Güc, qüdrət, qəhrəmanlıq simvolu
Siyasət

Güc, qüdrət, qəhrəmanlıq simvolu

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu çoxəsrlik tariximizin mübarizlik, qəhrəmanlıq, fədakarlıq səhifəsini yazdı. Vətən, torpaq, bayraq sevgisi və Ali Baş Komandandan güc alıb silahlanmış hərbçilərimiz hər birimizə iftixar, qürur dolu günlər yaşatdı. Cəmi qırx dörd gün ərzində döyüş meydanında düşməni diz çökdürüb əzəli torpaqlarımızı işğaldan azad edən əsgər və zabitlərimizin şücaəti, mətanəti dillərdə dastana döndü. Bütün dünya şahid oldu ki, bu məmləkətin hər qarış torpağı üçün canını fəda edən, yurd sevgisini məşələ döndərib azadlıq yoluna işıq salan, şəhadətə ucalıb ölümə meydan oxuyan yüzlərlə, minlərlə qəhrəman, mübariz oğulları var. Əsrlərin, qərinələrin belə unutdurmağa gücü yetməyəcək, tarixçilərin, salnaməçilərin deyil, vətənpərvər ruhlu, qəlbində vətən, millət, torpaq məhəbbəti yaşadan mərd oğullarımızın yazdığı bu şanlı tarix müstəqil Azərbaycan var olduqca yaşayacaq.

Ali Baş Komandanın qətiyyətli mövqeyi, xalqımızın birliyi, həmrəyliyi və Azərbaycan əsgərinin rəşadəti, şücaəti düşmənin müqavimətini qıraraq 30 illik işğala son qoydu, Ordumuz 44 gün ərzində ancaq irəli gedərək tarixi torpaqlarımızı azad etdi. Dünya hərb tarixinə XXI əsrin müharibəsi kimi yazılan İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrimiz düşmən ordusunun yüzlərlə hərbi texnikasını, minlərlə canlı qüvvəsini, "yarılmaz istehkam"larını, "keçilməz səd"lərini sıradan çıxardı. Müzəffər sərkərdə İlham Əliyevin rəhbərliyi ilə əbədi yurd yerlərimiz - Cəbrayıl, Füzuli, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Laçın rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər qəsəbələr, yüzlərlə kənd, strateji yüksəkliklər düşməndən geri alındı. Beşinci nəsil silahlarla təchiz olunmuş Azərbaycan Ordusu 30 il düşmən tapdağı altında olan torpaqlarımızda yüksək peşəkarlıq, döyüş qabiliyyəti, ən əsası isə qəlbində bitməz-tükənməz Vətən eşqi, Vətən həsrəti ilə döyüşdü.

Xalqımıza ərazi bütövlüyünü təmin etməyin, 30 illik yurd həsrətinə son qoymağın sevincini bəxş edən Azərbaycan Ordusunun əsgər və zabitindən tutmuş generalına qədər hər bir üzvü bütün dünyaya vətənpərvərlik nümunəsi göstərdi. Mərd, mübariz Azərbaycan oğlu son damla qanına qədər döyüşərək hər qarış torpaq uğrunda canını fəda etməklə qəhrəmanlıq, igidlik simvoluna çevrildi. Mənfur düşmən tapdağında inləyən torpaqlarımız azadlığına qovuşduqca, bu yerlərdə şanlı üçrəngli bayrağımız dalğalandı. Xalq-Dövlət-Ordu birliyi düşmən üzərində qələbənin bünövrəsi oldu. Ali Baş Komandanın ətrafında birləşən xalqımızın gücü bir yumruğa çevrilərək düşmənə heç vaxt unuda bilməyəcəyi zərbə endirdi. Silahlı Qüvvələrimizin rəşadəti, döyüş əzmi qarşısında tab gətirə bilməyən, Azərbaycan əsgərinin adı çəkiləndə canına vəlvələ düşən qorxaq düşmənin ağ bayraq qaldırmaqdan savayı başqa yolu qalmadı.

