Keçmişdən bu günə: Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq tarixinin parlaq səhifələri
Tarix

Keçmişdən bu günə: Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq tarixinin parlaq səhifələri

Hər il sentyabrın 15-i Bakının daşnak-bolşevik işğalından azad edilməsinin ildönümü kimi qeyd edilir. 1918-ci ildə həmin gün Azərbaycan Ordusu ilə Qafqaz İslam (Türk) Ordusu tərəfindən Bakının işğaldan azad edilməsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti paytaxta köçdü və bununla da dövlət müstəqilliyinin özülü möhkəmləndirildi. Lakin bu qələbə minlərlə şəhidin qanı bahasına başa gəldi.

Bu gün istər ictimaiyyət arasında, istərsə də elmi dairələrdə belə bir fikir hakimdir ki, əgər 1918-ci ilin yayında türk qoşunları Azərbaycana gəlməsəydi, Bakını daşnak-bolşevik işğalından azad etmək mümkün olmayacaqdı, bununla da müstəqil Azərbaycan dövləti 1918-1920-ci illər tarixi sərhədləri çərçivəsində mövcud olmayacaqdı.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri və onun ətraf bölgələri Stepan Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında olduğundan, milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Müstəqil Azərbaycan Bakısız başsız bədənə bənzəyirdi. Xalq Cümhuriyyəti hökumətinin başlıca vəzifəsi Bakını işğaldan azad etmək idi. Milli hökumətin ixtiyarında olan cəmi 600 nəfərlik qüvvə ilə Bakı Sovetinin 12 minlik daşnak-bolşevik qoşununa qarşı hərbi əməliyyatlar keçirmək mümkün deyildi. Bakı Soveti ordusunun tərkibinin 60-70 faizini isə ermənilər təşkil edirdi.

Türk qoşunlarının Azərbaycana dəvət edilməsi ideyası hələ Azərbaycan Xalq Cümhuriyyəti elan edilməmişdən bir neçə ay öncə meydana çıxmışdı. Bu ideyanın əsas müəllifi Nəsib bəy Yusifbəyli idi. Cənubi Qafqazda üç müstəqil dövlətin yaranacağını əvvəlcədən hiss edən Nəsib bəy Yusifbəyli türk qoşunlarının yardımı olmadan Bakını işğaldan azad etməyin mümkün olmayacağı qənaətində idi. Ona görə də Nəsib bəy Yusifbəylinin təşəbbüsü ilə 1918-ci ilin əvvəlində Gəncədə Müsəlman Milli Şurasının iclası çağırılmış və Şuranın adından Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün İstanbula səlahiyyətli nümayəndə göndərmək qərara alınmışdı. Sonralar müstəqil Azərbaycanın təhlükəsizlik xidmətinin rəhbəri olan Nağı bəy Şeyxzamanlı (Keyqurun) İstanbula göndərilmişdi. O, əvvəlcə Osmanlı sultanı VI Vahidəddinlə və sədrəzəm Tələt Paşa ilə görüşmüşdür. Hərbi nazir Ənvər Paşa ilə görüşdükdən sonra isə onun ögey qardaşı Nuru Paşanın təlimatçı zabitlər heyəti ilə Azərbaycana göndərilməsi qərara alınmışdı.

