Azərbaycanın əzəli, əbədi yurd yeri olan Qarabağ torpaqlarını azad etmək məqamı yetişəndə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri Elnur Zeynal oğlu Bağırov şərəfli vəzifəni yerinə yetirənlərin önündə gedib. Və bu müqəddəs yolda canını fəda etməklə adını xalqın qəhrəmanlıq salnaməsinə yazıb. Beləcə, Elnur qısa bir ömür yaşasa da, gənc nəsillər üçün də örnək olacaq əməllər qoyub. Dövlət də müharibə meydanında göstərdiyi şücaətini nəzərə alıb onu ölümündən sonra "Vətən uğrunda", Cəbrayılın və Kəlbəcərin azad olunmasına görə medallarına layiq görüb.
Torpağı Vətən edən Elnur Bağırov Cəlilabaddandır. 1996-cı il martın 6-da rayonun Privolnoye kəndində dünyaya göz açıb. Mərdlik, cəngavərlik ruhu, elinə-obasına bağlılıq, Vətən sevgisi müqəddəs ana südü ilə birgə hopmuşdu onun canına. Odur ki, Elnur orta məktəbi bitirib müstəqil həyata qədəm qoyanda onun yüksək mədəniyyəti, saf əxlaqı, fəal vətəndaşlıq mövqeyi tez də bilinib.
Nə qədər günləri xoş keçsə də Vətən torpaqlarının düşmən tapdağında olması Elnuru çox narahat edib. Elə milli ordu sıralarına çağırılanda müqəddəs torpaqların azadlığı naminə cəbhə bölgəsində xidmətə başlayıb. Əlinə silah aldığı gündən doğma Azərbaycanın hər qarışını özünə əziz bilib, gözbəbəyi kimi qoruyub, uğrunda canını fəda etməyə hazır olub. Və eyni zamanda yüksək nizam-intizamı, hərbi anda sonsuz sədaqəti, verilən tapşırıqları yerinə yetirərkən fədakarlığı ona hörmət, nüfuz qazandırıb. Azərbaycanın müqəddəs bir parçası Qarabağın azadlığı naminə ömrünü qurban verməyi isə özünə şərəf sayıb. Məhz buna görə 44 günlük haqq savaşımızda birinci silaha sarılıb: "Vətən yolunda şəhid olmaq hər bir oğlun müqəddəs borcudur", - deyib yağının ilan başını əzmək üçün yerini odlu-alovlu səngərdə görüb.
Elnurun qəlbində Vətən məhəbbəti, el qeyrəti qatıldığı döyüşlərdən həmişə zəfərlə çıxıb. İlk gündən erməni dığalar tərəfindən atılan güllənin üstünə mərdi-mərdanə getməklə onların kabusuna çevrilən igid döyüşçü Qarabağın çox yerində üçrəngli qələbə bayrağımızı sancanlardan biri olub.
Elnur Bağırov 2020-ci il noyabrın 2-də Kəlbəcər istiqamətində gedən ağır savaşa qələbə əzmi ilə girib. Son gülləsinədək qəhrəmancasına vuruşub, 24 yaşında şəhadətə qovuşub.
Bəli, torpaq yolunda ölən varsa, Vətəndir. Bu yolu seçənlər isə əbədi günəş ömrünü yaşayırlar. Cəlilabadın qəhrəman oğlu Elnur da belə. Vətən onu heç zaman unutmaz.
Zəfər ORUCOĞLU.