İdman dövlətinin Olimpiya estafeti
İdman

İdman dövlətinin Olimpiya estafeti

Növbəti beynəlxalq yarışlara, Olimpiya Oyunlarına hazırlıq prosesi də yüksək səviyyədə aparılacaq

"Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançılarımız ən yüksək qiymətə layiq olmalıdır. Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. İndi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq". Bu fikirləri Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən deyib.

Azərbaycanın bu gün dünyanın aparıcı idman ölkələrindən biri olması beynəlxalq ictimaiyyət tərəfindən də təsdiqlənir. İdmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə əldə etdikləri nəticələr, Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri ölkəmizə bu statusu qazandırmışdır. Dövlətin nüfuzunu və onun beynəlxalq münasibətlər sistemindəki yerini bir sıra amillər müəyyən edir. Bu amillər sırasında beynəlxalq idman tədbirləri də xüsusi yer tutur və dövlətlər arasında əlaqələrin qurulmasına, mədəni, iqtisadi və siyasi əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Son illər hərtərəfli inkişafa nail olan Azərbaycan artıq güclü idman ölkəsi kimi tanınır. Ümumiyyətlə, qabaqcıl dövlətlər istər ölkədaxili, istərsə də beynəlxalq səviyyədə mədəniyyətin, idmanın inkişafına böyük diqqət yetirirlər. Çünki bu sahədə əldə olunan nailiyyətlər həmişə xalqın qürur mənbəyinə çevrilir, dünya ictimaiyyətində rəğbət doğurur.

Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmiş, ayrı-ayrı növlər üzrə güclü idmançılar yetişmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra idmanın inkişafına xüsusi önəm verilməsinə başlanılmış və idmançılarımızın beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında iştirakı təmin olunmuşdur. Həmin vaxtdan başlayaraq, xeyli sayda idman komplekslərinin, meydançaların, idman-sağlamlıq mərkəzlərinin tikilməsi, bəzilərinin yüksək keyfiyyətlə təmir olunması diqqət mərkəzində saxlanılmışdır. İdmana və idmançılara göstərilən dövlət qayğısı Azərbaycanın bu sahədə şöhrətini getdikcə artırmışdır. Bu gün idman böyük potensiala və imkanlara malik siyasi təsirin mühüm komponentlərindən biridir. Belə yarışlarda qalibin şərəfinə himn səsləndirildikdə və təmsil olunduğu dövlətin bayrağı qaldırılanda ölkənin nüfuzuna birbaşa təsir edir.

Cənab İlham Əliyevin 1997-ci il iyul ayının 31-də Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycanın idman tarixinə mühüm və əlamətdar hadisə kimi yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin müstəqil respublikamızda idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallaşmasına böyük imkanlar açdı. Bu dövrdən sonra ölkəmizdə idmanın və Olimpiya Hərəkatının yeni inkişaf mərhələsi başlandı, idmançıların sosial problemləri ilə bağlı bir sıra məsələlər öz həllini tapdı, federasiyaların işində dönüş yarandı. Milli Olimpiya Komitəsinin tabeliyində olan idman bazalarının əsaslı təmiri həyata keçirildi. İdmançıların məişət məsələlərinin qaydaya salınması, bütün kateqoriyadan olan idmançılara təqaüdlərin verilməsi, idmandan kənar düşmüş mütəxəssislərin geri qaytarılması, uşaq və yeniyetmələrin idmana cəlb olunması, yeni idman məktəblərinin açılması inkişafa təkan verdi. Gələcəyinə böyük ümidlər bəslənilən idmançılar və onların məşqçiləri üçün MOK tərəfindən təqaüdlərin verilməsi haqqında Əsasnamə təsdiqləndi.

Beynəlxalq Olimpiya və idman qurumları ilə əməkdaşlıq genişləndirildi. Azərbaycan Olimpiya Hərəkatı ilə bağlı bütün tədbirlərin fəal iştirakçısına çevrildi. Milli Olimpiya Komitəsi respublikada idmanın maddi-texniki bazasının yaradılması, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi sahəsində böyük uğurlar qazandı. Beynəlxalq Olimpiya Hərəkatının inkişafındakı müstəsna xidmətlərini yüksək qiymətləndirərək Beynəlxalq Olimpiya Komitəsi MOK-un prezidenti İlham Əliyevi ali mükafat - "Olimpiya Ordeni" ilə təltif etdi.

İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra da idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, respublikanın idman imicinin yüksəlməsinə çalışmışdır. İdmana dövlət qayğısı daha da artmışdır. Dövlət başçısı bütün regionlarda idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə, əlbəttə, gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.

Ölkəmiz ilk dəfə 1996-cı ildə Yay Olimpiya Oyunlarında iştirak etmişdir. O vaxt cəmi 1, 2000-ci ildə 3, 2004-cü ildə 5, 2008-ci ildə 7 və 2012-ci ildə 10 medal qazanıldı. Azərbaycan 2016-cı il Rio Yay Olimpiya Oyunlarında 18 medala sahib oldu. Medallardan 1-i qızıl, 7-si gümüş, 10-u isə bürünc olub. Ən çox qızıl medal qazandığımız yarış (hər birində 2 qızıl) 2000-ci il Sidney və 2012-ci il London Olimpiya Oyunları olub. Ümumiyyətlə, indiyədək komandamız bu yarışlarda 7 idman növü üzrə 42 medal qazanıb. Bunlardan 7-si qızıl, 11-i gümüş, 24-ü isə bürünc medaldır.

Bakıda ən yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Bütün müsəlman aləmində birinci yeri qazanmaq çox böyük tarixi nailiyyətdir. 2015-ci il Avropa Oyunlarında isə Azərbaycan komandası ikinci yeri tutdu. Bu illər ərzində atletlərimiz, həmçinin Qış Olimpiya Oyunlarında da iştirak etdilər. İlk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilən Qış Olimpiya Oyunlarında iştirak edən Azərbaycan atletləri, həmçinin Solt-Leyk-Siti-2002, Turin-2006, Vankuver-2010, Soçi-2014, Pxenyan-2018, Pekin-2022 olimpiadalarında da təmsil olundular. Azərbaycanın yeniyetmə idmançıları da bu illər ərzində dünya, Avropa, yeniyetmələrin Yay Olimpiya Oyunları və Avropa Gənclər Olimpiya Festivallarındakı uğurlu çıxışı ilə ölkəmizin bayrağını yüksəklərdə dalğalandırdılar. Ölkəmiz Sinqapur-2010, Nankin-2014 və Buenos-Ayres-2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında və Lozanna-2020 Qış Olimpiya Oyunlarında təmsil olundu. Yeniyetmələrin Yay Olimpiya Oyunları tarixi ərzində Azərbaycan 12 qızıl, 10 gümüş və 4 bürünc medala sahib olub. Olimpiya Oyunlarında əldə olunan bu nailiyyətlər cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan idmanının sürətlə inkişaf etdiyini göstərir.

Bu gün paytaxtımıza nüfuzlu idman yarışlarının keçirilməsinin həvalə edilməsi Azərbaycanın yüksək təşkilatçılıq potensialından xəbər verir. Artıq Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Ölkəmiz bu illər ərzində müxtəlif idman növləri üzrə bir sıra dünya, Avropa çempionatları ilə yanaşı, I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Avropa Gənclər Olimpiya Festivalına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, şahmat üzrə Dünya Kubokuna, Formula 1 üzrə Qran-Pri yarışlarına, UEFA Avropa Liqasının final qarşılaşmasına, Avro-2020-nin dörd oyununa və bir sıra nüfuzlu mötəbər idman yarışlarına da uğurla ev sahibliyi etdi.

Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilir, maddi-texniki baza möhkəmləndirilir. Bütün bu işlər idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında mühüm rol oynayır.

Ölkə başçısı qeyd edib ki, bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq və yeniyetmələr arasında idmanın inkişafına bundan sonra da diqqət göstərilməlidir. Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir: "Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq".

Mustafa KAMAL,

"Respublika".