Nuru Paşa Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən üç gün öncə - mayın 25-də Cənubi Azərbaycan üzərindən Gəncəyə gəlmişdi. O, Müsəlman Korpusunun vəziyyəti ilə tanış olduqdan sonra Türkiyə komandanlığına müraciət edərək bildirmişdi ki, türk qoşunları Azərbaycana gəlməsə, burada genişlənən erməni-bolşevik təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Nəsib bəy Yusifbəyli Cənubi Qafqaz Seyminin Müsəlman fraksiyasının mayın sonuna yaxın keçirilən iclasında demişdi: "Yalnız Azərbaycanı deyil, bütün Cənubi Qafqazı istila edən böyük, dəhşətli anarxiyanı biz öz qüvvəmizlə sakitləşdirə bilmərik. Şərq tərəfdən bolşeviklərin bizim əsrlik düşmənimizlə birləşərək hücum etməsi vəziyyəti daha da ağırlaşdırır və türk millətinə olduqca böyük müsibət və fəlakət gətirir. Belə olduğu halda, bizə xarici bir qüvvənin müdaxiləsini istəməkdən başqa çarə qalmır. İstiqlaliyyətimizin qızğın tərəfdarı olmaqla bərabər, mən bu məsələ haqqında birinci olaraq danışmaq məcburiyyətindəyəm. Fəlakətin üzünə cəsarətlə baxmaq lazımdır. Çox fərəhli haldır ki, bizimlə dost və qardaş olan Türkiyədir. Bəlkə bu bizim qonşuların xoşuna gəlməyəcəkdir, lakin başqa çarəmiz yoxdur... Bizim heyətin Batuma gedərək Cənubi Qafqaz türkləri adından Osmanlı dövlətindən yardım istəməsinin zamanı gəlmişdir".

1918-ci il iyunun 4-də Batumda Azərbaycan Cümhuriyyəti ilə Türkiyə arasında imzalanan dostluq və əməkdaşlıq haqqında müqavilənin 4-cü bəndinə əsasən Azərbaycan Türkiyədən hərbi yardım istəmişdi. Bundan sonra Türkiyənin Şərq qoşunları komandanı Vəhib Paşa Qafqaz İslam Ordusunu gücləndirmək məqsədilə Mürsəl Paşanın komandanlığı altında 5-ci diviziyaya Azərbaycana yola düşmək əmri vermişdi. Həmin diviziyanın hissə və bölmələri Gümrü-Cəlaloğlu (indiki Stepanavan) istiqamətində hərəkət edərək Gürcüstan ərazisinə daxil olmuş, oradan da Qazax yolu ilə Gəncəyə gəlib çıxmışdı.

Yeni qurulan Xalq Cümhuriyyətinin mövcudluğu isə ciddi təhlükə altında idi. Türk ordusunun əks-hücumu nəticəsində Şərqi Anadoludan geri çəkilən erməni quldur dəstəsinin komandanı Andranik Ozanyan keçdiyi ərazilər boyunca türk-müsəlman əhalisini soyqırımına məruz qoyaraq Naxçıvana gəlib çıxmışdı. O, 1918-ci ilin yayında Naxçıvanı Sovet Rusiyasının ayrılmaz hissəsi elan edərək orada Sovet hakimiyyətinin qurulduğunu bildirmiş və iyunun 4-də Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyana teleqram göndərərək dəstəsi ilə birlikdə Rusiya mərkəzi hökumətinin sərəncamına keçməyə və "Bakı Kommunası"na yardım göstərməyə hazır olduğunu xəbər vermişdi. Həmin teleqram barədə Leninə məlumat verən Şaumyan Andranikə cavabında yazırdı: "Culfa. Xalq rəhbəri Andranikə. Sizin 577 №-li teleqramınızı aldım. Tam mətnini Moskvaya - Mərkəzi hökumətə xəbər verdim. Öz tərəfimdən Sizin şəxsin əsl xalq qəhrəmanını salamlayıram".

Bakı Sovetinin bolşevik-daşnak ordusu Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 10-da Gəncə istiqamətində hücuma başlamışdı. İyunun 23-də Azərbaycan hökuməti ölkədə hərbi vəziyyət elan etmişdi.

İyunun 26-da Azərbaycan hökumətinin qərarı ilə Müsəlman Korpusu Xüsusi Azərbaycan Korpusu adlandırılmış, Əliağa Şıxlinski komandir təyin edilmişdi. Bu vaxt Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifə Bakını bolşevik-daşnak işğalından azad etmək və dövlətin ərazi bütövlüyünün bərpasına nail olmaqdan ibarət idi. Nuru Paşa öz qoşunlarına müraciətində: "Bizim məqsədimiz - Bakıdır" demişdi. İyunun 27-də Türkiyə-Azərbaycan qoşunları Bakı üzərinə hücuma keçmişdi. Həmin vaxt artıq erməni-rus hərbi birləşmələri Bakını, Qubanı, Şamaxını viran qoymuş, sovet Rusiyasının hərbi yardımına arxalanaraq Göyçay istiqamətindən Gəncə üzərinə hücuma başlamışdı.

