Fransa müstəmləkəçilik siyasətindən imtina etməlidir
Siyasət

Fransa müstəmləkəçilik siyasətindən imtina etməlidir

Son illər Fransanın Mərkəzi və Qərbi Afrika ölkələrindəki müstəmləkələri tərəfindən biabırcasına qovulması və bu ərazilərdə mövqeyini sürətlə itirməsi bu ölkənin beynəlxalq imicinə kifayət qədər ciddi zərbə vurub. Bu müstəmləkələrdən qovulmasının əsas səbəbi Fransanın XIX əsrdən bəri törətdiyi cinayətlərin və siyasətin dəyişməməsi ilə bağlıdır. Məhz keçən əsrin 60-cı illərində müstəqilliyini əldə etmiş dövlətlər fransız təsirindən qurtarmaq üçün artıq növbəti bir mərhələyə qədəm qoyurlar. Bununla da Fransanın neokolonialist siyasətinin bundan sonra davam etməsinə imkan verməyəcəkləri ilə bağlı aydın mesajlar ünvanlayırlar. İkinci bir istiqamət Fransanın hazırda müstəmləkəsində olan dənizaşırı ölkələrdə davam etməkdə olan milli azadlıq hərəkatlarıdır. Xüsusilə də son dövrlər Yeni Kaledoniyada xalq etirazları nəticəsində vəziyyət kifayət qədər gərginləşib və məsələni siyasi yolla həll etmək əvəzinə, Fransa bölgəyə əlavə jandarm qüvvələri göndərməklə prosesi nəzarətə götürməyə çalışır. Amma bu da kifayət qədər problemli bir məsələdir.

Bundan başqa, fransız Qvineyasında və digər ərazilərdə də artıq müstəmləkəçiliyə qarşı etiraz hərəkatları güclənməkdədir. Bu etiraz hərəkatında Azərbaycanın da bayrağının qaldırılması simvolik bir anlam daşıyır. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində dörd ildə neokolonializm məsələlərini önə çəkməklə, dünyada işğal, müstəmləkə altında olan xalqların azadlığına öz töhfəsini verib. Azərbaycan Yeni Kaledoniya və Qoşulmama Hərəkatına üzv olan BMT də təmsil olunmayan, amma mübarizə aparan xalqlarla əlaqələr qurmaqdadır.

Azərbaycan özünün prinsipial mövqeyini ifadə edib. Ölkəmizin siyasəti ondan ibarətdir ki, dünyada beynəlxalq hüquq, ədalət prinsipləri öz yerini tapmalıdır. Fransa müstəmləkəçilik siyasətindən imtina etməli və dünyada yaşayan bütün xalqlar azad şəkildə yaşamalı və öz fəaliyyətləri ilə bəşəriyyətə töhfə verməlidirlər. Bu baxımdan, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə tamamilə uyğundur və bu mövqe qeyd olunan ərazilərdə, o cümlədən dünyanın bir çox yerlərində rəğbətlə qarşılanır. Məhz bu səbəbdən də ölkəmizin prinsipial mövqeyinə ehtiram əlaməti olaraq bölgələrdə baş verən etiraz aksiyalarında Azərbaycan bayrağı qaldırılır. Yəni Azərbaycanın prinsipial mövqeyi bütün dünyada haqq, ədalət, beynəlxalq hüquq prinsiplərinin və xalqların azadlıq və müqəddəratını müstəqil təyinetmə hüquqlarının tanınması yönündədir.

Oqtay QASIMOV,

politoloq.