı olması ehtimal edilir. Artıq Mərkəzi Asiya ölkələrində, qonşu dövlətlərdə, demək olar ki, elektrobuslara keçid prosesi yekunlaşıb".

Mövzu ilə bağlı COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva qeyd edir ki, Azərbaycanda 3 000 avtobusun elektrobusla əvəz edilməsi hədəfi müəyyən edilmişdir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 5 hektar torpaq sahəsində tikilməsi planlaşdırılan zavodda il ərzində 150-200 ədəd elektrobusun istehsalı nəzərdə tutulur. Bundan əlavə, son illərdə əhalinin elektrik avtomobillərinə üstünlük verməsi, velosiped zolaqlarının salınması, skuterlərdən istifadəyə şəraitin yaradılması karbon emissiyalarının azaldılmasına böyük töhfədir".

Ölkəmizdə işə salınacəq yeni marşrutlar ekologiya və ətraf mühitin mühafizəsinə töhfə verəcək. Bu, Ana təbiəti qoruyacaq tədbirlərin bir parçasıdır. Onun qorunması üçün hər bir vətəndaş təbiəti təmiz saxlamalı və ona zərər verməməlidir.

Ləman TƏHMƏZ.