Ermənistanda etirazların sonu bilinmir
Siyasət

Ermənistanda etirazların sonu bilinmir

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi, aksiyalar yenidən baş qaldırıb.

Etirazların necə nəticələnəcəyi ilə bağlı fikirlər müxtəlifdir. Bəziləri hesab edir ki, aksiyalar daha da şiddətlənəcək, baş nazir Nikol Paşinyan istefaya getməli olacaq. Digərləri isə etirazların heç bir nəticə verməyəcəyini düşünürlər. Əslində prosesləri dərindən analiz etsək, yekun nəticəni təxmin etmək o qədər də çətin deyil. Etirazlar müxalifət və kilsə tərəfindən Paşinyan hökumətini devirmək məqsədilə keçirilir. Bununla müəyyən uğurlu nəticələr əldə edəcəklərinə inanırlar. Amma burada bir sıra məqamlar var. Birincisi, aksiyalarda iştirak edənlərin sayı kifayət qədər deyil, həmçinin nümayişləri təşkil edən qüvvələrin Ermənistan cəmiyyətində mövqeyi çox zəifdir.

İkincisi, ölkə qanunvericiliyi də aksiyalara rəhbərlik edən keşiş Baqratın hakimiyyətə gəlməsinə bir sıra maneələr yaradır. Çünki Baqrat Qalstanyan xarici ölkə vətəndaşıdır və son dörd il idi ki, Ermənistanda yaşamırdı. Bu səbəbdən Ermənistan Konstitusiyasına görə onun hər hansısa bir vəzifə tutması qeyri-mümkündür.

Aksiyaların uğurlu olması üçün kütlənin sayı çoxalmalı, təşkilatlanma yüksək səviyyədə olmalı, hakimiyyətdə zəiflik, parçalanma özünü büruzə verməlidir. Qeyd edilən nüansların heç biri hazırda İrəvandakı iğtişaşlarda müşahidə edilmir, əksinə, Ermənistan baş naziri Paşinyan Qərbin ona köməyinə arxalanaraq etirazları yatırmaqla məşğuldur. Bütün bunlar isə Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" yürüşünün mahiyyətini itirdiyini göstərir. "Ermənistan ərazisi uğrunda mübarizə" adı altında başlayan yürüş artıq fərqli istiqamətlərə yönəlib. Onlar kilsənin siyasətə qarışması və dövlətin keşişlər tərəfindən idarə edilməsinin mümkünlüyünü göstərməyə çalışırlar.

Ermənistanda dindarların hakimiyyətə gəlməsi ölkə üçün faciə ilə nəticələnə bilər. Əgər tarixi bir az dərindən araşdırsaq, görərik ki, bu günədək dinin hakim olduğu ölkələrin əksəriyyətində siyasi hakimiyyət dövlət idarəçiliyini bilən xadimlərə ötürülüb. "Qərb dəyərlərinə" uyğunlaşmağa çalışan Ermənistanda siyasi hakimiyyətin dindarların əlinə keçməsi, ölkə üçün yaxşı heç nə vəd etmir. Qərb institutlarının siyasi meydanda erməni kilsəsinin qarşısından geri çəkilməyəcəyi hər kəsə məlumdur. Ölkədə Paşinyanın tərəfdarları, Ermənistanın Qərbə inteqrasiyasını dəstəkləyənlər, müharibədən yorulanlar, özünü avropalı kimi görmək istəyən ermənilər kifayət qədərdir. Şübhəsiz, onların heç biri Baqrat Qalstanyanın siyasi oyunlarına qoşulmayacaqlar.

Xatırladaq ki, Ermənistandakı etirazlar Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə başlandı. Nümayişə qoşulanlar ölkənin baş nazirini Ermənistana xəyanətdə ittiham edirlər. Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası prosesinə start verildikdən sonra iki ölkə arasında münasibətlərin normallaşmasının əleyhinə olan bir sıra qüvvələr Baqrat Qalstanyanın "Vətən uğrunda Tavuş" hərəkatı ilə xain planlarını işə salmağa cəhd göstərirlər. Onlar arasında Serjik Sarkisyanla Robert Köçəryan xüsusilə fərqlənirlər. Eks-prezidentlər bu yolla yenidən hakimiyyəti ələ keçirəcəklərinə ümid edirlər. Amma Ermənistan baş naziri onların heç birinə məhəl qoymur. Əksinə, Nikol Paşinyanın son açıqlamaları onun delimitasiya və demarkasiyaya maraqlı olduğunu göstərir. Bu günlərdə Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin praktiki mərhələyə qədəm qoyduğunu bildirib. Baş nazir, eyni zamanda əsas siyasətinin müharibənin qarşısını almaq olduğunu da diqqətə çatdırıb. Erməni kilsəsi isə Paşinyan hakimiyyətə gəldiyi vaxtdan onunla ədavət aparır. Belə ki, baş nazir verdiyi qərarlara kilsə sərt reaksiya göstərir. Bu gün kəndlərin Azərbaycana qaytarılmasına görə kilsənin işğal altında olan ümumxalq etiraz dalğası yaratmaq cəhdi də bundan irəli gəlir. Bu gün müxaliflərdən fərqli olaraq, kilsənin təkcə Rusiyaya yox, bir çox xarici dairələrə, xüsusilə xaricdəki erməni lobbisinə bağlı olduğunu nəzərə alsaq nəticə yenə də real görünmür. Çünki erməni cəmiyyətinin əsas hissəsini Paşinyanın siyasətinə dəstək verənlər təşkil edir.

Onu da qeyd edək ki, Ermənistandakı etirazlar delimitasiya və demarkasiya prosesinə təsir göstərə bilməyəcək. Hər zaman proseslərə mane olmağa çalışan tərəflər olduğu kimi, bu gün də kilsənin, eyni zamanda müxalifətin əsas məqsədi bundan ibarətdir. Amma delimitasiya prosesi artıq başlayıb. Azərbaycan haqlı tərəf olduğuna görə bütün istəklərinə nail olur. Ermənistan baş naziri də buzları əritmək fikrindədir.

Nəzrin ELDARQIZI,

"Respublika".