Azərbaycan-Türkiyə qoşunları ilə erməni-bolşevik qoşunları arasında ilk döyüş iyunun 16-18-də Göyçaydan 20 verst şərqdə yerləşən Qaraməryəm kəndi yaxınlığında baş vermiş və düşmənlər oranı ələ keçirmişdilər. İyunun 19-da Nuru Paşanın tapşırığı ilə döyüş cəbhəsinə yeni qüvvələr göndərilmişdi. Döyüşlər əsasən Qaraməryəm-Ağsu şosesi və Müsüslü-Kürdəmir dəmir yolları ətrafında gedirdi. Qafqaz İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi Bakını azad etmək uğrunda mübarizədə dönüş nöqtəsi oldu. İyulun əvvəlində Türkiyədən köməyə gələn əsgər və zabitlərin sayı 10 min nəfərə çatırdı. İyulun 10-da Qafqaz İslam ordusu Kürdəmiri erməni-bolşevik işğalından azad etdi. Dörd gün sonra isə Kərrar stansiyası azad olundu. Sol cinahda (Şamaxı istiqamətində) və sağ cinahda (Salyan istiqamətində) Qafqaz İslam Ordusunun qüvvələri, mərkəz cinahda isə Azərbaycan qoşunları (Kürdəmir istiqamətində) Bakı üzərinə hücuma keçmişdilər. S.Şaumyanın başçılığı ilə Bakı Xalq Komissarları Soveti Rusiyanın İran ərazisindəki qoşunlarının tərkibindəki kazak dəstələrinin komandiri L.Biçeraxovu köməyə çağırmağa məcbur olmuşdu. İyulun 19-da Qırmızı ordu hissələri Şamaxı istiqamətində geri çəkilmiş, iyulun 27-də Hacıqabul işğaldan azad edilmiş və Bakı üzərinə hücum üçün əlverişli şərait yaranmışdı.

İyulun 25-də Şamaxı yolunun üstündə olan düşmən qüvvələr Bakıya qədər geri çəkilir. Həmin gün Bakı Sovetinin iclasında sağ eserlər, daşnaklar və menşeviklər ingilis qoşunlarını Bakıya dəvət edirlər. İyulun 31-də türk qoşunları Heybət stansiyasından irəliləyərək Xırdalanı azad edir. Bakı Soveti istefa verməyə məcbur olur. Sentrokaspi Diktaturası və Fəhlə, Əsgər Deputatlarının Müvəqqəti İcraiyyə Komitəsi Rəyasət Heyəti adlanan yeni hakimiyyət orqanının yaradıldığı elan edilir. Avqustun 1-də Türkiyə-Azərbaycan Qoşunlarının Şimal Qrupu Qurd qapısını ələ keçirsə də onu əldə saxlamaq mümkün olmur. Avqustun 6-da Qafqaz İslam Ordusunun qərargah rəisi Nazım bəy Qobuya gəlir və Şərq Cəbhəsində vəziyyətin ürəkaçan olmadığını görür, 15-ci türk diviziyasının bütünlüklə Bakı ətrafına göndərilməsini təklif edir.

Avqustun 17-də Denstervilin komandanlığı ilə ingilis qoşunları Bakıya gəlir. On gündən sonra yenidən hücum əməliyyatları başlayır. Azərbaycan-Türkiyə qoşunları Fatmayı, Goradil, Pirşağı, Kürdəxanı və Novxanı kəndlərini azad edir. Sentyabrın 1-də Binəqədi azad edilir. Sentyabrın 8-də 15-ci diviziya Bakı cəbhəsinə çatır. İki gün sonra Qafqaz İslam Ordusunun Komandanı Nuru paşa da Bakı ətrafına gəlir. Şəhər üzərinə hücum sentyabrın 14-nə keçən gecə saat 1-də başlayır. İngilis qoşunları bir az müqavimət göstərdikdən sonra gəmi ilə Ənzəliyə çəkilir.

