İkinci Dünya müharibəsi veteranlarına qayğı ilə yanaşılır
Sosial həyat

İkinci Dünya müharibəsi veteranlarına qayğı ilə yanaşılır

9 may-faşizm üzərində Qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə uğrunda can qoymuşdur. Müharibədə iştirak edən hər bir vətəndaşımız sərhədlərimizdən çox-çox uzaqlarda vuruşmaqla həm də vətənimizin mənafeyini, ərazi bütövlüyünü qorumuşdur. 1941-1945-ci illərdə 700 mindən çox azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, qəhrəman oğullarımız Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı yüzlərlə yaşayış məntəqəsinin düşməndən azad edilməsi uğrunda rəşadətlə döyüşmüşlər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitməzdi.

Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirmiş, onlara hərtərəfli qayğı ilə yanaşaraq və sosial məsələlərinin həlli istiqamətində mühüm qərarlar vermişdir. Ulu öndər 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə demişdir: "Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur".

Bu tarixi qələbədə Azərbaycanın rolu əvəzsiz olmuşdur. Müharibədə oğul və qızlarımız döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidliklər, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünkü nəsillər üçün daim örnək olaraq qalacaqdır. Azərbaycan xalqının İkinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovun, İsrafil Məmmədovun, Hüseynbala Əliyevin, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, partizan hərəkatının fəal iştirakçısı Əhmədiyyə Cəbrayılovun, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür.

Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranlarına həssaslıqla yanaşır. Bu günlərdə 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı xüsusi qayğının növbəti təzahürüdür.

Bütün bunlar Azərbaycanın İkinci Dünya müharibəsində keçdiyi şərəfli yola yüksək hörmətin təzahürü kimi xalqımız və müharibə veteranları tərəfindən də alqışlanır.

M.MİRZƏ,

"Respublika".