Günnüt əməliyyatının yeganə şəhidi
CƏMİYYƏT

Günnüt əməliyyatının yeganə şəhidi

Haqqında söhbət açacağımız Adil Tatarov Naxçıvan MR ərazisində altı il əvvəl baş verən Günnüt əməliyyatının yeganə qəhrəman şəhididir. Adil 1999-cu il yanvar ayının 28-də Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olub. 2006-cı ildə Xanməmməd Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ildə hərbi xidmətə yollanıb. O, Naxçıvan Muxtar Respublikasında əsgəri xidmətə başlayıb. Hərbi xidməti zamanı nümunəvi əsgər olub. Hərbi hissə üzrə keçirilən "ən yaxşı snayper" yarışında yüksək nəticə əldə edərək hərbi hissə komandiri tərəfindən Fəxri fərmanla təltif edilib. Şərur rayonunun Günnüt kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Şəhid doğulub, boya-başa çatdığı Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında son mənzilə yola salınıb.

Onun hərbi xidməti bitirməyinə 4 ayı qalırdı. Atası Əli Tatarov kənd təsərrüfatı ilə məşğul olur, anası Şüküfə Tatarova isə evdar xanımdır. Adil sinif yoldaşları və dostlarına həqiqi hərbi xidmətə çağırılan zaman dostlarına belə deyib: "Uşaqlar, əsgərlik insanın həyatında bir dəfə olur. Gedirsənsə, ya qəhrəman olmalısan, ya da şəhid".

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra Adil Əli oğlu Tatarov "Vətən uğrunda", Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən isə "Şücaətə görə" medalları ilə təltif olunub.

Atası Əli Tatarovun xatirələrindən: "Azərbaycanın tarixən qəhrəman oğulları olub və bu gün də yetişməkdədir. Azərbaycan xalqı güclü və vətənpərvərdir. Hər bir Azərbaycan oğlu canını vətən yolunda qurban verməkdən çəkinmir. Mənim də övladım belə oğullardan biri idi. Adil kimi igid oğulları çox olan vətənin bir qarış torpağı da düşmən tapdağı altında qalmadı. Torpaqlarımız işğaldan azad olundu. İndi müqəddəs torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır. Mən şəhid atası kimi oğlumla fəxr edir, qürur duyuram".

Şəhidimizin əmisi Adili həmişə xatırladığını bildirib: "Adil Günnüt əməliyyatının tək şəhididir. Onu hamı yaxşı tanıyır. Adil təkcə Ağstafa torpağının deyil, bütün Azərbaycanın qəhrəman oğludur.

Vətən müharibəsində isə bacım oğlu Mahmud Namazov da şəhid oldu. Bizim ailənin artıq Qarabağ müharibəsində iki şəhidi var. Mən o, şəhidlərimizin dayısı, əmisi kimi onlarla çox qürur duyuram. Adil bu torpağın yetirməsidir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin".

M.MİRZƏ,

"Respublika".