İkinci Dünya müharibəsi və  Azərbaycanın misilsiz xidmətləri
Tarix

İkinci Dünya müharibəsi və  Azərbaycanın misilsiz xidmətləri

XX əsrdə bəşəriyyət iki dünya müharibəsi ilə üz-üzə qaldı. İkinci Dünya müharibəsi əhatə dairəsinə, iştirakçı dövlətlərin sayına, müharibənin aparılması metodlarına və vasitələrinə görə birincidən qat-qat dağıdıcı və dəhşətli idi. 1939-1945-ci illəri əhatə edən İkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başladı, 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatdı.

İkinci Dünya müharibəsi həm də ona görə fərqləndi ki, müasir beynəlxalq sistem məhz onun nəticələri əsasında formalaşdı. Dünya tarixində bu hadisəyə bir neçə amil səbəb oldu və onların öyrənilməsi müasir dönəm üçün də vacibdir. Çünki o zamanlarda baş verən hadisələrin oxşarını bu gün də müşahidə etmək olar. Müharibənin iştirakçıları iki cəbhəyə bölünmüşdü: nasist bloku (əsas iştirakçılar - Almaniya, İtaliya və Yaponiya) və antihitler koalisiyası (əsas iştirakçılar - SSRİ, ABŞ, Britaniya və Fransa). Birinci Dünya müharibəsindən sonra yaranan beynəlxalq sistem qüvvələr balansını və real siyasi vəziyyəti əks etdirmədi. Dəyişikliklərə ehtiyac var idi və həmin dəyişikliklər dinc yolla deyil, müharibə yolu ilə reallaşdı. Nəticədə 50-dən çox dövlət antifaşist koalisiyasında birləşdi, dünyanı faşizm taunundan xilas etdi.

Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük rolu var. Çünki xalqımız faşizm üzərində qələbənin əldə olunması üçün 600 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirib. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə "Şöhrət" ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında, Berlin uğrunda döyüşlərdə yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Qəhrəman Azərbaycan övladlarının keçdikləri döyüş yolu bu gün hər birimizə örnəkdir. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında isə sovet ordusu Polşada döyüşdüyü zaman Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Rəşid Məcidov Brandenburq darvazası üzərində Sovet bayrağını dalğalandırmışdı. Faşizmə qarşı mübarizədə 131 nəfər Azərbaycan SSR-nin vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) "Şöhrət" ordeninin tam üç dərəcəsinin kavaleri oldu. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını almışdılar. Ulu öndər Heydər Əliyevin dediyi kimi, "...İkinci Dünya müharibəsi əyani şəkildə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və rəşadət nümunələri göstərməyə qadir olan çox dözümlü və qəhrəman xalqdır. Faşizm üzərində qələbədən sonra xalqımızın keçdiyi yol Azərbaycanın gələcək milli azadlığına, müstəqilliyə gedən yol olmuşdur. Azərbaycan yüksək inkişaf yolu ilə getdi və böyük iqtisadi, intellektual potensial topladı. Bunların əsasında öz müstəqilliyini əldə etdi və dünya birliyində öz yerini tutdu".

O illərdə İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında Bakı neftinin böyük rolu olduğunu hər birimiz yaxşı bilirik. Bütün çətinliklərə rəğmən, neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin etdilər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradıldı. 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalatda tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4 faizini təşkil edirdi. Azərbaycan alimləri tərəfindən yüksəkoktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindəndir. Sovet aviasiyası məhz bu yanacağın istehsalından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu.

İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın iradəsi ilə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra Azərbaycanda sosial müdafiə tədbirləri geniş vüsət almaqla bərabər, İkinci Dünya müharibəsi iştirakçılarının da dövlət qayğısı ilə əhatə olunması istiqamətində mühüm addımların atılmasına, 9 May - Qələbə gününün yenidən dövlət bayramı kimi qeyd olunmasına başlanıldı. İkinci Dünya müharibəsi iştirakçılarına göstərilən bu böyük diqqət və qayğı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının müvafiq Fərman və Sərəncamı ilə İkinci Dünya müharibəsi əlillərinə və digər iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri təyin olunaraq ödənilir və ötən dövrdə bu təqaüdlərin məbləği mütəmadi olaraq artırılıb. Aylıq təqaüdlə yanaşı, bütün İkinci Dünya müharibəsi veteranları əmək pensiyası ilə təmin edilirlər və onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanır. May ayının 2-də Azərbaycan Prezidenti İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyevin 1941-1945-ci illər müharibəsi haqqında səsləndirdiyi fikirlər də örnək və nümunədir. Ölkə Prezidenti deyib: "Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk". Dövlət başçımız, həmçinin vurğulayıb: "Biz öz veteranlarımızı qorumalıyıq".

Mustafa KAMAL,

"Respublika".