Havadarlarına arxalanan İrəvanın absurd şərtləri
Siyasət

Havadarlarına arxalanan İrəvanın absurd şərtləri

Keçmiş separatçı rejimin təhlükəsizlik şurasının katibi olmuş Samvel Babayan son zamanlar Qarabağ ermənilərini bölgəyə qayıtmaq üçün razı salmağa çalışır. Erməni mətbuatı bu barədə yazılar tirajlayır. Mediada yayılan məlumatlara görə, Babayanın qohumları onun adından deyirlər ki, əgər 2000 insan toplaşa bilsə, onlar Xankəndiyə oradan çıxdıqları kortejlə qayıda biləcəklər. Geri dönüşə isə şəxsən Babayanın özü rəhbərlik edəcək. Babayanın prosesə rəhbərlik etməsi hazırda Ermənistanda separatçıların sıxışdırılması ilə bağlıdır.

İrəvanın siyasi dairələrində Qarabağın sonuncu separatçı lideri Samvel Şahramanyanın yaxın zamanlarda həbs ediləcəyi barədə xəbərlər yayılıb. Bu gedişatdan digər separatçılar da sığortalanmayıblar. Buna görə də Babayan özünü bu prosesdən kənarda saxlamaq istəyir. O düşünür ki, müəyyən kütləni ətrafına toplayaraq Qarabağa qayıda və orada yaşaya bilər. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, son dövrlərdə təkcə Samvel deyil, mahiyyət etibarilə məhv edilmiş separatçı təsisata daxil olan şəxslərin bir çoxu Azərbaycan ərazilərini könüllü şəkildə tərk edən ermənilərin geri qayıdışı ilə bağlı müəyyən müzakirələr aparırlar. Onların əsas məqsədi erməni toplumundan istifadə etməklə öz mövqelərini möhkəmləndirməkdir.

Sözsüz ki, indiki məqamda ermənilərin bölgəyə yenidən qayıtmaq perspektivi yoxdur. Bu məsələ Ermənistan hökumətinin maraqlarına da cavab vermir və prioritetləri sırasına daxil edilməyib. Çünki İrəvan Bakıdan bunu tələb edərsə, adekvat tələblə üzləşəcək. Yəni ermənilərin dönüşü Qərbi Azərbaycana qayıdışı da şərtləndirəcək. Paşinyan bu amili nəzərə alır və həm də dərk edir ki, Qərbi azərbaycanlıların sayı bir milyona yaxındır. Onların geri qayıtması Ermənistan daxilində güclü Azərbaycan icmasının olması deməkdir ki, bu da rəsmi Bakının təsir gücünün artacağına işarə edir. Məhz bu səbəbdən İrəvan müəyyən zaman aralıqlarında Qarabağ ermənilərinin məsələsini aktuallaşdıraraq əslində Qərbi azərbaycanlıların tarixi torpaqlara qayıdışını əngəlləmək istəyir. Amma nəzərə almaq lazımdır ki, rəsmi Bakı ermənilərin inteqrasiyası ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoyub. Dəfələrlə diplomatik qaydada bəyan edilib ki, Qərbi azərbaycanlıların Ermənistana qayıdış məsələsi müzakirə edildiyi təqdirdə, ermənilərin də Qarabağa dönüş məsələsi aktuallaşa bilər. Çünki Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı tarixi bir zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq. Üstəlik, bölgənin erməni əhalisini heç kim zorla Qarabağdan çıxmağa məcbur etməyib. Onlar Azərbaycan vətəndaşlığını qəbul edərək geri qayıda bilərlər.

Digər tərəfdən, Ermənistan mətbuatında Qarabağ ermənilərinin bölgəyə qayıtmaqları ilə bağlı yayılan xəbərlərin arxasında müəyyən qüvvələrin dayanması da istisna deyil. Bu müstəvidə Qərb xüsusi diqqət çəkir. Çünki avropalı rəsmilərin müxtəlif dövrlərdə verdikləri açıqlamalardan aydın olur ki, "qoca qitə" Ermənistana ermənilərin Qarabağa qayıtması məsələsində şərt irəli sürməsi üçün diktə edir. Bu da sülh danışıqları prosesinin əngəllənməsinə hesablanıb. Əgər Paşinyan Administrasiyası yekun sazişin imzalanmasını istəyirsə, o zaman şərtlər irəli sürməməli, dövlətçilik maraqlarını əsas tutaraq regionda sabitliyin təmin olunmasına çalışmalıdır.

Rəsmi İrəvanın ermənilərin Qarabağa qayıdışına imkan verəcəyi inandırıcı deyil. Bununla belə, Ermənistan məsələni Bakının şərtlərini yerinə yetirməmək üçün təzyiq aləti kimi də daim gündəmdə saxlamağa çalışacaq. Bu plan üzrə hərəkət etdiyi müddətdə isə Cənubi Qafqazda sülhün əldə olunması prosesi ləngiyəcək.

Jalə QASIMZADƏ,

"Respublika".