Kənd əməkçilərinin təsərrüfat qayğıları
Bölgələr

Kənd əməkçilərinin təsərrüfat qayğıları

Salyan

Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər "ağ qızıl"ın alış qiymətinin artırılması barədə hər il yeni qərar qəbul edirlər. Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariel Atamalıyev söhbət zamanı bildirdi ki, cənab Prezident pambıqçı əməyinə daim qayğı və diqqət göstərir. Əvvəllər pambıq istehsalında, emalında, hazır məhsulun satışında mövcud olan süni əngəllər artıq aradan qaldırılmışdır.

Pambığın alış qiymətinin hər il artırılması bu qayğının daha bir parlaq nümunəsidir. İndi məhsulun əkilib-becərilməsində maşın-mexanizm, dərman preparatları sarıdan çətinlik yoxdur. Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə alış qiymətləri 2023-cü ildən məhsulun hər tonuna 1-ci növün qiyməti 800 manata, 2-ci növün qiyməti 780 manata, 3-cü növün qiyməti 740 manata, 4-cü növün qiyməti isə 700 manata qaldırılıb. Qeyd edək ki, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Təhvil verilən pambığın hər tonuna görə fermerlər bu mövsümdə 180 manat deyil, 190 manat subsidiya alacaqlar. Bu qərar fermerlərin məhsul istehsalına həvəsini daha da artırır. Salyan rayonunda 41500 hektar əkinəyararlı sahə var. Ötən təsərrüfat ilində rayonda 8682.3 hektar pambıq əkilib-becərilmiş, hər hektardan 30.27 sentner məhsul əldə edilmişdir. 2024-cü il üçün pambığın əkin sahəsi ("P-Agro" MMC 2300, "Azərpambıq" MMC 1060,7 "Az Təsərrüfat" MMC Salyan Aqroparkı 3995,5, "MKTİK" MMC 2707,14 hektar olmaqla) ümumilikdə 10.063.6 (on min altmış üç) hektara çatdırılmışdır. Şirkətlər üzrə 1185 istehsalçı fermerlə müqavilə bağlanmışdır. Məhsulun qəbulu vaxtı fermerlərə yüksək səviyyədə diqqət və qayğı göstərilir, verilən məhsulun növlərinin təyin edilməsi və qiymətinin dəyərləndirilməsində neqativ hallara yol verilmir. Əlbəttdə, fermerlər onlara yaradılan bu münbit şəraitə və dəstəyə görə cənab İlham Əliyevə minnətdarlıqlarını bildirərək, məhsuldarlığın bu il daha yüksək olacağını əminliklə bəyan edirlər. Əkin sahələrində yüz faiz çıxış əldə olunub, hazırda sahələrdə 3-cü, 4-cü becərmə işləri aparılır, tarlalarda yüksək səviyyədə aqrotexniki qulluq göstərilir. Pambıq sahələrində dərmanlama işlərini vaxtlı-vaxtında həyata keçirmək üçün lazımi aqreqatlar vaxtında hazır vəziyyətə gətirilmişdir.

Rayonda ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın inkişaf etdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət rəhbəri tərəfindən göstərilən qayğını, dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafına xüsusi maraq göstərir. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun kənd əməkçiləri ilə görüşləri, fermerlərə qayğısı öz bəhrəsini verir. Belə ki, rayonda 2023-cü ilin məhsulu üçün 16879 hektar sahədə dənli bitki əkilmişdir. Onun 8223 hektarı buğda, 8656 hektarı arpa olmuşdur. Cari ilin məhsulu üçün 13927 hektar sahədə dənli bitkilərin əkini aparılıb ki, onun 5695 hektarı buğda, 8232 hektarı arpadır. Biçinin itkisiz və mütəşəkkil həyata keçirilməsi üçün 44 ədəd taxılbiçən kombayndan istifadə etməklə rayonda dənli bitkilərin biçini başa çatmışdır. Buğdanın hər hektarından 48,03, arpadan isə 37,17 sentner məhsul əldə edilib. Məhsul boldur, fermerlərin qayğıları isə çoxdur. Əminliklə deyə bilərik ki, Salyan rayonu bu təsərrüfat ilini də uğurla başa vuracaq.

Ərəstun ABDULOV,

"Respublika".