“ƏRİK
Region

“ƏRİK" VƏ “AQRAR BİZNES" FESTİVALLARI

Samux

15 İyun – Milli Qurtuluş Günü ərəfəsində rayonda "Ərik Festivalı" və "Aqrar Biznes Festivalı" keçirilib. Festivalda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, müxtəlif nazirlik və komitələrin məsul şəxsləri, millət vəkilləri, bir neçə ali təhsil müəssisəsinin rəhbəri, türk dilli dövlətlərin nümayəndələri, yerli və xarici iş adamları, rayon ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Samux şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, dahi şəxsiyyətin, torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra iştirakçılar Heydər Əliyev mərkəzində ulu öndərin həyat və fəaliyyətinə dair fotostendlərdə onun Samux rayonuna səfərləri və zəhmətkeşlərlə keçirdiyi görüşləri əks etdirən fotolarla tanış olublar. Festival çərçivəsində qonaqlar rayonda fəaliyyət göstərən "Casa Aqro" MMC-nin təsərrüfat sahəsinə baxış keçiriblər. Həmçinin Qarayeri qəsəbəsində mövcud olan Forer qardaşlarının şərab zavodunda olub, istehsal sahəsi ilə maraqlanıblar. "Ərik Festivalı" və "Aqrar Biznes Festivalı" ilə əlaqədar olaraq şəhərin mərkəzi küçə və prospektləri, park və xiyabanlar bəzədilib, yerli sakinlərin və qonaqların iştirakı ilə bayram paradı təşkil olunub. Heydər Əliyev prospektində müasir dizaynda yeni salınan parkda təşkil olunan "Ərik Festivalı" və "Aqrar Biznes Festivalında" milli mətbəximizin təamları hazırlanıb, fermerlərin yetişdirdikləri ərik məhsullarının meyvəsi, mürəbbəsi, və şirələrinin təqdimatı olub. Sənətkarların və satıcıların stendləri, ustad dərslərinin təqdimatı, qol güləşi, uşaqlar tərəfindən milli rəqslər, məktəblilərin əriklə bağlı hazırladığı əl işləri, rəsmlər maraqla izlənilib. "Aqrar Biznes Festivalı"nda kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar sərgilənib, aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum və dərmanlar nümayiş olunub. Festivalın keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi ərik növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirmək, eyni zamanda destinasiyanın aqroturizm potensialını canlandırmaq, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərməkdir. Samux rayonunda ərik bağlarının sahəsi 500 hektardan çoxdur. Bu bağlarda 16 sort ərik yetişdirilir. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, son dövrlərdə ölkəmizdə müxtəlif meyvələrə həsr olunmuş festivalların keçirilməsi ənənə halını alıb. Bu cür kütləvi tədbirlər kənd təsərrüfatı məhsullarına, xüsusilə də mövsümi meyvələrə marağı artırmaq baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, "Ərik Festivalı" və "Aqrar Biznes Festivalı"nın Samux rayonunda keçirilməsi təsadüfi deyil. Belə ki, Azərbaycanda Ordubad rayonundan sonra ən çox ərik yetişdirilən rayon Samuxdur. Rəsmi hissədən sonra Samux rayonunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş geniş bayram konserti təşkil olunub.

Zabit XƏLİLOV,

"Respublika".