Ulu öndər Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən hər il avqustun 5-i ölkədə Hərbi Donanma Günü kimi qeyd olunur. Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri bu günə kimi çətin, həm də şərəfli yol keçib.
1919-cu ilin yayında ingilislərin Bakını tərk etməsi ilə şəhər limanının idarəçiliyi və hərbi gəmilərin bir hissəsi Azərbaycan hökumətinə təhvil verildi. Bu, Azərbaycan Xəzər Hərbi Dəniz Donanmasının yaradılmasına zəmin hazırladı və Azərbaycan hökuməti bu qüvvə ilə dəniz sərhədlərinin qorunmasını təmin etməyə çalışdı. Azərbaycan hökuməti Rusiya donanmasının admiralı və Şimal qütbünə ekspedisiyanın iştirakçısı olan türk əsilli İslamovu milli donanmanın yaradılmasına kömək etmək üçün Azərbaycana dəvət etdi. Bu dövrdə "Astrabad", "Qars" və "Ərdəhan" hərbi gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara təhvil verildi. Bu addım Azərbaycan dəniz qüvvələrinin milli kadrlarla gücləndirilməsi və müstəqil bir donanma yaratmaq məqsədinə xidmət edirdi.
1919-cu ilin avqustunda Azərbaycan Hərbi Dəniz Qüvvələri yavaş-yavaş formalaşmağa başlayırdı. Bu vaxta qədər isə Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Həmin ilin sonlarında isə Azərbaycan Xəzər dəniz donanması üçün əhəmiyyət kəsb edən hərbi təşkilat yaradıldı. Bu dövrdə Baş Qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi təsis edildi. Donanma tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmi, "Ərdahan" və "Kars", həmçinin müxtəlif xidmət və köməkçi gəmilər - "Astrabad", "Göytəpə", "Araz", "Nargen", eləcə də "Oryol" nəqliyyat gəmisi, silahlı "Puşkin" paraxodu və bir sıra katerlər mövcud idi. Bu qüvvələr Azərbaycan dəniz mühafizəsinin gücləndirilməsi və təhlükəsizlik tədbirlərinin təmin edilməsinə zəmin yaradırdı.
Hərbi donanma üçün kadrların hazırlanması məqsədilə Bakı Dəniz Aviasiyası məktəbinin bazasında Xüsusi Hərbi Dəniz Aviasiyası məktəbi, 1919-cu il oktyabrın 14 isə dəniz aviasiyası dəstəsi formalaşdırıldı. Texniki təminatın yaxşılaşdırılması məqsədilə Paris Sülh Konfransına təqdim olunmuş memorandumda donanmanın sualtı qayıqlar, lazımi qədər mərmi ehtiyatları və digər zəruri vasitələrlə təmin olunmasına köməklik göstərilməsilə bağlı müraciət olunmuş, altı sualtı qayıq, müxtəlif tipli döyüş katerləri, dəniz artilleriya silahları sifariş olunmuşdu.
İlin sonlarında isə general İbrahim ağa Usubovun başçılığı ilə Azərbaycan hərbi missiyası xaricdən donanma üçün əhəmiyyətli miqdarda silah və avadanlıq gətirdi: 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu və simsiz teleqraf qurğuları əldə olundu. Bu təchizat donanmanın güclənməsinə və Azərbaycanın dəniz sərhədlərinin daha effektiv qorunmasına imkan verdi.
Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə əlaqədar olaraq güclü dəniz donanmasının yaradılması baş tutmadı. Müstəqilliyi yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası parlamentinin 1991-ci il oktyabrın 9-da qəbul etdiyi "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanuna əsasən Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazası müəyyənləşdirildi. Müstəqillik əldə etmiş Xəzəryanı dövlətlər arasındakı razılığa görə, Azərbaycan onun ərazisində yerləşən Xəzər hərbi donanmasının bütün bazalarına və gəmilərin 25 faizinə sahib oldu. 26 iyul 1992-ci ildə "Bakılı" gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırıldı və sonrakı illərdə Azərbaycan öz Hərbi Dəniz Qüvvələrini yaratmağa başladı. İlk mərhələdə Hərbi Dəniz Qüvvələrinə müxtəlif tipli gəmilərlə komplektləşdirilmiş beş divizion və sahil bölmələri daxil edildi. Xəzər hövzəsində yerləşən müşahidə postları və mayakların fəaliyyəti bərpa olundu. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin heyətində qısa müddət ərzində Dəniz piyadası taboru formalaşdırıldı və tabor 1994-cü ildə Ağdam, Tərtər istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını almaq məqsədilə cəbhə bölgəsinə göndərildi. 4 noyabr 1997-ci il tarixli "Azərbaycan Respublikasının Hərbi Dəniz bayraqları haqqında" qanununa əsasən hərbi və köməkçi gəmilərdə qaldırılan bayraqlar haqqında əsasnamə qəbul edildi və 7 avqust 2000-ci ildən etibarən Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində qurumun bayrağı qaldırıldı. Türkiyə və Azərbaycan Hərbi Dəniz Qüvvələri arasındakı hərbi əməkdaşlıq müqaviləsinə əsasən 223 kiçik artilleriya kateri Azərbaycana hədiyyə olundu. Həmçinin Amerika dəniz piyadaları ilə birgə bir sıra təlimlər həyata keçirilməyə başlanıldı. Xəzər dənizində Azərbaycanın hərbi gəmilərinin yenilənməsi üçün Amerika ilə saziş imzalandı və Amerika hökuməti dəniz donanmasına üç ədəd motorlu qayıq hədiyyə etdi. Həmçinin 2006-cı ildə, Türkiyə Dəniz Donanması ilə birgə təlimlərə başlanıldı.
Azərbaycan ordusunun 44 günlük müharibə zamanı əldə etdiyi zəfərdə silahlı qüvvələrin bir çox qoşun növü xüsusi qəhrəmanlıq göstərib. Bunların arasında "dəniz pişikləri"ni xüsusi qeyd etmək olar. Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərən, əsasən dənizdə, quruda, sahilyanı ərazilərdə, su altında xüsusi əməliyyat fəaliyyəti göstərmək bacarığına malik olan dəniz piyadaları, xüsusi təyinatlılar Vətən müharibəsində aktiv iştirak edib. Onlar az olsalar da keçirdikləri əməliyyatlarda xeyli sayda düşmən məhv ediblər, hərbi qənimət götürüblər. Dəniz xüsusi təyinatlıları bir neçə yaşayış məntəqəsində, o cümlədən Qubadlı şəhərində Azərbaycan bayrağını ucaldıblar. Döyüşlərdə onlar doqquz şəhid veriblər. İkinci Qarabağ müharibəsində şahidlər müsahibələrində bildiriblər ki, "dəniz pişikləri" çox peşəkarlıqla döyüşürdülər.
Musa BAĞIRLI,
"Respublika".