Sentyabrın 15-də Xəlil paşanın sərəncamına keçmiş Türkiyə qoşunları səhər saat 5:30-da Bakı üzərinə həlledici hücuma keçir. Üç saat sonra isə Əhmədli və Qaraşəhər yüksəklikləri ələ keçirilir. Günortadan sonra şəhər ingilis, Sentrokaspi və daşnak qoşunlarından tamamilə təmizlənir. Sentyabrın 16-da parlaq qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirilir. Paradda Nuru paşa, Xəlil paşa, general Əliağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri, Bakı və ətraf kəndlərin sakinləri iştirak edirlər.

Paraddan sonra adları çəkilən şəxslər və hökumət rəsmiləri qoşun bölmələrinin müşayiətilə Bakıya daxil oldular. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Bu münasibətlə hökumətin yerləşdiyi Kişi Gimnaziyasının qarşısında şəhər ictimaiyyətinin əzəmətli nümayişi keçirildi. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə başlanıldı.

1918-ci il noyabrın 10-da Filarmoniyanın binasında Azərbaycan hökuməti Nuru Paşanın şərəfinə böyük bir ziyafət təşkil etdi. Ziyafətdə Azərbaycanın görkəmli dövlət xadimləri M.Ə.Rəsulzadə, F.Xoyski, N.Yusifbəyli və H.Ağayev çıxış edərək Nuru Paşanın xilaskar missiyasını yüksək qiymətləndirdilər.

Təkcə Bakının azad edilməsi zamanı 1000 nəfərə yaxın döyüşçü həlak oldu. Avqust ayı ərzində həlak olan 1130 türk hərbçisindən 30 nəfəri zabit idi. Ümumiyyətlə, xilaskar türk ordusu Azərbaycan uğrunda 5 minə yaxın şəhid verdi. Gəncədən Bakıya doğru irəliləyən türk ordusunun verdiyi qurbanların məzarları Göyçay, Hacıqabul, Salyan, Şamaxı və Abşeron rayonlarının ərazilərində aşkar edilib və bu gün onların xatirəsi müntəzəm olaraq yad edilir. Xilaskar türk ordusunun xatirəsinə bu gün Bakının Şəhidlər Xiyabanında abidə ucaldılıb. Şəhid türk əsgərlərinin bir qisminin adları mərmər lövhələrə həkk olunub.

Birinci Dünya müharibəsinin sonunda - 30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən Osmanlı ordusu Cənubi Qafqazdan geri çəkilmək məcburiyyətində qalmışdı. Yeni qurulan Azərbaycan ordusu xarici dövlətlərdən hərbi-siyasi dəstək alan Ermənistanın təcavüzünə qarşı təkbaşına mübarizə aparmalı olmuşdu.

Bakının işğaldan azad edilməsinin ildönümündə - 1919-cu il sentyabrın 15-də "Azərbaycan" qəzeti yazırdı: "Əgər mayın 28-ni biz müstəqilliyimizin rəsmi elan edilməsi günü sayırıqsa, sentyabrın 15-də Azərbaycan qoşunlarının və Azərbaycan hökumətinin Bakıya daxil olmasını müstəqilliyin həqiqətən də əldə edilməsi, dövlətçiliyin başlıca əsaslarının və özülünün qoyulması günü hesab edə bilərik".

Həqiqətən də əgər xilaskar türk ordusu sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin özülü möhkəmləndirilməsəydi, bu gün onun varisi olan müstəqil Azərbaycan dövləti ya mövcudluğunu qoruyub saxlaya bilməyəcəkdi, ya da indiki ərazi miqyasında mövcud olmayacaqdı. 1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyulsa da 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu abidənin inşasının başa çatmasına imkan vermədi. Lakin Azərbaycan xalqı türk ordusunun Bakının işğaldan azad edilməsi üçün göstərdiyi qəhrəmanlıqları, verdiyi qurbanları həmişə ehtiramla yad edir.

