Ermənistan sülh istəyirsə, şərtlərimizlə razılaşmalıdır
Siyasət

Ermənistan sülh istəyirsə, şərtlərimizlə razılaşmalıdır

Azərbaycan türk ailəsinin, ovaxtkı adı ilə "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) güclənməsinə töhfə verən dövlətlərdən biridir. Hələ o zaman təşkilatın Zirvə toplantıları gecikirdi ki, buna səbəb də xarici təhdidlər və bu görüşlərin baş tutmasını istəməyən qüvvələr idi. Naxçıvanda türkdilli dövlətlərin ilk Zirvə toplantısı keçirildi və o gündən başlayaraq həmin dövlətlərin güclənməsi üçün vacib işlər görüldü. Daha sonra təşkilatın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı oldu. Bu gün Avropadan, Macarıstandan tutmuş Orta Asiyaya qədər uzanan bir coğrafiyada TDT öz mövcudluğunu davam etdirir. Xüsusilə də TDT-də bir çox qurumlar fəaliyyət göstərir. Ona TÜRKPA-nı, TÜRKSOY-u da misal göstərə bilərik. Bir sözlə, TDT idarəetmənin bütün mərhələlərində koordinasiyalı şəkildə birgə fəaliyyəti təşkil edə bilir. Bu təşkilat regional güc olmaqdan çıxaraq qlobal güc olma yolunda inamla addımlayır.

Prezident İlham Əliyev TÜRKPA toplantısı çərçivəsində ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatındakı Parlament sədrlərilə görüşü zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsinə xüsusilə toxundu. Ən əsası isə çox önəmli mətləbləri açıqladı. İlk növbədə, sülhün baş tutması üçün Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməli, bunu sözdə yox, əməldə etməlidir. Bütün bunlarla yanaşı, Ermənistan sülh barəsində səmimi niyyətini göstərmək üçün ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı bu quruma müraciət etməlidir. Əfsuslar olsun ki, bu günədək Ermənistan bu addımı atmayıb. Faktiki olaraq, ATƏT-in Minsk qrupu öz fəaliyyətini gerçəkləşdirə bilmədi. Hazırda Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü bərpa edib. Bu baxımdan, keçmiş Minsk qrupunun fəaliyyətinə heç bir lüzum yoxdur. Əgər Ermənistanın həqiqətən Azərbaycana ərazi iddiaları yoxdursa, bu qurumun tamamilə fəaliyyətini dayandırması ilə bağlı mövqeyini ortaya qoymalıdır. Azərbaycan və Türkiyə münasibətləri regionda sülhün qarantı rolunu oynayır. Ermənistan da özlüyündə Bakı və Ankara ilə münasibətləri normallaşdırmaq, iqtisadi potensialını artırmaq niyyətindədirsə, o zaman qarşılıqlı əlaqələrdə səmimi olmalıdır. Ermənistanın gələcəyi, müstəqilliyinin uzunmüddətli olması məhz Azərbaycan-Türkiyə ilə münasibətlərin qurulmasından asılıdır.

Faktiki olaraq, Ermənistan baş naziri Nikol Paşinyan bir neçə dəfə Azərbaycan və Türkiyəyə ərazi iddialarının olmadığını, qondarma erməni soyqırımının həqiqətləri əks etdirmədiyini söyləyib. Amma N.Paşinyanın bu fikirləri söyləməsilə hərbi dairələrin Azərbaycana ərazi iddialarından əl çəkdiyi qənaətinə gəlmək doğru deyil. Bu baxımdan, Ermənistan müsbət yöndə söylədiklərini məhz ali qanunvericiliyində də təsdiq etməli, erməni xalqı da referendumda bunu təsdiqləməlidir.

Naqif HƏMZƏYEV,

Milli Məclisin deputatı.