Bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hələ də imzalanmamasının əsas səbəblərindən biri rəsmi İrəvanın xarici təsirlərə məruz qalmasıdır. Bu kənar müdaxilələrin əksəriyyəti Qərbdən olsa da bəzən okeanın o tayından - Ottavadan da qərəzli fikirlər səsləndirilir. Azərbaycana qarşı qərəzli yanaşması ilə tanınan Kanadanın xarici işlər naziri Melani Coli hər zamankı kimi yenidən ermənipərəst mövqeyilə diqqət çəkib. Kanada Erməni Milli Komitəsinin (ANCC) yaydığı məlumat da bunu təsdiq edir.
Kanadalı nazir bir daha vurğulayıb ki, rəsmi Ottava Azərbaycana təzyiqlərini davam etdirəcək. Bu təzyiqin əsasını isə Azərbaycanın "Ermənistanla ədalətli şəkildə əməkdaşlıq etməsi, münaqişənin danışıqlar və sülh yolu ilə həlli, erməni məhbusların azadlığa buraxılması, Ermənistanın ərazi bütövlüyünə hörmət etməsi, güc və hədələyici ritorikadan çəkinməsi" kimi tələblər təşkil edir. Dünyanın o biri tayından Cənubi Qafqaza müdaxilə etmək planları güdən Kanada, özünü "böyük erməni xalqının" qoruyucusu hesab edir. Bu məqamda cənab İlham Əliyevin 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə Kanada ilə bağlı fikirlərini xatırlatmaqda fayda var: "...Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var?! Kim buna belə bir haqq verib?! Özünü nə sayır Kanada?! Bəlkə bu, superdövlətdir biz bilməmişik. Bu, bəlkə ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun öz işləri ilə məşğul olsun".
Əslində M.Colinin fikirləri düşündürücü sualları gündəmə gətirir. Açıq-aydın görünür ki, xanım nazir bölgədəki reallıqlar barədə kifayət qədər məlumata sahib deyil. Bu, ya Kanadanın Cənubi Qafqaz regionundan minlərlə kilometr uzaqda yerləşməsi, ya nazirin mövzuya laqeyd yanaşması, ya da Colinin hədsiz ermənipərəst mövqeyi ilə izah oluna bilər. Sonuncu variant daha realdır. Kanadada böyük bir erməni diasporu mövcuddur. 2011-ci ilin göstəricilərinə görə, Kanadada 55 min 740 erməni yaşayırdı. Bunlardan 30 min 130-u erməni dilini ana dili hesab edirdi. Son məlumatlara görə isə Kanadadakı ermənilərin sayı 100 minə yaxınlaşır.
Kanadalı nazirin ermənipərəst bəyanatları və regiondakı reallıqları nəzərə almadan verdiyi açıqlamalarının gələcək seçkilərdə erməni əsilli seçicilərin dəstəyini qazanmağa hesablandığı şübhə doğurmur. İstənilən halda onun fikirləri şimal yarımkürəsinin ən böyük dövlətlərindən biri olan Kanadanın nüfuzuna ciddi zərbə vurur. Rəsmi Ottava bu cür hərəkətlərlə özünü gözdən salır. Azərbaycan torpaqlarını 30 ildən çox işğal altında saxlayan, soyqırımı cinayətləri törədən, mülki infrastrukturu məqsədli şəkildə dağıdan, mədəni irsimizi məhv edən və ətraf mühitimizə ziyan vuran, Ermənistana dəstək verən ölkəyə münasibət başqa cür ola bilməz.
Qeyd edək ki, Kanadanın Ermənistana dəstəyi son illərdə, xüsusilə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra xeyli artıb. Məsələn, Robert Köçəryan və Serj Sarkisyan dövründə Kanada-Ermənistan əlaqələri indiki kimi deyildi. Fransa amilinin bu əlaqələrdə mühüm rolu var. Kanadanın baş naziri Castin Trüdo Paşinyanın baş nazir seçilməsindən sonra 2018-ci il oktyabrın 7-12-də Beynəlxalq Frankofoniya Təşkilatının İrəvanda keçirilən XVII sammitində iştirak etmək üçün İrəvana getmişdi. Sammitdə Fransa prezidenti Emmanuel Makron da iştirak edirdi. Kanada Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan münasibətləri barədə mütəmadi bəyanatlar verir və rəsmi Ottava vəziyyəti gərginləşdirən təşəbbüslərlə çıxış edir.
Kanadanın 2023-cü il oktyabrın 25-də Ermənistanda səfirliyi açılıb. Hazırda ermənipərəst açıqlamalarla diqqətçəkən xarici işlər naziri M.Coli bu məqsədlə İrəvana səfər etmişdi. Bundan əvvəl avqustun 18-20-də Coli erməni diasporunun Monrealda keçirilən illik festivalında çıxış edərək, Kanadanın Qarabağ erməniləri ilə bağlı məsələlərdə fəal rol oynayacağını bəyan etmişdi. Nazir "ermənilər Artsaxda real təhlükə ilə üz-üzədir" deyərək hökumətinin Cənubi Qafqazda baş verən proseslərə müdaxilə edəcəyini bildirmişdi.
Rəsmi Ottavanın regiondakı proseslərdə araqarışdırıcı mövqeyi bununla bitmir. Kanada həm də Avropa İttifaqının Ermənistandakı hərbiləşdirilmiş missiyasına (EUMA) qoşulan yeganə qeyri-Avropa ölkəsidir. Bu missiyaya töhfə verən Avropa ölkələri arasında Avstriya, Cənubi Kipr, Çexiya, Danimarka, Estoniya, Fransa, Almaniya, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, Rumıniya və İsveç də var.
Kanada bölgədəki gərginlikləri artırır və ölkənin beynəlxalq nüfuzuna zərər verir. Kanadanın öz maraqlarını təmin etməyə çalışarkən, bölgədəki reallıqları və münaqişələrin kompleksliyini nəzərə alması vacibdir. Etnik separatizmdən əziyyət çəkən bir ölkə olaraq Kanadanın Cənubi Qafqazda araqarışdırıcı rolu qlobal sülh və əmin-amanlığa ciddi zərbə vurur.
Tacir SADIQOV,
"Respublika".