Hünər və şücaətin qəhrəmanlıq zirvəsi
CƏMİYYƏT

Hünər və şücaətin qəhrəmanlıq zirvəsi

44 günlük haqq savaşımızda Rəşad Arif oğlu Abdullayevi şəhidlik zirvəsinə ucaldan Vətən məhəbbəti olub. Çətin anda sinəsini sipər edib canı bahasına məkrli düşmənə layiqli cavab verib. Ölümsüzlüyə qovuşan Vətən sevdalısı əbədiyyət dastanı yazanda ömrünün 32-ci ilini yaşayıb. Onun ürəyindəki bütün istəklərin zirvəsində isə doğma Azərbaycanı azad, millətini, xalqını xoşbəxt görmək dayanıb.

Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Vətənə məhəbbət lap kiçik yaşlarında onun qəlb dünyasında özünə yer edib. Vətənpərvər ruhda boya-başa çatan Rəşadın Vətəninə, xalqına fayda vermək, başqasına təmənnasız xidmət etmək həyat amalı olub.

Azərbaycanın müqəddəs bir parçası olan Qarabağın yağı tərəfindən işğalı əzəldən Rəşadın çiyinlərində ağır yükə dönüb. Düşməndən qisas almaq üçün hərbçi olmağı ən düzgün peşə bilib. Odur ki, 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə (AAHM) oxuyub. Mükəmməl bilik qazanmaqla leytenant rütbəsi alıb. Damarında qanı coşan Rəşad tam özünü hərbiyə bağlamaq məqsədilə Təlim və Tədris Mərkəzinin zabit kursunu da yüksək səviyyədə başa vurub, Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində motoatıcı taboruna tank əleyhinə taqım komandiri göndərilib. Xidməti vəzifəsini layiqincə yerinə yetirib, əsgərlərin, zabitlərin sevimlisinə çevrilib. Bir ildən sonra XTQ kursu keçmək üçün ezam olunub, burada da iştirak etdiyi bütün sınaqlardan uğurla keçib. Onu 8 iyul 2012-ci ildə Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin ediblər. Yaxşı döyüş hazırlığı Rəşada kəşfiyyat əməliyyatlarında həmişə uğur qazandırıb. Cəsur zabit 2014, 2015, 2017, 2019-cu illərdə xarici ölkələrdə XTQ kurslarının, həmçinin qardaş Türkiyədə keçirilən "Tur-AZ Qartalı" təlimlərinin iştirakçısı olaraq adı ən peşəkar zabitlərin sırasında birinci çəkilib. Uğurlu xidmətləri nəzərə alınaraq "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubileyi", "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallara layiq görülüb.

Aprel döyüşlərində Rəşad birincilər sırasında odun-alovun içinə girib, yağıya qan qusdurub, əsl qəhrəman olduğunu sübut edib. Onun kimi igidlərin hesabına Lələtəpə yüksəkliyində üçrəngli qələbə bayrağımız dalğalanıb. Bu qələbə həm də 44 günlük haqq savaşımızın ilk təməl daşını qoyub. Tarix yazıb ağır sınaqdan üzüağ çıxan zabitimiz "Hərbi xidmətlərə görə" medalla təltif olunub, kapitan rütbəsinə yüksəlib. Qərargah rəisi, tabor komandiri vəzifələrində qaynar bölgələrdə xidmətini davam edib. Vətəni üçün yaşayıb, hər an düşmənlə döyüşüb canından keçməyə hazır dayanıb.

Kapitan Rəşad Abdullayevin hərbi dəstəsi Vətən müharibəsi başlanan günü qanlı döyüşlərə atılıb, komandir öndə olmaqla erməni dığalarını qıra-qıra Murov dağına tərəf üz qoyulub. Qısa müddətdə qəhrəman Vətən sevdalıları 34 erməni postunu alıb, Murova Azərbaycan bayrağı sancılıb. Qəhrəmanın sinəsinə güllə dəyib. 20 saat yaralı halda yüksək döyüş məharəti göstərərək düşmənə sarsıdıcı zərbələr vurub.

Daha sonra Rəşad Abdullayev Ağdərədə, Kəlbəcərdə gedən savaşlarda hünər göstərib. 2020-ci il sentyabrın 29-da son damla qanına qədər döyüşərək şəhadətə yüksəlib. Beləcə, Vətən sevgisi dillərdə əbədi dastana dönüb. Dövlət tərəfindən isə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Zəfər ORUCOĞLU.