Erməni oyunu – ukraynalıların halına yan, Qərbdən qrant al
Siyasət

Erməni oyunu – ukraynalıların halına yan, Qərbdən qrant al

Son dövrlərdə Ermənistan Ukrayna müharibəsi məsələsində neytral mövqedən kənara çıxaraq Rusiyanı qıcıqlandıracaq addımlar atır. Bu ölkənin Kiyevdəki səfiri Vladimir Karapetyan və İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan Ukraynanın Buça şəhərinə səfər ediblər. Məlumata görə, erməni qonaqları şəhərin meri Anatoli Fyodoruk və müavini Anlina Saranyuk qarşılayıb. Görüş zamanı Buça ilə Nor-Nork arasında əməkdaşlığın qurulması imkanları müzakirə olunub. İrəvanın nümayəndə heyəti Buçadakı tibb müəssisələrinə dərman yardımı da edib. Ermənistan səfiri orada bəyan edib ki, öz azadlığını müdafiə edən Ukrayna xalqının cəsarəti ilə fəxr edir.

Eləcə də onun sözlərinə görə, ölkəsi Rusiya təcavüzündən əziyyət çəkən Buça və digər icmalara həmişə dəstək olacaq. Edilən humanitar yardımlar isə Ermənistanın Ukrayna ilə həmrəyliyinin kiçik bir hissəsidir. Göründüyü kimi, diplomatik nümayəndə Vladimir Karapetyan çəkinmədən Rusiyanı təcavüzdə ittiham edib. Sözsüz ki, bu, Ermənistan hökumətinin məsələyə yanaşmasını özündə ehtiva edir. Çünki səfir dövləti təmsil edir və onun istənilən xarici ölkədə səsləndirdiyi fikirlər siyasi məna kəsb edir. Yəni əgər İrəvanın icazəsi olmasaydı, o bu cür çıxış etməzdi. Ümumiyyətlə, Ukrayna müharibəsinin ilk ilində İrəvan məsafəli davranırdı. Ancaq daha sonra baş nazir Nikol Paşinyan bir sıra beynəlxalq tədbirlərdə Ukrayna prezidenti Zelenski ilə görüşlər keçirməyə başladı. Məlum məsələdir ki, o, Qərbə arxalanaraq bu addımları atır. Amma baş nazirin həyata keçirdiyi siyasət Rusiyada xoş qarşılanmır. Bu səbəbdən də Ermənistan nümayəndə heyəti Buçaya səfər etdikdən sonra Rusiya Xarici İşlər Nazirliyi erməni həmkarlarına etiraz notası göndərib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva erməni nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatları və Kiyevə humanitar yardımın göstərilməsini qeyri-dost addım kimi qiymətləndirir. O, həmçinin xatırladıb ki, Ter-Marqaryan qərbyönlü Respublika Partiyasının sədri Aram Sarkisyanın müttəfiqidir, ona görə də onun reaksiyası tamamilə başadüşüləndir.

Adətən Rusiya bu istiqamətdə açıqlamalar verəndən sonra Ermənistan tərəfi bir addım geri çəkilirdi. Amma bu dəfə fərqli mənzərə ilə qarşılaşdıq. Belə ki, Kremlin notasına cavab olaraq Nor-Nork inzibati ərazi dairəsinin rəhbəri Ter-Marqaryan sosial şəbəkə hesabında cavab yazıb. O, İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin başçısı və "Respublika" partiyasının siyasi şurasının üzvü kimi humanitar yardım çatdırmaq üçün Buçada olduğunu bildirib. Lazım gələrsə yenidən getməyə hazır olduğunu da qeyd edib: "Görüşlərimdə əmin oldum ki, Rusiya Ukraynanı məğlub edə bilməz. Ukraynada hər kəs bu müharibəni müstəqillik və suverenlik uğrunda mübarizə hesab edir. Qəribədir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü əvvəlcə Ermənistan parlamentini İrəvan inzibati dairəsi ilə qarışdırır, sonra isə partiyanın fəaliyyətinə müdaxilə etməyə çalışır".

Qeyd edək ki, Nor-Nork meri hökumət təmsilçisi olmadığını göstərmək istəyib. Halbuki Ermənistan səfiri də bu səfərdə iştirak edib, həmçinin merin xarici ölkəyə səfərləri və görüşləri mütləq şəkildə hökumətlə razılaşdırılır. Üstəlik, nəzərə almaq lazımdır ki, inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan hökuməti 2018-ci ildən bəri Qərblə əlaqələrini gücləndirməyə çalışır. Bu məqsədlə də Rusiyanın regionda təsirini məhdudlaşdırmaq istiqamətində addımlar atır. Ölkənin Baş naziri Nikol Paşinyan Böyük Britaniya mətbuatına müsahibəsində açıqlayıb ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı iştirakını praktiki olaraq dondurub. O, həmçinin qeyd edib ki, Ermənistanın sözügedən qurumla yenidən yaxınlaşması da qeyri-mümkün hesab oluna bilər. İrəvanın bu istiqamətdə addımları isə artıq KTMT-nin fəaliyyətinə təsir etməyə başlayıb. Rusiya Xarici İşlər Nazirliyinin son məlumatına əsasən, KTMT katibliyi və KTMT-nin Birgə Qərargahı rəsmi İrəvanın öz əməkdaşlarını kvota vəzifələrindən geri çağırması səbəbindən xərcləri azaldıb. Bu səbəbdən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının cari il üçün büdcəsi Ermənistan rəhbərliyinin ödəmədən imtina etməsi səbəbindən düzəliş tələb edir.

Bu müstəvidə son dövrlərdə Amerika Birləşmiş Ştatlarının Ermənistan ilə yaxınlığı diqqət çəkir. Belə ki, mayın 21-də Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətini hökumət binasında qəbul edib. Rəsmi məlumat verilib ki, həm Ermənistan-ABŞ ikitərəfli, həm də beynəlxalq gündəm məsələləri müzakirə edilib. ABŞ dövlət katibi Antoni Blinken deyib ki, Ermənistana dəstəyimizi və bu ölkə ilə əməkdaşlığımızı gücləndirmək üçün daha nə edə biləcəyimizi müəyyən etmək məqsədilə İrəvandan gələn bir sıra sorğuları nəzərdən keçiririk. Buradan anlaşılır ki, bütün proseslər kompleks şəkildə baş verir. Hazırda Vaşinqton İrəvanda mövqelərini gücləndirməyə çalışır və Ermənistana hərbi yardımları nəzərdən keçirir. Paşinyan rəhbərliyi isə sözügedən dəstək fonunda Qərbə xoş ola biləcək gedişlər edir. Ermənistan rəsmilərinin Buça səfəri də bunu göstərir.

Jalə QASIMZADƏ,

"Respublika".