Türkiyədəki Charles De Gaulle və Pierre Loti fransız məktəblərində uşaq bağçası və birinci siniflərə türkiyəli şagirdlərin qeydiyyata alınmasına və mövcud şagirdlərin ara siniflərə köçürülməsinə qoyulan qadağa təhsil müəssisələrində yeni böhrana səbəb olub. Artıq Charles De Gaulle və Pierre Loti fransız məktəblərinə yeni türk tələbələrin qeydiyyatı dayandırılıb. Qərara səbəb həmin məktəblərin hüquqi statusu olmadan fəaliyyət göstərməsidir.
Hazırda Türkiyədə rəsmi olaraq fəaliyyət göstərən 6 fransız məktəbi var. Hüquqi qanunvericilik çərçivəsində Özəl Saint Benoit Fransız Liseyi, Özəl Saint Pulcherie Fransız Liseyi, Özəl Saint Joseph Fransız Liseyi, Şəxsi Notre Dame De Sion Fransız Liseyi və Özəl Saint Mişel Fransız Liseyi İstanbulda və İzmirdəki Saint Joseph Fransız Liseyi.
Charles De Gaulle və Pier Loti adlı qeyri-qanuni fransız məktəbləri Türkiyədə fəaliyyət göstərsələr də, sanki Fransada təhsil almış kimi diplom verirlər. Bu məktəbi bitirən tələbələr YÖS-ə əcnəbi tələbə kimi daxil olur və universitetlərin xüsusi kvotası ilə haqsız olaraq təhsillərini davam etdirirlər. Belə ki, universitetlərin yalnız xarici tələbələr üçün ayırdıqları kvotalardan məktəb məzunları da yararlana bilirlər. Bu məktəblərin əcnəbi tələbə kimi imtahan verən məzunları Türkiyə Respublikası vətəndaşı olan digər tələbələrlə müqayisədə üstünlük təşkil edir. Beləcə, bu məktəblər milyonlarla tələbənin çox çalışdığı universitetlərə daxil olmaq uğrunda mübarizədə öz məzunlarına haqsız üstünlük verir.
Bununla bağlı açıqlama verən təhsil naziri Yusuf Tekin xarici məktəblərin vəziyyəti ilə əlaqədar aidiyyəti orqanlarla daim əlaqə saxladıqlarını bildirib. O deyib: "Müvafiq beynəlxalq müqavilə hüquqi status alana qədər Charles De Gaulle və Pierre Loti məktəblərinə yeni türkiyəli tələbələrin qəbulu həyata keçirilməyəcək''.
O, həmçinin Fransada yaşayan türk tələbələr üçün türkcə təhsil də daxil olmaqla, genişmiqyaslı təhsil əməkdaşlıq müqaviləsi üçün hazırlıqlara başlanıldığını və bu prosesin ən qısa zamanda başa çatdırılması üçün danışıqların davam etdirildiyini də bildirib.
Y.Tekin bu qurumların statusu ilə bağlı səlahiyyətli orqanlarla nazirlik arasında danışıqların davam etdiyini də vurğulayıb və məktəblərdə türk dili, türk mədəniyyəti, türk ədəbiyyatı, türk tarixi və coğrafiyası kurslarının da verilməsinin vacib olduğunu bildirib. Təhsil naziri əlavə edib ki, məktəblərdə təhsil alan şagirdlərə nazirlik tərəfindən təyin edilmiş müəllimlər dərs verəcək: "Türkiyədə 12 xarici məktəb, fransız, alman və italyan məktəbləri var. Onlarla heç bir problemimiz yoxdur, amma maraqlısı odur ki, Fransa yalnız müstəmləkə ölkəyə yaraşan şəkildə hərəkət edərək Türkiyədə daha iki məktəb (Charles De Gaulle və Pierre Loti) açıb. Məktəbi açarkən "Buraya ancaq fransızları qəbul edəcəyik" desələr də, hazırda şagirdlərin doxsan faizi Türkiyə vətəndaşıdır''.
