Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsi, Paşinyanın qərbyönümlü siyasəti regional təsirlərə səbəb olur. Nikol Paşinyanın hakimiyyətinin ABŞ və Fransa ilə daha sıx əlaqələr qurması, Rusiya ilə əlaqələri isə zəiflətməsi, təbii ki, region ölkələrinə də təsir edir.
Uzun müddət Rusiyanı özünün əsas havadarı hesab edən rəsmi İrəvan son illərdə bu ənənəni pozmaq istəyində israrlıdır. Güman ki, Rusiyadan "ərazi iddiaları" barəsində dəstəyi ala bilməyən haylar öz xəyali "böyük Ermənistan" arzularını reallaşdırmaq üçün Qərbdən kömək umurlar. Lakin "öz keçmiş gücümüzü bərpa edəcəyik" şüarı ilə çıxış edən ermənilər belə bir keçmişin olmadığını qəbul etmək istəmirlər. Bu da erməni xalqının "mandela effekti"ndən əziyyət çəkdiyini sübut edir. Tarixin heç bir səhifəsində "güclü və qüdrətli Ermənistan" olmayıb, əksinə köçəri və satqın Ermənistan olub.
Ermənistan KTMT-nin avqustun 14-də başlayan və "Kobalt-2024" təlimində də iştirak etməkdən imtina edib. Ümumiyyətlə, Nikol Paşinyanın ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətinin "de-yure" dondurulduğunu bildirməsi onu göstərir ki, Ermənistan bu il keçiriləcək 7 təlimin heç birində iştirak etmək niyyətində deyil. "De-yure"nin isə yaxın vaxtlarda "de-fakto" olacağı məlumdur. "Zvarnots" hava limanından rusları çıxarıb ABŞ-ı dəvət edən, bu ölkə ilə birlikdə təlimlər keçirən Ermənistan artıq öz seçimini edib. Lakin haylar hiyləgər taktika yürüdərək Rusiya ilə ipləri tam qoparmır. Ötən gün Ermənistanın Rusiyadakı səfirini əvəzləməsi buna nümunədir. Rəsmi Moskva isə Cənubi Qafqazda təsir rıçaqını itirmək istəmir. İrəvanın "dekaplinq", yəni cütdən ayrılmaq siyasəti sonda bu ölkənin cəzalandırılması ilə nəticələnə bilər.
Ötən ay Ermənistanda keçirilən sorğuda əhalinin 83 faizi KTMT əvəzinə ölkəsinin NATO-da iştirakını daha səmərəli hesab edib. Bu isə Paşinyan hökumətinin hayları Qərbə yaxınlaşmağa razı saldığını göstərir. Ermənistanı maliyyələşdirən Qərb artıq bu xidmətlərin qarşılığında rəsmi İrəvandan tutarlı addım gözləyir. Qərbə inanmaqla haylar bir növ öz faciəvi sonlarını hazırlayırlar. ABŞ-ın Kiyevi dəstəkləməyərək məsuliyyəti öz üzərindən atması Ukraynanı Rusiya qarşısında aciz vəziyyətdə qoyub. Şübhəsiz ki, Ermənistanı da eyni sonluq gözləyir. Çünki Qərbin keçmişdə müdaxilə etmək istədiyi ərazilər bu gün xarabalığa çevrilib. ABŞ Rusiyaya qarşı ona yaxın ölkələri öz tərəfinə çəkmək siyasəti aparır. Yəni "üçüncü ölkə" hesab edə biləcəyimiz dövlətlər bu yolda sadəcə "taktiki gediş"in bir parçasına çevrilirlər. Qərbin istəkləri bitib tükənmir. Ermənistan isə bu istəklər qarşısında çox gücsüzdür. Məhz "dekaplinq" siyasətinə sövq edilən haylar sonda bunun əziyyətini çəkəcəklər.
Qarabağ müharibəsində KTMT-nin Ermənistana deyil, Azərbaycana haqlı dəstək verməsi haylar arasında Rusiya ilə bağlı mifin alt-üst olması ilə nəticələndi. Moskvanı öz ölkəsinin təhlükəsizliyinin təminatçısı olaraq görən ermənilərin bu ölkəyə etimadı azaldı. Ermənistan Moskvanın kölgəsinə sığınaraq işğal dövrünü daha da uzatmaq istəyirdi. Lakin Azərbaycanın qətiyyətli xarici siyasəti buna imkan vermədi. 30 il ərzində gözardı edilən sülh çağırışları bu gün Ermənistanı uçuruma sürükləyən səbəblərdən biridir. Vaxtında bu məsələ sülh yolu ilə həll olunsaydı, bu gün daha fərqli Ermənistana şahidlik edə bilərdik. Lakin barışıq əvəzinə, Şuşada yallı gedən Nikol bu gün eyni gedişi və eyni səhvi təkrarlayır, Azərbaycanın COP29-a dəvətinə hələ də rəsmi cavab vermir. Ermənistan rəsmi Bakının sülhün imzalanması üçün yumşalmaya getdiyi bir dövrdə belə hələ də ləngiyir. Şübhəsiz ki, başlıca maneə yenə də Qərb faktorudur. Sülh sazişini imzalamaq ərəfəsində olan bir ölkənin ərazisində təlimlər keçirən ABŞ heç bir halda sülhə vasitəçi ola bilməz.
Aldadıldığının hələ də fərqində olmayan İrəvan Cənubi Qafqazı oda atmağa davam edir. Şübhəsiz, bu siyasət haylar üçün yaxşı heç nə vəd etmir. Avropa Birliyinə və NATO-ya üzvlük, viza rejiminin sadələşdirilməsi və göstərilən yardımlar fonunda bəzi şirnikləndirmələr Ermənistanı uçuruma aparır. "Böyük Ermənistan" xəyalı quran, nə keçmişdə, nə də gələcəkdə belə bir məfhumun mümkünsüzlüyünü anlamayan haylar, güman ki, növbəti dövrlərdə daha bir köç axınına seyrçi olacaqlar.
Tacir SADIQOV,
"Respublika".