Ermənistanın təxribat etirafı, Azərbaycanın növbəti qələbəsi
Gündəm

Ermənistanın təxribat etirafı, Azərbaycanın növbəti qələbəsi

Azərbaycanla Ermənistan arasında şərti sərhədin müxtəlif hissələrində Ermənistan silahlı qüvvələri yeni hərbi infrastrukturun yaradılması istiqamətində intensiv işlər aparır. Aprelin 10-da saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub. İnsidentlə bağlı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumatda bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb. Hərbi qulluqçu tibb müəssisəsinə təxliyə olunub.

Azərbaycan tərəfi hadisəni Ermənistan hərbçilərinin törətdiyi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb və rəsmi İrəvanın məsuliyyət daşıdığını bildirib. Azərbaycan ordusu atəşkəs rejiminə sadiqdir, xalqımız hümanizm, ordumuz isə təmkin göstərir. Aprelin 12-də Ermənistanın İstintaq Komitəsi atəşi öz sərhədçilərinin açdığına və fakt üzrə cinayət işinin başladıldığına dair rəsmi məlumat yayıb. Bu, ölkəmizin növbəti qələbəsidir.

Qeyd edək ki, bu, ermənilərin sərhəddə törətdikləri ilk təxribat hadisəsi deyil .Belə ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən snayper atəşinin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatın araşdırıldığı barədə Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin bəyanatında bildirilirdi ki, yuxarı komandanlığın yazılı əmrlərində hərbi qulluqçunun vəziyyəti qiymətləndirərək atəş açmaq barədə qərar qəbul edə biləcəyi və ya qərar qəbul etməyə borclu olduğu hallar aydın şəkildə müəyyən edilir. İlkin məlumata görə, fevralın 12-də bu ərazidə belə bir vəziyyət olmayıb. Bu hal təsdiq olunarsa, əmri pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar. Faktı Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi təkzib etməyə çalışsa da, Azərbaycanın yayımladığı videokadrlar məsələni bütün parametrlərdə təsdiq etdi.

Həmin gün erməni silahlı bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Fevralın 13-ü Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata cavab olaraq "Qisas əməliyyatı" keçirildi. Əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi yaxınlığındakı döyüş postu darmadağın edildi, döyüş mövqeləri susduruldu. Törətdiyi bütün təxribatlara görə layiqli cavabını alsa da, Ermənistanın bu kimi desturiktiv addımları regionda sülhün bərpası istiqamətindəki təşəbbüslərə xələl gətirir.

Sərhəddə son 6 ayda iki dəfə insident baş verib və hər iki hadisə Fransanın təhrikilə olub. Fransanın Azərbaycana qarşı qərəzli münasibəti heç kimə sirr deyil. Rəsmi Paris istər 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli razılaşmadan, istərsə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra ciddi narahatlıq keçirərək regionda diplomatik aktivliyini artırmışdır. Bu təxribatlar Ermənistanın başda Fransa olmaqla bir sıra dövlətlər tərəfindən silahlandırılmasının nəticəsidir və onun sülh müqaviləsinin imzalanmasından yayınmasını sübut edir. Avropa bürokratiyası Fransanın Cənubi Qafqazda uğur qazanmasında birbaşa maraqlıdır. Ona görə də, Aİ rəhbərliyi Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində fəal iştirakçı olmasına hər vasitə ilə kömək edir.

Fransa terrorçu, keçmişi bəşəriyyətə qarşı ağır cinayətlərlə dolu bir ölkədir. Afrikadakı müstəmləkələrində törətdiyi vəhşiliklər, soyqırımı və qətllər, ona qarşı çıxan, soyqırımı, etnik təmizləmə siyasətini qəbul etməyən siyasətçilərin öldürülməsi Fransanın heç zaman humanist dövlət imici formalaşdırmasına imkan verməyəcək. Görünən odur ki, Ermənistan yenə də hansısa beynəlxalq dəstəyə inanıb Azərbaycana qarşı təhlükəli addımlar atır. Son dövrdə Cənubi Qafqaza müdaxilə etməyə cəhd göstərən Fransa regionda qüvvələr balansını dəyişməyə çalışır. Buna isə Azərbaycan ilə Rusiya arasında gərginlik yaratmaqla nail olmağı planlaşdırır. Fransadan Ermənistana verilən silahlar Azərbaycana qarşı istifadə edilmək üçün nəzərdə tutulub. Belə ki, Ermənistan beynəlxalq müstəvidə Azərbaycana qarşı aqressiv ritorikanı davam etdirir və müharibə gərginliyi saxlayan əsas faktordur. Cənubi Qafqazda ciddi geosiyasi proseslər gedir. Fransa Avropa Birliyini Ermənistana siyasi dəstək verməyə sövq etməklə yanaşı, Ermənistanı silahlandırır. Ermənistanın silahlandırılması regionda yeni hərbi toqquşmaya yol aça bilər. Çünki Ermənistan yeni silahlar aldıqca, revanşizm siyasətini də inkişaf etdirir.

Mövcud vəziyyətdə Azərbaycan hesab edir ki, üçüncü tərəfin müdaxiləsi ollmasa iki ölkə arasında münasibətlər normallaşa bilər. Bu baxımdan, dövlətimiz Ermənistana  başqalarının oyuncağı olmamaq, reallıqları qəbul etmək  üçün bir daha şans verir.

Mustafa KAMAL,

“Respublika”