İqtisadi strategiyada ekoloji problemlərin həlli prioritetdir
İqtisadiyyat

İqtisadi strategiyada ekoloji problemlərin həlli prioritetdir

Azərbaycanın gələcək hədəflərindən biri də yaşıl enerji sənayesinin inkişafını təmin etməkdir. Bakının ev sahibliyi edəcəyi COP29 sammiti bu istiqamətdə xüsusi önəm daşıyır.

COP beynəlxalq ictimaiyyətin bir araya gəlməsi və qlobal iqlim dəyişmələrinin həlli istiqamətində müzakirə aparması üçün mühüm bir fürsətdir. Bu tədbir ölkələr üçün iqlim siyasətlərinin həyata keçirilməsində və emissiyaların azaldılması hədəflərinə çatmaqda əldə edilmiş tərəqqinin qiymətləndirilməsi üçün platforma rolunu oynayır. COP mövcud tədbirlərin effektivliyini nəzərdən keçirmək, qiymətləndirmək, həmçinin əlavə tədbirlərə ehtiyac duyulan sahələri müəyyənləşdirmək imkanı verir.

Sammit beynəlxalq iqlim siyasətinin formalaşmasında və bu istiqamətdə sazişlərin hazırlanmasında mühüm rol oynayır. Ölkələr emissiyaların azaldılması, iqlimin maliyyələşdirilməsi, uyğunlaşma tədbirləri və texnologiya transferi kimi kritik məsələlər üzrə danışıqlar aparır və potensial olaraq sazişləri yekunlaşdırır. Bu sazişlər gələcək illərdə iqlim dəyişmələrinin aradan qaldırılması üçün qlobal səylərə zəmin yaradır. COP iqlim dəyişmələri ilə bağlı mürəkkəb və bir-biri ilə əlaqəli problemlərə ümumi həll yollarının tapılması istiqamətində ölkələrə birgə işləmək üçün imkan yaradır. Sammit medianın diqqətini, ictimaiyyətin marağını cəlb edir, iqlim tədbirlərinin aktuallığı və iqlim dəyişmələri ilə mübarizənin vacibliyi haqqında məlumatlılığı artırır. Həmçinin, vətəndaş cəmiyyəti qruplarına, qeyri-hökumət təşkilatlarına, bizneslərə və digər maraqlı tərəflərə müzakirələrdə iştirak etmək, təcrübə mübadiləsi aparmaq imkanı verir.

Bu istiqamətdə COP29 da qlobal iqlim gündəmini formalaşdıracaq və gələcək fəaliyyətin əhatə dairəsinə təsir edəcək. Əldə olunan razılaşmalar gələcək illərdə iqlim dəyişmələri ilə bağlı beynəlxalq səylərə istiqamət verəcək, davamlı əməkdaşlıq və möhkəm gələcəyə doğru irəliləyiş üçün zəmin yaradacaq. Azərbaycan hələ 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə Konvensiyanın Kioto Protokolunu, 2017-ci ildə isə Paris Sazişini ratifikasiya etməklə qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması istiqamətində beynəlxalq səylərə töhfə verib. Azərbaycanın qlobal emissiyalarda payının cəmi 0,15% olmasına baxmayaraq, ölkəmiz iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərə öz töhfəsini vermək üçün 2030-cu ilə qədər istixana effekti yaradan qaz tullantıları səviyyəsinin 1990-cı il səviyyəsindən 35 faiz aşağı salınmasını Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr sənədində hədəf kimi götürüb.

2021-ci ildə Paris Sazişi çərçivəsində müasir texnologiyalara əlçatanlığın təmin edilməsi və Konvensiyanın müvafiq mexanizmlərinin, həmçinin maliyyə institutlarının dəstəyi olacağı təqdirdə, 2050-ci ildə emissiyaların səviyyəsində 40 faiz azaldılma hədəfini bəyan edib. Ötən dövr ərzində könüllü öhdəliklərin yerinə yetirilməsi istiqamətində iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə bir sıra mühüm effektiv strategiya və siyasi sənədlər qəbul edilmiş, tədbirlər həyata keçirilmişdir. Ölkə başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə dair sənəddə yeni strateji mərhələdə iqtisadiyyatın davamlı və yüksək templə artması fonunda qlobal iqlim dəyişmələrinə cavab verən və əhalinin sağlam ətraf mühitdə yaşamını təmin edəcək yüksəkkeyfiyyətli ətraf mühitin təmin olunması vəzifəsi qarşıya qoyulub.

