Fransa beynəlxalq hüququn norma və prinsiplərinə heç vaxt əməl etməyib
Siyasət

Fransa beynəlxalq hüququn norma və prinsiplərinə heç vaxt əməl etməyib

Hər bir dövlət yürütdüyü siyasətlə tarixdə iz qoyur, müəyyən mərhələlərdən keçməklə özünü təsdiq edir, nüfuz qazanır və yaxud əksinə. Təbii ki, öz azadlığı, müstəqilliyi uğrunda mübarizə aparan bütün xalqların tarixində müharibələr, münaqişələr baş verib.

Lakin tarixi yalnız qaranlıq səhifələrdən ibarət, qırğınlar, qətliamlar törətmək, müxtəlif xalqlara məxsus torpaqları zəbt edib yerli əhalini əsarətdə saxlamaqla öz ərazilərini genişləndirən və bununla da "güc sahibi" iddiasında olan ölkələr də var. Özünə soyqırımları ilə dolu bir tarix yazan Fransa buna ən bariz nümunədir. 1,5 milyona yaxın əlcəzairlini qətlə yetirib, öz azadlığı uğrunda döyüşən insanların kəllə sümüklərini hələ də muzeydə eksponat kimi sərgiləyən, "insan hüquqlarının müdafiəçisi" olan bu ölkənin tarixi insanlıq adına sığmayan, utancverici və dəhşətli cinayətlərlə doludur. Milyonlarla insanı öz müstəmləkə siyasətinə məruz qoyan, öldürən, işgəncələr verən, alçaldan, qul ticarəti ilə məşğul olan Fransanın bu "zənginliyi" bütün dünyaya məlumdur.

Belə ki, Qərbi Afrikanın Benin Respublikasında XVI-XVII əsrlərdə fransız tacirləri qul ticarəti ilə məşğul olmuş, 1893-cü ildən Benin Fransanın müstəmləkəsinə çevrilmiş, 1904-cü ildən isə fransız Qərbi Afrikasının tərkibinə daxil edilmişdir. Qərbi Afrikada Burkina Faso dövləti də XIX əsrin sonlarında fransızlar tərəfindən işğal olunmuşdur. 1946-1954-cü illərdə Fransa Hind-Çində olan müstəmləkələrini əldə saxlamaq üçün Birinci Hind-Çin müharibəsini başlatmışdır. Korsika adasında yaşayan 350 mindən çox insana fransızların etdiyi zülmlər, işğalçılıq əməlləri də Fransanın tarixində silinməz qara ləkədir. 1764-cü ildə qəbul edilmiş Kompyen konvensiyası və ondan 4 il sonra imzalanmış Versal müqaviləsinə əsasən Fransanın tabeliyinə keçmiş Korsikada yaşayan adalılar  daim müstəqillik uğrunda mübarizə aparsalar da, Korsikanı koloniya kimi idarə etmək istəyən Fransa onlara müstəqillik verilməsi, muxtariyyətin genişləndirilməsi, Fransa Konstitusiyasında korsikalıların hüquqlarının təsbit edilməsi, "korsika dili"nin Fransa Konstitusiyasında rəsmi dil kimi təsbit olunması kimi tələblərini yerinə yetirməmiş, onların hüquqlarını heçə sayaraq bu istiqamətdə konkret, əməli addım atmamışdır.

Bu ölkə Kanada, Cibuti, Haiti, Vyetnam, Əlcəzair, Mərakeş, Tunis, Karib dənizi sahilləri kimi bir çox əraziləri işğal edərək sərvətlərini talayıb, xalqlarını əsarətdə saxlayıb. Əlcəzairdə, özünün dənizaşırı əraziləri olan Sakit okeanda, Fransa Polineziyasında nüvə silahı sınaqları həyata keçirməklə burada yaşayan əhalinin sağlamlığına ciddi ziyan vuran, eyni zamanda ətraf mühitin deqradasiyaya uğramasına səbəb olan Fransa bu gün də neokolonializm siyasətini davam etdirir. Tabeliyində saxladığı korsikalıların, dənizaşırı icma və ərazilərində yaşayan xalqların, yeni kaledoniyalıların hüquqlarını pozur, azadlıq arzularına zülm və işgəncələrlə qarşılıq verir, etnik azlıqlar konsepsiyasını qəbul etmir.