1919-cu il oktyabrın 29-da Osmanlı imperiyası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında üç maddədən və 12 bənddən ibarət hərbi ittifaq haqqında məxfi saziş imzalanmışdı. Həmin sazişin mətnini ingilis kəşfiyyatı əldə edərək Ermənistan tərəfinə ötürmüşdü və sazişin rus dilində olan mətni hazırda Ermənistan dövlət arxivində saxlanılır. Sazişi Osmanlı dövləti adından Baş qərargah rəisi Camal Paşa, Azərbaycan tərəfdən isə Cümhuriyyətin səlahiyyətli müvəkkili M.Kərimov imzalamışdılar. Sazişin 1-ci maddəsində təsbit edilirdi ki, Xilafətin, Osmanlı dövlətinin və Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyünə qarşı hər hansı xarici qüvvə tərəfindən təhdid olarsa, dövlətlər bir-birilərini müdafiə etməyi öhdələrinə götürürlər. Əgər Müttəfiq dövlətlərdən biri hücuma məruz qalarsa, yaxud təhlükəli vəziyyətə düşərsə, digər dövlət ona hərbi qüvvə ilə kömək etməyi öz öhdəsinə götürür.

Türkiyə yüz il əvvəl olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onu ilk tanıyan Türkiyə Cümhuriyyəti oldu. İki qardaş dövlətin ortaq tarixinin yeni parlaq səhifələri yazıldı.

1992-ci ilin avqust ayında Ankarada "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə"nin imzalanması ilə Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının əsası qoyuldu.

9 fevral 1994-cü il tarixində "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə", "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol", eləcə də 16 avqust 2010-cu il tarixində "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" imzalanmışdır.

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın hüquqi əsaslarla həyata keçirilməsini təmin etmək məqsədilə iki ölkə arasında 20 sentyabr 2000-ci ildə "Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" müqavilə imzalanmışdır.

ASELSAN tərəfindən Azərbaycan ordusunun müasir avadanlıqlar və texnika ilə təmin edilməsi məqsədilə 1998-ci ildə Azərbaycanda "ASELSAN-Bakı" şirkəti yaradılıb. Şirkət hərbi məhsulların təmiri və texniki dəstəklə yanaşı, mülki məhsulların satışı və digər xidmətlər göstərir.

2023-cü ilin aprel ayından etibarən Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsal edən "Baykar" şirkəti Azərbaycanda fəaliyyətə başlayıb. "Baykar Teknoloji Azerbaycan" şirkəti süni intellektlə işləyən insansız sistemlərin tədqiqi və inkişafı, insansız platformalar, fabrik səviyyəsində texniki xidmət, pilotluq, texniki xidmət hazırlığı, texniki dəstək, logistika koordinasiyası sahələrində fəaliyyət göstərir.

Azərbaycanın NATO ilə əməkdaşlıq sahəsində imzalanmış sənədləri çərçivəsində Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi missiyasını həyata keçirir. İki ölkə arasında hərbi təhsil, kadrların hazırlanması sahəsində əməkdaşlığın inkişafı prioritet sahələrdən biridir.

15 sentyabr 2018-ci ildə Bakının erməni-bolşevik işğalından qurtuluşunun 100 illiyi münasibətilə keçirilən hərbi paradı izləmək üçün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olmuşdur.

Azərbaycan torpaqlarının Ermənistan ordusu tərəfindən işğalına son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi ərəfəsində 13 avqust 2020-ci ildə Prezident İlham Əliyev Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güləri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul etmişdir.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən plana uyğun olaraq 2020-ci il iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.

