Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
Region

Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib

Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün təhsil qaydaları sərtləşdirilib.

Bu barədə “Respublika" xarici mətbuata istinadən xəbər verir.

Təhsil eksperti Serob Xaçatryan deyib ki, Elm və Təhsil Nazirliyi təhsil yaşına çatmış uşaqların orta məktəblərə qəbulunda çətinlik yaratmaqla ancaq oğullarının hərbi xidmətə çağırılmasını təxirə salmağa çalışan valideynlərin fırıldağının qarşısını almağa çalışır.

Qeyd edək ki, mövcud ümumtəhsil prosedurunda dəyişiklik edilib. Dəyişikliyə əsasən 2025-ci ildən başlayaraq 7 və 8 yaşlı uşaqlar məktəbə qəbul olunduqdan sonra birinci sinfə yox, yaşlarına uyğun olaraq dərhal ikinci və ya üçüncü sinfə gedəcəklər.

"İndi valideynlər uşaqlarını məktəbə bir il gec göndərsələr, bu onun üçün fəlakət olacaq. Uşaq dərhal ikinci sinfə getsə, təhsili sadəcə uğursuz olacaq. Ən istedadlı uşaq belə, həm birinci, həm də ikinci siniflərin proqramını dərhal mənimsəyə bilmir", - Xaçatryan deyib.

Mütəxəssis qeyd edib ki, övladını bir-iki il gec məktəbə göndərən valideynlər üçün əsas motivasiya oğlanlar üçün ordudan möhlətdir, valideynlər sadəcə olaraq 6 yaşın məktəb üçün tez olduğunu düşünür.

Ekspertin sözlərinə görə, yeni qaydaya görə, uşaq vaxtında məktəbə göndərilməsə, valideynlər yenə də istədiklərinə nail olmayacaqlar, çünki şagirdlər həmyaşıdları ilə eyni sinifdə oxuyacaq və məktəbi 18 yaşlarında bitirəcəklər.

"Nazirlik sərt qərar təklif edir. Ümid edir ki, valideynlər uşaqlar üçün çətinlik yaratmamaq üçün belə bir addım atmayacaqlar. Bu qərar yalnız valideynlər əvvəlki qaydanın artıq işləmədiyini görüb, uşaqlarını vaxtında məktəbə göndərsələr, müsbət təsir göstərəcək", - Xaçatryan deyib.

Psixoloji mərkəzlərdən birinin rəhbəri, psixoloq Miqrdat Madatyan məsələyə başqa tərəfdən yanaşıb. Onun fikrincə, nazirliyin qərarı birinci sinifdə təhsilin mənasını şübhə altına alır.