Güclü ordu, müasir hərbi texnika, uğurlu təlimlər
Siyasət

Güclü ordu, müasir hərbi texnika, uğurlu təlimlər

Keçmiş sovet rejimi dövründə Azərbaycana rəhbərliyinin ilk günlərindən ulu öndər Heydər Əliyev dövlət siyasətinin digər sahələri kimi, ordu quruculuğu prosesini prioritet istiqamət müəyyən etmişdir. Məhz ümummilli liderin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində Bakıda xüsusiləşdirilmiş hərbi təmayüllü orta internat məktəb (indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey) yaradıldı. Bu məktəbdə yüzlərlə azərbaycanlı gənc hərbi biliklərə yiyələndi. Bunun nəticəsi olaraq, müasir ordumuzun heyəti Vətənin keşiyində möhkəm dayanıb.

Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Çünki müstəqillik dövründə ordunun davamlı şəkildə möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Azərbaycan regionda yaratdığı yeni geostrateji və geosiyasi reallıqlardan bəhrələnərək dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Orduların silah təchizatı ilə yanaşı, taktiki hazırlıq gücü də çox önəmlidir. Bu baxımdan Azərbaycan ordusu dünya orduları arasında layiqli yer tutur. Bunun nəticəsidir ki, artıq ordumuzun unikal strategiyası və hərbi taktikası digər ölkələrin hərbi qurumları tərəfindən öyrənilir və tətbiq edilir.

Nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır. Ordu quruculuğu prosesində Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılmışdır. Kompleksdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Keyfiyyətinə və müasirliyinə görə dünyanın aparıcı beynəlxalq sərgilərində ölkəmizin hərbi məhsulları nümayiş olunur. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin ötən müddət ərzində istehsalı mənimsənilmiş məmulatlardan "Matador" və "Marauder" zirehli döyüş maşınlarını, BTR-70 (təkmilləşdirilir) və BRDM-2 (təkmilləşdirilir) transportyorlarını, "Mübariz", "İstiqlal", "Yalquzaq" və sair snayper tüfənglərini, AK-74M, AZ-7,62 NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, "Orbiter-2M", "Orbiter-2B", "Orbiter-3B" və mini "Orbiter-4", "Aerostar-BP" taktiki və "Zərbə" tipli kamikadze pilotsuz uçuş aparatlarını göstərmək olar.

Vətən müharibəsində Azərbaycan Ordusu pilotsuz uçuş aparatlarından da (PUA) geniş istifadə etmişdir. Kəşfiyyat, kəşfiyyat-zərbə və kamikadze PUA-ların qrup halında istifadəsi, eyni zamanda artilleriya bölmələri ilə qarşılıqlı koordinasiya əsasında istifadəsi nəticəsində cəbhənin ön xəttində və dərinliyindəki düşmənin hərbi texnikaları, artilleriya sistemləri, tankları, zenit-raket kompleksləri və sursat anbarları məhv edilmişdir. Bununla yanaşı, 44 günlük müharibədə yerli istehsal olan "Aerostar" tipli taktiki, "Orbiter-3" tipli mini taktiki, "Orbiter-2" tipli mini kəşfiyyat pilotsuz uçuş aparatlarından, "Zərbə" kamikadze və "İti qovan" dronlarından aktiv istifadə olunmuşdur. Azərbaycan Ordusuna məxsus kamikadze PUA-larından düşmənin hərbi texnikası, canlı qüvvəsi və hərbi obyektlərinin vurulmasında istifadə olunması Azərbaycanın müdafiə sənayesinin gücünü, qüdrətini göstərir.

Ordu quruculuğunda xüsusi diqqət yetirilən məsələlərdən biri də müxtəlif miqyaslı hərbi təlimlərin müntəzəm keçirilməsidir. Diqqət cəlb edən məqam ondan ibarətdir ki, əvvəlki dövrlərdən fərqli olaraq on minlərlə ehtiyatda olan hərbi mükəlləfiyyətlilər də təlimlərə cəlb edilir və onların hərbi ixtisaslarına uyğun təkmilləşdirilməsi həyata keçirilir. Bununla yanaşı, sözügedən prosesdə qardaş Türkiyə ilə birgə təlimlərə xüsusi diqqət ayrılır. Yurd yerlərimizin işğaldan azad edilməsində, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında Türkiyənin mənəvi-siyasi dəstəyi danılmazdır. Regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması, uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasına ən gözəl nümunədir. "EFES-2024" və "Anadolu Ankası-2024" təlimlərini buna nümunə göstərmək olar. Qeyd edək ki, "EFES - 2024" təlimi 25 aprel-8 may və 9-30 may tarixləri olmaqla iki mərhələdə keçirilir. Bununla yanaşı, Azərbaycan, Qətər, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı və Türkiyənin iştirakı ilə Konyadakı 3-cü Əsas Jet Baza Komandanlığında "Anadolu Ankası-2024" beynəlxalq təlimi baş tutub. 6-17 may tarixində keçirilən təlimin məqsədi şəxsi heyətin xilasetmə əməliyyatları çərçivəsində komanda və idarəetmə prosesini sınaqdan keçirmək və təkmilləşdirmək, şəxsi heyətin xilasetmə əməliyyat qrupu ilə döyüş şəraitində digər ölkələrlə qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, həmçinin əməkdaşlıq sahələrini müəyyən etməkdir.

Qeyd edək ki, "EFES", "Anadolu Ankası", "Qış Təlimi", "Anadolu Ulduzu", "Erciyes-2019", "Anadolu Qartalı", "Mustafa Kamal Atatürk", "Sarsılmaz Qardaşlıq", "TurAz Qartalı-2019", "TurAz Qartalı-2020" və "Heydər Əliyev-2020", Konyada keçirilən "Anadolu Qartalı-2021" ölkəmizin iştirak etdiyi hərbi təlimlər sırasında yer alır. Heç şübhəsiz, bütün bunlar qardaş ölkə ilə birgə hərbi əməkdaşlığı daha da inkşaf etdirir.

Nurlan ABDALOV,

"Respublika".