44 günlük müharibənin gedişində Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən dövlətlərdən gələn jurnalistlər iddia edirdilər ki, Türkiyənin hərbi hava qüvvələrinin qırıcıları Azərbaycan tərəfdən Ermənistan ordusuna qarşı hücumlarda iştirak edir. 9 oktyabr 2020-ci ildə "CNN International" televiziya kanalının "The Connect World" verilişində müsahibəsi zamanı jurnalistin "Sizin bazalarınızın birində türk F-16 qırıcı təyyarəsinin olmasına dair peyk təsvirlərini görmüşük. Siz F-16 qırıcı təyyarələr almamısınız. Beləliklə, Azərbaycan üçün güclü dəstəyi nəzərdə tutan F-16 qırıcı təyyarələrin yerdə olması doğrudurmu?" sualına Prezident İlham Əliyev belə cavab vermişdi: "Siz yerdə dedikdə mən sizinlə razıyam. F-16 qırıcı təyyarələr Azərbaycanda hərbi təlimlərdə iştirak etmək üçün gəlmişdi. Keçən il Azərbaycan və Türkiyənin birgə 10 hərbi təlimi olmuşdur. Türkiyə bizim müttəfiq ölkədir və burada hərbi təlimlərin, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi adət olunan haldır".

Türkiyə qırıcı təyyarələri 44 günlük müharibənin sonunadək "Nasosnı" (H.Z.Tağıyev qəsəbəsi) hərbi hava limanında start vəziyyətində dayanmışdı. Bu addım Ermənistanın hərbi hava qüvvələrinin Azərbaycan ərazisini bombalamaq niyyətinin qarşısını aldı.

10 dekabr 2020-ci ildə Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Zəfər paradında Prezident İlham Əliyev demişdir: "Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstəririk. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının siyasi və mənəvi dəstəyi mühüm rol oynadı".

15 iyun 2021-ci ildə Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasını təmin etmək məqsədilə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azad Şuşada "Şuşa Bəyannaməsi"ni imzaladılar. Bu Bəyannamə ilə iki qardaş dövlət arasında münasibətlərin yeni parlaq səhifəsi açıldı.

Bəyannamədə yazılır: "Tərəflərdən hər hansı birinin fikrincə onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır".

Bu müddəanın Bəyannamədə öz əksini tapması bu gün Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik mövqeyi tutan dövlətlər üçün çox mühüm ismarışdır. Tarixin səhifələrini vərəqlədikcə, bir daha aydın olur ki, Azərbaycan türkləri istər Balkan müharibəsində, istər Birinci Dünya müharibəsində, istərsə də milli mücadilə illərində Türkiyənin ərazi bütövlüyünün qorunmasında və işğalçı ordulara qarşı mübarizəsində fəal iştirak etmişlər. Türk ordusunun Çanaqqala cəbhəsində Antanta qüvvələrinə, İraq cəbhəsində ingilislərə, Şərqi Anadoluda ermənilərə qarşı döyüşlərdə azərbaycanlı könüllülər öz canlarını fəda etmişlər. 1918-ci ildə Qafqaz İslam Ordusunun Azərbaycanı daşnak-bolşevik işğalından qurtulmasında göstərdiyi xilaskarlıq missiyası haqqında istər Türkiyədə, istərsə də Azərbaycanda çoxsaylı əsərlər yazılmışdır. İki qardaş xalqın ağır günlərdə bir-birinin yardımına yetmələrini özündə əks etdirən tariximizin müştərək və şanlı səhifələri mövcuddur.

Ümummilli lider Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" kəlamı iki qardaş dövlətin strateji yol xəritəsinə çevrilib. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, dünya dövlətləri arasında Azərbaycanla Türkiyə kimi bir-birinə yaxın və qardaş olduğu qədər ikinci bir nümunə yoxdur. Bu qardaşlıq tarixin sınaqlarından hər zaman üzüağ çıxmışdır.

Nazim MUSTAFA,

tarix üzrə fəlsəfə doktoru,

AMEA A.A.Bakıxanov adına

Tarix və Etnologiya İnstitutunun

böyük elmi işçisi.