Xatırladaq ki, Y.Tekin bununla bağlı Fransanın Türkiyədəki səfiri ilə də görüşüb. "Səfiri dəvət etdik, dedi ki, ilk fürsətdə həll edəcəyik. Aradan 7-8 ay keçib, hələ də ortada bir nəticə yoxdur. Burada qanun çərçivəsində təhsil vermək istəyirsinizsə, bizim şərtlərimizə uyğun hərəkət edəcəksiniz. Biz bu məktəbləri qanuniləşdirməliyik. Bunun müqabilində Fransadakı Türkiyə vətəndaşları üçün bəzi tələblərimiz var. Oradakı vətəndaşlarımızın tələbləri rədd edilirsə, türk və türk mədəniyyəti dərslərinə mane olunursa, burada istədiyiniz kimi davranmanız mümkün deyil'', - deyə Y.Tekin bildirib.
Bundan əlavə, 1 yanvar 2024-cü il tarixindən etibarən 2024-2025-ci tədris ili üçün Charles De Gaulle və Pierre Loti məktəblərinin məktəbəqədər və ibtidai siniflərə türkiyəli şagirdlərin qəbul edilməyəcəyi və köçürmə tələblərinin yerinə yetirilməyəcəyi də paylaşılıb.
Türkiyədə təhsil və təlim fəaliyyəti Konstitusiyaya uyğun olaraq dövlətin nəzarəti altında həyata keçirilir, məktəb növləri, şagird qəbulu və qeydiyyatı ilə bağlı müddəalar müvafiq qanunlarla tənzimlənir. 5580 saylı Özəl Təhsil Təşkilatları Qanunu da xüsusi məktəblərin növləri və bu məktəblərə qəbul edilə biləcək şagirdlərin nümunəvi bir demokratik anlayışla, xüsusi beynəlxalq məktəblərdə olmasını təmin edir. Ölkədə fəaliyyət göstərən əcnəbilər tərəfindən açılmış cəmi 328 məktəb fəaliyyətini hüquqi dövlət sərhədləri daxilində həyata keçirmələri üçün lazımi tədbirlər görərək yuxarıda sadalanan hüquqi qaydalara uyğun təhsil verir. Amma son vaxtlar hüquqi statusu olmayan, "türk tələbəsi" qəbul edən məktəblərlə bağlı ictimaiyyətin gündəmini zəbt edən məsələlərə aydınlıq gətirilir.
Onu da qeyd edək ki, Ankaradakı Charles De Gaulle və İstanbuldakı Pyer Loti məktəbləri Fransanın Türkiyədəki səfirliyinə bağlı iki məktəbdir. Hər iki məktəb birbaşa Fransa milli təhsil nazirliyi və xaricdə Fransız təhsili agentliyi (AEFE) tərəfindən idarə olunur. Məktəbin təhsil qərarları birbaşa AEFE tərəfindən qəbul olunur və onlara nəzarət edilir. Kurikulum AEFE-nin bütün dünya üzrə təhsil müəssisələrinə uyğun təşkil olunub.
Charles De Gaulle və Pyer Loti məktəblərinin Türkiyədən rəsmi icazəsi yoxdur. Belə olan halda heç bir məktəb Təhsil Nazirliyi tərəfindən rəsmi olaraq tanınmır. Tərəflər arasında mübahisə də bu məqamda başlayıb.
Təhsil Nazirliyi ilə Fransa səfirliyi arasında keçirilən görüşlərdən sonra mətbuatda Türkiyə vətəndaşı olan tələbələrin 2024-cü ilin əvvəlindən iki fransız məktəbinə artıq qəbul olunmayacağı ilə bağlı xəbərlər yer alıb.
Esmira YAZKAN ASLANOVA,
''Respublika'' qəzetinin Türkyə üzrə müxbiri.