ABŞ bir tərəfdən Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin əldə olunması istiqamətində atılan addımları dəstəkləyir, digər tərəfdən isə rəsmi İrəvanı intensiv şəkildə silahlandırır. Onların içində hücum silahları da mövcuddur. Eyni zamanda sonuncu dəfə Zəngəzura yerləşdirilən radiolokasiya qurğuları vasitəsilə ABŞ İran ərazisindən uçan hava hədəflərini izləməyi planlaşdırır.
Maraqlıdır ki, dəfələrlə ABŞ-ın İran sərhədlərində Avropa missiyası, eləcə də öz müşahidəçiləri sayəsində fəaliyyəti, Qərbi Zəngəzur ərazisində hərbi avadanlıqların yerləşdirilməsini nədənsə İran görməzdən gəlir. Demək olar ki, biz belə bir hadisəyə heç vaxt şahidlik etməmişik. Son zamanlarda Ermənistan məhz ABŞ-dan və Qərbdən gələn hərbi dəstək sayəsində Azərbaycana qarşı çoxsaylı təxribatlar edir. Biz Ermənistanda baş verən hadisələri çox diqqətlə izləyirik, ölkənin silahlanması böyük təəssüf hissi yaradır. ABŞ-ın verdiyi silahlarla hər hansı bir Azərbaycan əsgərinə ziyan dəyərsə, həmin silahların kimə məxsus və harada yerləşməsindən asılı olmayaraq dərhal zərərsizləşdiriləcəklər. Buna kimsənin şübhəsi olmasın. Ermənistan unutmamalıdır ki, əvvəllər Azərbaycana qarşı çox sayda atəş açılan ərazilərdə bu gün dövlət bayrağımız dalğalanır. Hətta həmin ərazilərin əksəriyyətində hərbi paradlar təşkil edilib. Bunu Ermənistan hakimiyyəti yaddan çıxarmamalıdır.
Ədalət VERDİYEV,
hərbi ekspert.