Ermənistanın mina terroru gözardı edilir
Siyasət

Ermənistanın mina terroru gözardı edilir

İkinci Qarabağ müharibəsinin başa çatmasından təxminən 4 il keçməsinə baxmayaraq, mina problemi hələ də aradan qaldırılmayıb. Düşməndən təmizlənmiş torpaqlarda ölən və yaralananların statistikası artmaqda davam edir.

Avqustun 2-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində ermənilər tərəfindən basdırılmış minalar partlayıb. Hadisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq Müşviq oğlu minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən yaralanıb.

Agentliyin əməkdaşları Ələkbərov Elçin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu isə qəlpə yaraları alıb. Azərbaycan tərəfi hər zaman olduğu kimi, məsələyə öz etirazını bildirib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva qeyd edib ki, Ermənistan, hətta delimitasiyadan sonra belə mina terroru siyasətini davam etdirir, əhalinin həyat və sağlamlığına təhlükə yaradan cinayətlərdən əl çəkmir: "Bir daha bildiririk ki, ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, eləcə də sərhədlərin delimitasiyası prosesinə və bölgədə aparılan bərpa-quruculuğa ciddi maneə törədir. Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi istiqamətində Ermənistana təsir göstərməli, bu ölkənin mina terroruna səssiz qalmamalıdır".

Azərbaycan və Ermənistan arasında sülh prosesi gündəmdə olduğu vaxtda bu cür hadisələrin baş verməsi rəsmi İrəvanın xəbis niyyətini bir daha təsdiqləyir. Ümumiyyətlə, əraziləri minalamaq asan proses olsa da onları təmizləmək kifayət qədər çətindir. 44 günlük Vətən müharibəsindən sonra bir daha bəlli oldu ki, bu ərazilərdə geniş miqyaslı minalanma həyata keçirilib. Təsadüfi deyil ki, müharibədən dərhal sonra düşmən tapdağından azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə başlanılıb. Bu istiqamətdə çoxsaylı tədbirlər görülsə də, yenə də mina hadisələri baş verir. Əlbəttə, mina partlamalarının qarşısının alınması üçün rəsmi İrəvan Azərbaycana mina xəritələrini təhvil verməlidir. Halbuki müharibənin yekun nəticəsi kimi imzalanmış üçtərəfli Bəyanatda da minalanmış torpaqların xəritəsinin təqdim olunması məsələsi öz əksini tapıb. Ermənistan tərəfinin bu günədək dəqiq mina xəritələrini təqdim etməməsi deklorativ yanaşmanın əyani sübutudur. Rəsmi İrəvanın torpaqlarımızı minalarla çirkləndirməsinin minalanmış ərazilərdə mülki vətəndaşların bilərəkdən həlak olmasına hesablandığı da məlumdur. Bu baxımdan, xəsarət alan və həlak olan hər bir mülki vətəndaşımıza və hərbçimizə görə Ermənistan cavab verməlidir. Ona görə də məsələ ilə bağlı beynəlxalq dəstəyi gücləndirmək, terrorçu ölkənin faşist mahiyyətini daha geniş şəkildə faktlarla dünya ictimaiyyətinə təqdim etmək vacibdir.

Amma Ermənistanın bu cür davranışları nəinki beynəlxalq ictimaiyyət tərəfindən gözardı edilir, hətta terrorçuya qarşı heç bir sanksiya tətbiq olunmur. Bu günədək baş verən mina hadisələrinin statistikasına nəzər yetirsək görərik ki, təkcə keçmiş təmas xətti boyu ərazilər deyil, eyni zamanda yaşayış məntəqələri, əkin sahələri, çay kənarları, meşə massivləri, məzarlıqlar da minalarla çirkləndirilib. İkinci Qarabağ savaşından sonra qeydə alınan mina qurbanlarının əksəriyyəti də keçmiş təmas xəttindən kənarda baş verən mina partlayışları nəticəsində həlak olub, müxtəlif dərəcədə bədən xəsarətləri alıblar. Təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayət hesab olunur. Rəsmi İrəvan bununla, həmçinin "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini, BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəalarını da kobud şəkildə pozur.

Bir məqamı da qeyd edək ki, Ermənistan tərəfi bir neçə ay öncə işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim etmişdi. Əsasən, Kəlbəcər rayonunun Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarət olan formulyarlarda məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunmuşdu. Halbuki normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar öz əksini tapmalı idi. Lakin həmin formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilmişdi.

Ermənistan ərazilərimizdə bir milyondan çox mina basdırıb. Ona görə də Azərbaycan bu gün dünyada mina ilə ən çox çirklənmiş dövlətlər sırasındadır. Hazırda işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi prosesi sürətlə davam edir. 2026-cı ilə qədər işğaldan azad edilmiş 280 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub.

Nəzrin ELDARQIZI,

"Respublika".