Dünyanın ən güclü ordusu sırasında 50-ci yerlərdə qərarlaşan Azərbaycan Ordusu nəyə qadir olduğunu Şuşa əməliyyatında göstərdi. Bu möhtəşəm qələbədə hələ 90-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu Heydər Əliyev adına Hərbi Liseyin yetirmələri, Naxçıvan Xüsusi Təyinatlıları xüsusilə əvəzsiz qəhrəmanlıqlar, hünər göstərdilər. Sıldırım qayaları aşan qəhrəmanlarımız Şuşa Zəfərini müasir tariximizə al qanları ilə yazdılar. Çanaqçı kəndini işğaldan azad etdikdən sonra strateji əhəmiyyətli Şuşa-Laçın yolunun bir hissəsinə nəzarəti ələ keçirən Xüsusi Təyinatlı Qüvvələr sıx meşələr, keçilməz yarğanlarla Şuşa istiqamətində irəlilədilər. Böyük Tağlar kəndindən meşələrlə Şuşaya, Çanaqçı və Sığınaq kəndlərinə doğru 3 gün ərzində 42 kilometr uzunluğunda buldozer və əllə yol açan mühəndis-istehkamçılar ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirdilər. Prezident İlham Əliyev Şuşanın düşməndən azad olunmasından danışarkən demişdir: "...Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Biz məhz Hadrut meşələrindən keçərək, yüksək dağları aşaraq Şuşaya yaxınlaşmışdıq və Şuşa uğrunda gedən döyüşlər artıq heç kimə sirr deyil".

Vətən müharibəsindən sonra orduda aparılan genişmiqyaslı islahatlar, Xüsusi Təyinatlı Qüvvələrin sayının artırılması, Komando qüvvələrinin yaradılması ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində atılmış ən önəmli addımlardandır. Azərbaycan hərb tarixində bu mühüm yeniliklər Prezident İlham Əliyevin Azərbaycan Ordusunun peşəkarlığının, döyüş qabiliyyətinin artırılmasına xüsusi diqqət göstərdiyinin bariz nümunəsidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunun sürətləndirilməsi, əsgər və zabitlər arasında sağlam ab-havanın, yüksək əhvali-ruhiyyənin yaradılması, mübarizə əzminin formalaşdırılması Qalib Ordumuzu daha da qüdrətləndirir. Dövlət başçısı İkinci Qarabağ müharibəsində döyüş taktikası, həyata keçirdiyi hərbi əməliyyatlarla bütün dünyanı heyrətə gətirən Azərbaycan ordusunun qurucusu olmaqla yanaşı, həm də hərbçilərini vətən məhəbbəti, torpaq sevgisi, bayraq eşqi ilə silahlandıran müzəffər Ali Baş Komandandır. Təsadüfi deyil ki, Şuşa uğrunda gedən döyüşlərdə hərbçilərimizin nümayiş etdirdikləri qəhrəmanlıq - sıldırım qayaları dırmaşaraq düşməni yüngül silahlarla məğlub etməsi dünyanın ən məşhur hərbi institutları, ekspertlər tərəfindən öyrənilir.

Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində yürütdüyü məqsədyönlü siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkə başçısının müvafiq sərəncamı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması, maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində vacib işlər görülür, əsgər və zabitlərin bilik və təcrübələri təkmilləşdirilir, döyüş qabiliyyəti möhkəmləndirilir. Bu gün Ordumuz dünya hərb sənayesinin yüksək texnologiyalarının tətbiqi ilə hazırlanmış ən müasir, dəqiq, geniş ərazidə məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası, idarəolunan DRON tipli pilotsuz uçan aparatlarla təmin edilib. Qardaş Türkiyənin Silahlı Qüvvələri ilə keçirilən birgə hərbi təlimlər əsgər və zabitlərin döyüş hazırlığı və peşəkarlığının artırılmasında böyük rol oynayır. Müasir silahların ixracatçısı olan ölkəmizdə Müdafiə Sənayesi Nazirliyinin xətti ilə istehsal olunan 1300-dən çox adda hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. O cümlədən kadr islahatları, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi Qalib Ordumuzu daha da qüdrətləndirir.

Ərazi bütövlüyünü, suverenliyini öz gücü hesabına təmin edən ölkəmizlə bütün dünya hesablaşır, verdiyi qərarlara, irəli sürdüyü təşəbbüslərə hörmətlə yanaşılır. Yenilməz ordu, güclü iqtisadiyyat və bütün bunların fonunda həyata keçirilən müstəqil, müdrik siyasət Azərbaycanı gündən-günə gücləndirir.

Mehparə ƏLİYEVA,

"Respublika".