“Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans
Region

“Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans

Gəncə

Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılıqları ilə müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın vitse-konsulu Şota Dolidze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə şəhər Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, QMİ-nin Qazılar şurasının üzvü Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının, o cümlədən şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və gənclər iştirak ediblər.

Konfransda ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.Şəhər rəhbəri Niyazi Bayramov bildirib ki, bugün milliyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir şəxs azərbaycançılıq ideologiyası ətrafında birləşib. Azərbaycançılığın milli məfkurəyə çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sonda, Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbələrinin ifasında “Sən, elə bir zirvəsən!” mahnısı ifa olunub.

Tədbirdən sonra, Gəncə Ekoloji Park Kompleksinin ərazisində ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Gəncə şəhər Nizami və Kəpəz Bələdiyyələrinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyası zamanı 101 ədəd “Xan çinarı” əkilib.

Zabit XƏLİLOV,

“Respublika.”