Sakit okeanın cənub-qərb hissəsində adalar qrupundan ibarət olan Yeni Kaledoniya 1853-cü ildən Fransanın müstəmləkəsi altındadır. Özünü demokratiyanın mərkəzi hesab edən Yelisey sarayı əsrlər boyu adanın yerli sakinlərinə qarşı amansız, insanlıq adına yaraşmayan əməllər törətmiş, əhaliyə zülm, işgəncə verməklə yanaşı, qızıl, bürünc, xrom, nikel, dəmir və başqa təbii ehtiyatlarını istismar etmişdi. Bu gün də Fransanın müstəmləkəçi siyasəti yürütməsi səbəbindən dünyanın ən böyük 3-cü nikel istehsalçısı olan adanın əhalisi yoxsulluq həddinin ən aşağı səviyyəsində yaşayır. Ötən əsrin sonlarından öz istiqlaliyyəti uğrunda mübarizəyə qalxan Yeni Kaledoniya sakinləri Fransa əsarətindən azad olmaq üçün dəfələrlə referendumlar keçirsələr də, hər dəfə Paris rəsmiləri rəqəmləri saxtalaşdırmaqla guya onların azadlıqdan "imtina etdiklərini" bildirmişlər. 2021-ci ildə isə yerli əhali COVID-19 pandemiyası ilə əlaqədar referendumun təxirə salınmasını tələb etsə də, dövlət buna məhəl qoymamış və keçirilən referendumda kanakların 50 faizdən çoxu iştirak edə bilməmişdir. Bu da təbii ki, Fransa hökumətini qane edirdi.

Müstəmləkəsi olan ölkələrin əhalisinin azadlıq mübarizəsini boğmaq üçün müxtəlif vasitələrə əl atan, hər vəchlə onları öz tabeliyində saxlamağa çalışan, beynəlxalq hüququn norma və prinsiplərinə heç vaxt əməl etməyən Fransa bu gün etiraz dalğalarının məngənəsində çabalayır. Belə ki, tarix boyu işğalçılıq siyasəti yürüdən bu "demokratik" ölkənin qoşunlarının Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin artıq uğursuzluğa məhkum olduğunu göstərir. Bu günlərdə isə Yeni Kaledoniyanın müstəqilliyini tələb edən kanakların təşkil etdiyi etiraz aksiyaları genişlənir. 270 min nəfər əhalisi olan Yeni Kaledoniyada 10 il yaşayan Fransa sakinlərinə əyalət seçkilərində səsvermə hüququ verən qanun layihəsinin qəbul edilməsi isə yerli kanakların bu seçkilərdə səslərinin azaldılmasına hesablanıb.

Beynəlxalq hüququ tanımayan rəsmi Paris insan hüquq və azadlıqlarından moizə oxuyur, başqa ölkələrin daxili işlərinə qarışmaqla müstəmləkəçilik siyasətindən "dərs" keçir. Fransa 30 il davam edən keçmiş Qarabağ münaqişəsi zamanı, eyni zamanda postmüharibə dövründə hər zaman erməni separatizmini dəstəkləmiş, sülh, əmin-amanlıq tərəfdarı, humanist ideyalara hər zaman sadiq qalan Azərbaycana qarşı isə qarayaxmalardan, şər-böhtan xarakterli bəyanatlar vermək, əsassız ittihamlar irəli sürməkdən çəkinməmişdir. Lakin öz adını başqasına qoymaq istəyən Fransa bu gün Yeni Kaledoniyada baş verən iğtişaşlarda ölkəmizi günahlandırır. Fransanın daxili işlər naziri Jerar Darmanin heç bir əsas olmadan Azərbaycanı Yeni Kaledoniyanın daxili işlərinə qarışmaqda və Sakit okean adasındakı iğtişaşlarla əlaqəli olmaqda ittiham edir. Görünür, bu il aprelin 18-də Azərbaycan Respublikasının Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanması naziri çox narahat edib. Amma unudurlar ki, Fransadan fərqli olaraq Azərbaycanın həyata keçirdiyi siyasətin əsasında sülh, təhlükəsizlik amilləri dayanır. Sözügedən sənəddə də Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi niyyəti ifadə edilib, iki ölkənin parlamentlərinin komissiyaları, komitələri və orqanları arasında daimi əlaqələrin yaradılmasına kömək göstərilməsi, həmçinin parlament, beynəlxalq fəaliyyət təcrübələrinin öyrənilməsi və bölüşülməsi məqsədilə deputatlardan ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili nəzərdə tutulub. Beynəlxalq hüquq normalarına əməl etməyən, müstəmləkəsi altında saxladığı xalqların hüquqlarını əlindən alan Fransa şər-böhtan xarakterli, əsasız ittihamlardan əl çəkib, dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir.

Mehparə ƏLİYEVA,

"Respublika".