İmişli
Hazırda respublikanın hər yerində, o cümlədən İmişli rayonunda seçkilərə ciddi hazırlıq işləri davam edir. Rayonun hər yerində insanların seçki gününü səbirsizliklə gözlədikləri hiss olunur. Sakinlər, iş adamları, ziyalılarla söhbət edərkən bir daha deyilənlərin şahidi olduq.
İmişli "Yarat Təhsil və Karyera Mərkəzi"nin direktoru Ziya Rzayev bildirdi ki, bu seçki digərlərindən tam fərqlidir. Məlumdur ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ermənilər havadarlarının köməkliyi ilə torpaqlarımızın bir hissəsini işğal etdilər. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi pozuldu. Bu gün fəxrlə deyə bilərik ki, sentyabr ayının 1-də suverenliyi və ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanımızda şəffaf, demokratik seçkilər keçiriləcək. Son 30 ildə Azərbaycanda ədalətli, şəffaf, demokratik seçki ənənəsi formalaşıb. Ölkə vətəndaşları cəmiyyətin və dövlətin həyatında yaxından iştirak etmək, dövlət orqanlarına seçmək və seçilmək hüququna malikdirlər. Mən də bir neçə seçki prosesində iştirak etmişəm. Seçkilər mövcud qanunvericiliyə, Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil olunur. Bütün namizədlərə bərabər şərait yaradılır. Seçicilərə sərbəst şəkildə öz iradələrini ifadə etmək imkanı verilir. Mən müstəqil, suveren, qalib bir ölkənin vətəndaşı olmağımla qürur duyuram. Fevral ayının 7-də növbədənkənar prezident seçkilərində həvəslə iştirak edib xalqımızın müdrik lideri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin namizədliyini dəstəkləmişəm. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir, ölkəmizin bütün şəhər və rayonları gülüstana çevrilir. İşğaldan azad edilən ərazilərimizdə şəhər, qəsəbə və kəndlər yenidən qurulur, soydaşlarımız doğma ata-baba ocaqlarına böyük sevinclə qayıdırlar. Möhtərəm Prezidentimizin müstəqil siyasəti sayəsində Azərbaycan dünyada qalib, güclü, nüfuzlu dövlət kimi tanınır. Qarşıdakı növbədənkənar parlament seçkilərinin beynəlxalq standartlara uyğun ədalətli, obyektiv keçiriləcəyinə inanıram.
Ərəstun ABDULOV,
"Respublika".
Ağsu
Azad və şəffaf seçkilər
Mövcud qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin ədalətli keçirilməsi üçün bütün müvafiq işlər görülür. İndi seçkilərə hazırlığın qızğın dövrüdür. Namizədliyini irəli sürənlər imzatoplama kampaniyasını artıq başa vurublar. Seçici siyahıları yenilənir. Dünyasını dəyişənlərin adları siyahıdan çıxarılır, hərbi xidmətdən tərxis olunanlar siyahıya əlavə olunur, ilk dəfə səs verənlərlə görüş keçirilməklə siyasi kampaniyada iştirak etməyin vacibliyi barədə məlumat verilir. Aşağı seçki komissiya üzvləri üçün maarifləndirmə layihələri uğurla həyata keçirilir. Bir sözlə, qanunvericiliyə uyğun olaraq bütün tədbirlər görülür.
90 saylı Ağsu seçki dairəsinin sədri Azad Dursunəliyev qeyd etdi ki, uzun illər ərzində seçki prosesi ilə məşğul olduğuma görə, növbədənkənar parlament seçkilərinə hazırlıq işlərindən tam razıyam. Çünki seçkidən seçkiyə təkmilləşən qanunvericiliyimiz öz müsbət təsirini göstərir. Bir neçə ildir ki, dairə sədriyəm və bu illər ərzində dairənin ərazisindəki seçki məntəqələrində seçkinin nəticəsinə təsir edə biləcək qanun pozuntusu qeydə alınmayıb. Bu səbəbdən də seçkilərin ədalətli şəkildə keçiriləcəyinə tam əminəm.
Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün MSK-nın növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı köməyimizə çatır. Çalışırıq ki, seçki prosesində hər hansı qanun pozuntusu, narazılıq və problem yaranmasın. Namizədliyini irəli sürənlərə qanunvericiliyə uyğun olaraq əlverişli şərait yaradılıb. Çünki komissiyamızın hər bir üzvü bu seçkilərin də azad və ədalətli keçirilməsini günümüzün reallığı hesab edərək bunun üçün var qüvvəsi ilə çalışır. Bu siyasi aksiyanın yüksək səviyyədə keçirilməsi üçün münbit şərait var və seçicilər bundan maksimum səviyyədə faydalanırlar.
Bu il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində seçicilərin seçkidə kütləvi iştirakı ən yüksək səviyyədə təmin olundu. Növbədənkənar parlament seçkilərinin də demokratik şəraitdə keçirilməsinə çalışırıq. Dairə ərazisindəki 62 seçki məntəqəsi texniki təchizatla təmin olunub. Artıq səsvermə kabinələri də quraşdırılıb. Seçicilər məntəqədə asılmış seçici siyahıları ilə sərbəst şəkildə tanış olub, adlarını tapa bilirlər. Əminliklə vurğulamaq istərdim ki, bu dəfə də seçicilər mütəşəkkil şəkildə səsvermə məntəqələrinə gələcək və istədikləri namizədə səs verəcəklər. Çünki hər bir seçici yaxşı bilir ki, azad və şəffaf seçkilər günümüzün reallığı olduğundan beynəlxalq ictimaiyyət də bunun növbəti dəfə şahidi olacaq.
Mikayıl NƏRİMANOĞLU,
"Respublika".