Ev sahibi Azərbaycan COP29 zamanı müzakirələrin, danışıqların və qərarların qəbulu proseslərinin asanlaşdırılmasında liderlik rolunu öz üzərinə götürür. Ölkəmiz iştirakçı ölkələr və maraqlı tərəflər arasında məhsuldar dialoq üçün əlverişli mühiti təmin etmək öhdəliyi daşıyır. COP29-a ev sahibliyi etmək Azərbaycana iqlim dəyişmələri ilə mübarizə və davamlı inkişafın təşviqi ilə bağlı öhdəliklərini nümayiş etdirmək imkanı verir. Sammiti təşkil etməklə ölkəmiz iqlim dəyişmələri ilə qlobal mübarizədə fəal rol oynamağa və bu aktual qlobal çağırışa həll yollarının tapılmasına töhfə verməyə hazır olduğunu sübut edir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı", Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli qərarı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı" təsdiq edilib. "Yaşıl enerji" zonasının yaradılması çərçivəsində bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən, istilik, soyutma və isti su təchizatında bərpaolunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Azərbaycan Respublikasının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişi üzrə iqlim dəyişmələrinin təsirlərinin, o cümlədən istixana effekti yaradan qazların azaldılması üzrə qoşulduğu təşəbbüslər, habelə Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr sənədindəki hədəflərə uyğun götürdüyü beynəlxalq öhdəliklərin icrası məqsədi ilə "Atmosferə atılan istixana effekti yaradan qazların idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Bu layihə atmosfer havasına atılan istixana effekti yaradan qazların ətraf mühitə zərərli təsirinin qarşısının alınması, təhlükəsinin azaldılması, karbon vahidləri ilə bağlı əməliyyatların aparılması işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Azərbaycanın hökumət rəsmiləri, vətəndaş cəmiyyəti təşkilatları, biznes qurumları, akademik dairələr və media da daxil olmaqla geniş spektrli maraqlı tərəflər də COP29-a hazırlıq işlərinə cəlb edilib. Müxtəlif perspektivləri və təcrübələri cəlb etməklə ölkəmiz müzakirələri genişləndirir, əməkdaşlığı gücləndirir və kollektiv iqlim fəaliyyətinə təkan verir. Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal iqlim siyasətini karbohidrogenlər və "yaşıl maliyyələşdirmə" ilə bağlı daha praqmatik istiqamətə yönəldir. İqlim dəyişmələri ilə bağlı qlobal fəaliyyət əmtəə bazarları və investisiya strategiyaları kimi müxtəlif sektorlarda getdikcə daha çox özünü göstərən əhəmiyyətli iqtisadi təsirə malikdir. Dünya miqyasında iqlim dəyişmələri probleminin həlli istiqamətində işlər genişləndikcə COP-a ev sahibliyi etməyə namizəd ölkələr meydana çıxır.

İqlim dəyişmələri iqtisadiyyatına diqqətin yönəldilməsi üçün siyasətin yenidən istiqamətləndirilməsi qlobal iqtisadiyyatda uzunmüddətli davamlılıq və rəqabət qabiliyyətini artırır. Bu, ölkələrə iqlim problemləri ilə bağlı riskləri minimuma endirməklə yanaşı, aşağı karbonlu iqtisadiyyata keçidi təmin etməyə və onlardan yararlanmağa imkan verir. Yanaşmanın tətbiqi innovasiyaya təkan yaradır, investisiya cəlb edir və COP-a ev sahibliyi edən ölkələri inkişaf etməkdə olan yaşıl iqtisadiyyatda lider kimi formalaşdırır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".